Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Silahlı Qüvvələri 101 yaşını qeyd edir

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu.

Azerbaycan ordusu

Ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Belə ki, Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu və nizami ordu yaradıldı. Cəbhə bölgələrinə gedən ali baş komandan Heydər Əliyev atəşkəsə nail oldu. Bundan sonra isə müasir ordu quruculuğu fundamental əsaslarla inkişaf etməyə başlayıb.

Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, silahlı qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Azərbaycan Silahlı Qüvvələrinin 101 illik yubileyi ilə əlaqədar ölkədə və xaricdə müxtəlif tədbirlər keçirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »