Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə seçki: İmamoğludan Yıldırımın “halallaşaq” müraciətinə cavab gəldi

İstanbulda təkrar bələdiyyə seçkiləri keçirilir. 31 martda bütün ölkədə keçirilən bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələrinin ləğvindən sonra təkrar seçki 23 iyuna təyin edilmişdi.

Bizimyol.info xəbər verir ki, İstanbulun bələdiyyə başqanını seçmək üçün səsvermə hüququ olan 10 milyon 560 min 963 nəfər seçici var. İstanbulda seçki məntəqələrində ümumilikdə 31 min 342 seçki qutusundan çıxacaq səslər yeni başqanın kimliyini müəyyənləşdirəcək.

Səsvermə yerli vaxtla səhər saat 8.00-da başlayıb, 17.00-a qədər davam edəcək.

Mübarizənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizəd Binəli Yıldırım ilə müxalift Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu arasında gedir. Onların hər ikisisi, eləcə də prezident Rəcəb Tayyib Ərdoğan, müxalifət liderlərindən İyi Partinin başqanı Meral Akşener, parlamentin sədri Mustafa Şentop, keçmiş baş nazir Tansu Çillər və başqa tanınmışlar səsvermədə iştirak edib, seçki ilə bağlı fikirlərini bölüşüblər.

“Təəsüüf ki, 31 martdan sonra baş verənlərdən sonra Yüksek Seçim Kurulunun (Mərkəzi Seçki Komissiyası) qərarıyla təkrar seçki keçirilməsi zərurəti yarandı. Bu gün İstanbulumuzda bu seçimi gerçəkləşdiririk. Düşünürəm ki, İstanbul seçiciləri İstanbul üçün faydalı qərarı verəcək. Xeyirli olsun”, - Ərdoğan belə deyib.

Əkrəm İmamoğlu səsverməyə həyat yoldaşı Dilək İmamoğlu və oğlu Mehmet Selim İmamoğlu ile birlikdə gedib. O, səsvermədən sonra jurnalistlərə açıqlamasında Türkiyə və İstanbul adına çox önəmli bir seçim yaşadıqlarını vurğulayıb: “Şəhərimizə və ölkəmizə xeyirli olsun. Xeyirlərə vəsilə olsun!”

Jurnalistlər İmamoğluya AKP-nin namizədi Binəli Yıldırımın halallıq istəməsini xatırladıblar.

B.Yıldırım “bilərəkdən və ya bilməyərəkdən istanbullu qardaş-bacımıza, rəqiblərə qarşı səhv davranışımız olubsa, haqsızlıq etmişiksə, halallıq istəyirəm”, - demişdi.

Ə.İmamoğlu rəqibinin bu sözlərinə belə cavab verib: “Hesab edirəm ki, bu seçimin bir çox məsələlər baxımından bundan sonra seçkilərin stratejilərinə qatqısı olacaq. O baxımdan, əlbəttə, halallaşaq. Əlbəttə, hər kəs haqqını halal etsin. Amma bundan sonra da həmin səhvləri bir daha təkrarlamayaq...”

Bu il martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Həmin seçkidə Ə.İmamoğlunun təqribən 13 min səs fərqi ilə seçkini udduğu açıqlanıb. O, hətta 18 gün İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəhbəri kimi də fəaliyyət göstərib.

Amma hakim partiyanın şikayətinə əsasən İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanlığına seçkinin nəticələri ləğv edilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanlığına 20-yə yaxın namizəd var.

Son xəbərlər
Bütün xəbərlər »