Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəqsanənin qızı: “Fəvvarələr bağı"nda şoka düşdüm…” - Müsahibə

Aysun İsmayılova: “Falçiya dedim ki, “bax gör, mənim işim-gücüm, ərə getməyim necə olacaq?”

Musavat.com-un bu dəfəki müsahibi müğənni Rəqsanə İsmayılovanın qızı, gənc müğənni Aysun İsmayılovadır. Onunla maraqlı müsahibəni təqdim edirik:

- Aysun xanım, fəaliyyətinizdə hansı yeniliklər var?

- Hər şey yaxşılığa doğru gedir. Hər bir işimdə, layihəmdə uğur əldə edirəm. Bu əslində bir çox gəncin arzuladığı, lakin bacarmadığı bir qabiliyyətidir. Düşünürəm ki, bu işləri yaxşı bacarıram və buna görə özümlə qürur duyuram.

- Bacarıqlı olmağınızda yəqin ki, ananızın nüfuzunun da təsiri var...

- Əlbəttə. Mən hər zaman demişəm ki, Rəqsanə İsmayılovanın qızı olmasaydım qısa zamanda bu qədər uğur qazana bilməzdim. Çünki məndən sonra bu sənətə gələn xeyli gənc var ki, bəlkə də çox çalışırlar, amma öndə deyillər. Mən isə 6 yaşımdan şou-biznesin içərisindəyəm. Hər kəs məni Rəqsanə xanımın qızı kimi tanıyır və hardasa onun nüfuzu mənə kömək olur. Lakin mənim kimi bir çox məşhurların övladları bu sənətdə çalışmaq istəyib, düşünürəm ki, onlar mənim qədər uğur əldə edə bilməyib.

- Bəs, sizcə onlardan fərqli olaraq, uğur əldə etməyinizin sirri nədədir?

- Tənbəl olmamağım, daim üzərimdə işləməyim, işimi sevməyimdədir. Anamın sayəsində tanınmışam, amma özüm də əziyyət çəkmişəm və bəhrəsini görmüşəm. Ətrafımdakı insanlar artıq özümə görə hörmət edir, məni sevirlər. Beləliklə, daha çox çalışdıqca, daha çox uğur əldə edirəm.

- Sənət baxımından Rəqsanə xanımla aranızda hansı fərqlilikləri görürsünüz?

- Mən pop ifaçısıyam, fərqimiz sadəcə bundadır. Həmçinin səs tonlarımızda da xeyli fərqlilik var. Məsələn, anam hansı səsdən desəniz oxuya, hətta muğam da ifa edə bilər. Amma mən hələ ki, o səviyyəyə çata bilməmişəm. Əlbəttə ki, anam uzun illərdir ki, bu sənətdədir, həmçinin hələ ki, mənim musiqi təhsilim yoxdur və sairə, buna görə.

- Bəs, musiqi təhsil almağı, bu sənəti peşəkarcasına öyrənməyi düşünürsünüzmü?

- Əlbəttə, düşünürəm. Çünki gələcək üçün çoxlu planlarım, layihələrim var. İnanıram ki, istədiklərimə nail olacam.

- Artıq bir müddətdir ki, şou-biznesə qatılmısınız. Bundan əvvəl şou-biznes kənardan sizin üçün necə görünürdü və indiki təəssüratlarınız necədir?

- Şou-biznesi kənardan izləyə bilməmişəm, çünki bir az öncə qeyd etdiyim kimi uşaqlıqdan bu sahənin içindəyəm. Mənim 6 yaşım olanda anam artıq tanınmış müğənni idi. Xatırlayıram ki, o vaxt anam və sənət yoldaşları tez-tez söhbətlər aparar, müzakirələr edərdilər. Yəni, həmişə şou-biznesin içərisində olmuşam. Şou-biznes o vaxt mənim üçün necə idisə, indi də o cürdür. Düşünürəm ki, bəzən insanlar müğənniləri düzgün təqdim etmirlər. Bu sənət çox maraqlı, həm də çətin, istedad tələb edən sənətdir. Axı hər kəs səhnəyə çıxıb oxuya, ekran qarşısına çıxıb danışa bilməz və sairə. Qeyd etdiyim kimi, əslində şou-biznes başqa dünyadır, sadəcə insanlar onu düzgün təqdim etmir. Fikrimcə bunun da səbəbkarı şou-biznesin içərisində olan bəzi adamlardır ki, onları dedi-qodularından bu cür təsəvvür yaranır. Məsələn, düşünürlər ki, əgər hansısa müğənni doğru olmayan addım atırsa, deməli bunu hamısı və ya əksəriyyəti edir. Bu cür yanaşma doğru deyil. Tez-tez şahidi oluruq ki, müğənni bir qədər açıq-saçıq geyinən kimi onu topa tuturlar. Amma bu yaxınlarda "Fəvvarələr bağı"na gəzməyə çıxanda şoka düşmüşdüm. Elə geyimdə insanlar gördüm ki, onların tərzində olan geyimləri müğənnilər səhnəyə geyinəndə topa tutulurlar. Şəxsən mən adi həyatda açıq-saçıq geyimlərdən istifadə etmirəm. Elə düşünürəm ki, hər kəs mənə baxar. Amma efir, səhnə başqadır. Mən orda tamam başqa cür oluram və belə də olmalıdır. Əslində müğənni açıq-saçıq geyinməlidir, çünki bu sənət onu tələb edir, səhnədə şou göstərilməlidir. Adi insanlar geyinəndə deyirlər ki, "nə gözəl görünürsən", amma müğənni geyinəndə pis olur (gülümsəyir).

- Bu məsələdən söz düşmüşkən, bu yaxınlarda Rəqsanə xanımın açıq-saçıq poza verdiyi son foto da qalmaqala, söz-söhbətə səbəb olmuşdu...

- Bir qızı, övladı olaraq mən buna heç də pis baxmıram. Çünki Rəqsanə 4 uşaq anasıdır, müğənnilik onun sənətidir... Maraqlıdır, Ceylo edəndə nə yaxşı hamı ağzını açıb baxır. Əgər 39 yaşlı, 4 uşaq anası öz qızından belə incədirsə, niyə də açıq-saçıq poza verməsin? Bu onun sənətidir, etməlidir də...

Təsəvvür edin, bir azdan anamın 40 yaşı olacaq, mənim kimi böyük qızı var, amma çəkisi 49 kilodur. Yəni, əgər ideal bədəni varsa, niyə sənəti üçün açıq-saçıq geyinməsin? Bağlı geyinəndə deyirlər ki, "qıjı"dır, geyimini bilmir, açıq geyinəndə deyirlər əxlaqsızdır. Əgər açıq-saçıq geyinirəmsə, bu mənim şəxsi işimdir, axı mən heç kimin həyatını müzakirə etmirəm, niyə mənim və ya anamın geyimi müzakirə olunmalıdır?

- Bu cür tənqidlərlə qarşılaşanda, reaksiyanız necə olur?

- (gülür), bu yaxınlarda ilk dəfə olaraq verilişlərin birinə dərin dekolteli geyimdə getmişdim. Çox insan bunu bəyəndi, amma bəyənməyənlər daha çox oldu.

- Sizcə səbəb nədir: qısqanclıq, mentalitet, yoxsa?..

- Bilmirəm. Sadəcə bizdə bir çoxları öz həyatlarına, keçmişinə baxmadan başqasını müzakirə edir və yaxud öz adına layiq olanı başqasına yaxmağa çalışır ki, üstündəki o "yük" bir az azalsın. Mən heç vaxt hətta rəfiqələrinin yanında başqası haqda pis bir şey danışmıram. Sosial şəbəkədə də tənqidlər olanda cavab vermirəm. Sadəcə arabir öz səhifəmdə yazıram ki, məni sevənlərə də sevmiyənlərə də təşəkkür. Bunu da ən son həddə çatanda yazıram.

- Əkizlərin vəziyyəti necədir? Bir ara məlumat yayıldı ki, əkizlərdən birinin vəziyyəti ağırdır, hətta dünyasını dəyişdiyini deyənlər də oldu...

- Doğrudur, əkizlərdən birinin vəziyyəti pisləşmişdi. Bildiyiniz kimi, adətən əkizlərdən biri zəif olur. Bizdə də qıza nisbətən oğlan çox zəif idi. Təxminən 5-6 ay küvezdə saxlanıldı. Hətta bir ara əlimizi də üzmüşdük, çünki vəziyyəti pis idi. Lakin çox şükür ki, hazırda xəstəxanada ola da vəziyyəti yaxşıdır.

- Ananızın həyat yoldaşından ayrıldığı barədə də məlumatlar dolaşdı...

- Bəzən olur ki, anam da, mən də hansısa şəklin altından romantik şərh yazırıq. Düşünürəm ki, bunu çox adam edir. Hətta bəzən yaxşı, maraqlı söz tapmaq üçün "Google"da axtarış da verirlər (gülür). Yəni bəzən yazdığımız şərhlər çox romantik, təsirləndirici ola bilir. O saat bunu başqa yerə yozurlar. Əgər hansısa şəkilin altından nəsə romantik şərh yazılırsa, bu o deməkdir ki, arada ayrılıq, boşanma var?

Atamla anamın da ayrılması xəbəri yalandır. Şou-biznesdə bir çox müğənni dostlarımız var ki, atamla yaxından tanışdır, hətta bizə qonaq gəlib, qalanlar da olur. Onlar da təsdiqləyər ki, ortada ayrılıq məsələsi yoxdur. Və ümumiyyətlə, mən inanmaram ki, nə vaxtsa atamla anam ayrılsın. Çünki onlar bir-birilərini çox sevirlər. Atam da çox müasir, dünya görüşlü, aristokrat insandır, inanmıram ki, o nə vaxtsa bu cür addım atsın.

- Bəs Aysun xanım sevirmi?

- Hər bir insan sevir. Sevgi böyük anlayışdır. Anamızı, ailəmizi, yaxınlarımızı sevirik.

- Söhbət qadın-kişi sevgisindən gedir...

- (Gülür). Əslində şəxsi həyatım haqqımda danışmağı sevmirəm. Amma məsələn efirdə çox şey haqqında danışıram. Tutaq ki, estetik əməliyyat keçirirəmsə, üzümdə hansısa estetik müdaxilələr etdimsə bunu gizlətmirəm. Amma şəxsi həyatımla bağlı məlumatları paylaşmıram.

- Gənc yaşda bu qədər estetik müdaxilələr etmək...

- Sözün düzü təxminən iki il bundan əvvəl estetik müdaxilələrə çox qarşı idim. Lakin sonra mən istəmədən çox çəki atdım və burnuma bağlı komplekslərim yarandı. Adətən insan arıqlayanda üz cizgiləri dəyişir. Buna görə burun əməliyyatı keçirdim. Amma burnumdan sonra dodaqlarım yoxa çıxdı. Məcburən dodağıma bir qədər gel vurdurdum. Lakin sonra peşman oldum və geli ləğv etdirdim. Hazırda burnumdan başqa estetik müdaxiləm yoxdur. Burun əməliyyatı da yaşa baxmır, bunu 23 və ya 32 yaşda etdimsə, nəsə dəyişən bir şey olurmu? Axır-əvvəl bunu edəcəm də... Bəzən yazırlar ki, guya yanağıma gel etdirmişəm. Amma belə deyil, bu mənim öz təbii üz cizgilərimdir.

- Fala inanırsızmı?

- Deyir “fala inanma, faldan da qalma” (gülür). Həyatımda bircə dəfə fala baxdırmağa getmişdim. Falçiya dedim ki, “sən Allah bax gör mənim işim-gücüm, ərə getməyim necə olacaq?”.

- Proqnoz necə oldu?

- Falçının dediklərinin heç biri olmadı (gülür). İkinci bir tərəfdən düşünürəm ki, başqasına köməklik etdiyini deyən şəxs birinci özünə edər. Həm nə yaşayacaqmsa, deməli bu olmalıdır, falçı bunu mənə əvvəldən deyəndə nəsə dəyişəcəkmi? Allah nə yazıbsa, onu da yaşayacağıq, heç nəyi dəyişdirə bilmərik.

- Bəs pirlərə inanırsızmı?

- Pirlərə, ziyarətgahlara çox gedirəm.

- Gənc sənətçiləri tez-tez ekranda aparıcı imicində də görürük. Bu məsələni necə qarşılayırsınız, ümumiyyətlə sizə də aparıcılıq üçün təkliflər gəlirmi?

- Mənə də bu barədə dəvətlər gəlir. Hətta çox tanınmış bir kanaldan şou verilişinə aparıcı olmağım üçün təklif gəlmişdi. Veriliş gecə saat 12-də başlamalı idi. Sadəcə veriliş çox qalmaqallı idi və buna görə razılıq vermədim. Axı niyə sənətçi dostum və ya rəfiqəmlə bir verilişə görə aramız dəyməlidir? Kim qarante verər ki, mən həmin verilişdə sona qədər çalışacam? Təsəvvür edin, veriliş nə zamansa bağlanacaq və mən kimlərləsə düşmən olaraq qalacam. Bu mənə lazım deyil.

- Amma sənətçilərin süni şəkildə qalmaqal yaşadıqlarının, bunu piar xətrinə etdiklərinin şahidi oluruq...

- Şəxsən mən bunu qəbul etmirəm. Bəzən görürük ki, sənətçilər axşam efirdə dalaşır, səhəri gün öpüşüb-görüşürlər. Bu çox süni alınır. İnsanlarla səmimi davranmaq lazımdır.

- Tez-tez gənc sənətçilərdən eşidirik ki, yaşlı sənətçilər şou-biznes aləmində onların qarşısını kəsməyə çalışırlar, mane olurlar. Yəqin ki, Rəqsanə xanıma görə sizə “dəyib-dolaşan” yoxdur...

- Yox, bir dəfə olub. Amma məsələni aradan qaldırmışam.

- O məsələ necə olmuşdu?

- Bir tanınmış müğənni gəlib anama demişdi ki, “qızını müğənni olmağa qoyma”. Bəlkə də bunu pis mənada deməmişdi, amma nəsə qarşı gəlməyə çalışmışdı. Amma qeyd edim ki, bu sahədə əksəriyyət mənim xətrimi istəyir.

- Rəqsanə xanım yəqin ki, bu sənətlə bağlı sizə öz məsləhətlərini də verir...

- Əlbəttə. Məsələn, hər zaman deyir ki, “əgər mən hansısa müğənni ilə küsülü olsam da, sən onunla küsmə, münasibətləri saxla”.

- Bəs qadağalar, qarşısınıza hansısa şərtlər qoyurmu?

- Nə sənətim, nə də geyimlərim ilə bağlı qadağaları yoxdur, əksinə, dəstək olmağa çalışır.

- Bu günə qədər bu sənətdə hansısa addımınızdan peşman olmusunuzmu?

- Olub. Bir dəfə bir mahnı oxumuşdum, xeyli də ona pul tökmüşdüm. Sonra peşman oldum ki, bu nə mahnı idi almışam.

- Klipinizi təqdim edəndə də ona xeyli pul xərclədiyinizi demişdiz. İstədiyiniz nəticəni ala bildinizmi?

- Əlbəttə. Kifayət qədər izləmə baxışı oldu.

- Bəs yeni klip gözlənilirmi?

- Bəli, olacaq. DJ Roşka ilə yeni layihəm də var. Bu artıq Roşka ilə 3-cü layihəmiz olacaq. Mahnımız “Qalmaqal” adlanır və klipin maraqlı süjet xətti var. Hətta deyim ki, bir sıra tanınmış müğənnilər bu mahnının üstündə dava edib (gülür). Amma Roşka bunu mənə həvalə etdi. Düşünürük ki, qarşıdan gələn iyul ayında klipi təqdim edək”.

Xalidə Gəray, Musavat.com

Son xəbərlər
Bütün xəbərlər »