Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minimum əməkhaqqının artımı qiymət artımına səbəb olacaq - Müsahibə
Xəbər verdiyimiz kimi prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Maaşların artırılması isə sevinc hissi ilə qarşılansa da bəzi iqtisadçılar qiymət artımının qaçılmaz olduğunu bildiriblər. Bununla bağlı Bizimyol.info keçmiş maliyyə naziri Saleh Məmmədovla müsahibə edib.

Suallarımızı cavablandıran keçmiş nazir ilk öncə özəl sektordakı vəziyyətdən söz açıb. O bildirib ki, ölkə başçısının imzaladığı bu sərəncam nəinki dövlət sektorunda, eləcə də özəl sektorda canlanma və rəqabət mühiti yaradacaq, özəl sektor da rəqabət mühiti ilə ayaqlaşmaq üçün işçilərinin maaşını artıracaq:

Azərbaycan Respublikasının keçmiş maliyyə naziri - Saleh Məmmədov

"Bu gün Azərbaycanda gəlir gətirən istehsalat sahələri dövlət sektorunun əlində cəmləşib. Ona görə də əgər dövlət sektorunda bu qədər artım olubsa bu digər sahələrə də öz müsbət təsirini göstərəcəkdir. Bu proses həmçinin özəl sektora da öz təsirini göstərəcək. Belə ki, dövlət sektorunda maaşların artırılması əmək bazarında özəl sektorla rəqabətlilik mühiti yaradır. Özəl şirkətlər artıq görəcək ki, dövlət sektorunda maaşlar nə qədərdi, o da həmin rəqəmə nisbətdə işçi qüvvəsi cəlb edəcək. Eyni zamanda özəl sektora da bu bir stimuldur maaş artımı ilə bağlı. Özəl sektorda maaşların arıtırlması üçün hansı tədbirlər görmək lazımdır, ilk növbədə vergiləri azaltmaq lazımdır. Vergilər azaldıldıqda özəl sektor vergiyə xərclədiyi vəsaiti işçinin maaşına yönəltmək imkanı əldə edirlər. Ötən aykı islahatlarda ötən illərə nisbətən vergi xərcləri azaldıldı. Bunun sayəsində də artıq özəl sektor da əməkhaqqı məsələsində artımlar edə biləcəkdir".

Statistika Komitəsinin yaydığı məlumata diqqət çəkən Saleh Məmmədov əlavə edir ki, ölkədə investisiya yatırımının rəsmi rəqəmlərdə 7 faiz azalması özəl sektorunü zərinə düşən yükü də azaltmasını zəruri edir. Əgər özəl sektorun yükü yüngülləşdirilərsə, onlara yeni imkanlar yaradılarsa, subsidiyalar verilərsə o zaman investisiya qoyuluşunun artımı ilə yanaşı iqtisadiyyatın aktivləşməsi prosesi də sürətlənər:

"Paralel olaraq digər sahələrdə də özəl sektorun yükünü azaltmaq lazımıdr ki, onlar da işçi qüvvəsi cəlb edə bilsinlər və işçilərin maaşlarına artım edə bilsinlər. Bu sahədə isə vəziyyət hələlik gərgin olaraq qalıb. 2014-cü l regional böhrandan sonra Azərbaycanda əsaslı investisiya qoyuluşu azalmaqda davam edir, Statistika Komitəsinin son verdiyi məlumata görə yenə də investisiya qoyuluşunun həcmi 7 faiz azalıb. Bu kapital qoyuluşu isə iqtisadiyyatın əsasını, artımın əsasını təşkil edir. Əgər bu azalırsa demək ki, artım olma ehtimalı da azalır. Bu məsələ çox ciddi məsələdir və dərhal da həll olunmalıdır. Bu investisiya qoyuluşu artacaqsa, xüsusilə özəl sektora investisiya qoyuluşu artacaqsa burada da əməkhaqqının artırılması mümkün olacaq.

Digər tərəfdən özəl sektorun inkişafı üçün dövlətin subsidiyaları olmalıdır. Bu subsidiyalar ya birbaşa, ya da güzəştli kreditlər verməklə həyata keçirilir. Bu sahədə özəl sektora dəstək olarsa inkişaf da gözləniləndir".

Bu sərəncamların icrası üçün maliyyə bazası varmı?

-Mən əminliklə deyə bilərəm ki, çox güclü maliyə bazası var. Azərbaycanda o qədər böyük maliyə ehtiyyatları var ki, nisbi olaraq inkişaf etmiş ölkələrin belə əməkhaqqının artırılması istiqamətində bu qədər maddi bazası yoxdur. Bizdə bildiyimiz kimi əməkhaqqılar çox aşağı idi, ölkə başçısı inkişaf xətti tutduğuna görə də bu sahəyə də öz diqqətini göstərir. Ona görə də inkişaf etmiş ölkələrdəki rəqəmlərlə bizdə olan rəqəmlər uyğunlaşdırılmalıdır. Hətta nəinki 250 manata, bundan 2 dəfə artıq da qaldırmaq yaxın il ərzində bu rəqəmi 500-1000 arasına qədər çatdırmaq mümkündür. Ölkə başçısı bu iradəni ortaya qoyubsa, ölkəmizin inkişaf etmiş ölkələr siyahısına düşməyinə çalışırıqsa yaxın aylar ərzində bunlar hamısı baş verəcəkdir.

Minimum əməkhaqqı məbləğinin artırılması ancaq əhalinin yaşayış səviyyəsini artırmaq üçün deyil, həmçinin istehsalın aktivləşməsi, iqtisadiyyatın aktivləşməsi üçündü. Bu gün hamının əlinə pul düşən kimi dərhal bazara, alış-verişə gedir. Ona görə də bu artım bazara, mallara olan təlabatı qismən artıracaqdır. O malı satan adamın da xammal ehtiyacları artacaq və bu proses zəncirvari şəkildə öz effektini verəcək. Maliyyə orqanlarının əsas funksiyası ondan ibarətdir ki, bu vəsaiti iqtisadiyyatın aktivləşməsinə cəlb edə bilsinlər.

Bu maaş artımı qiymətləri artıracaqmı?

-Bəli, qiymət artımı olacaqdır, mütləq artıracaq qiymətləri. Hərhansısa bir artım olursa bu mütləq şəkildə qiymət artımı ilə müşahidə edilir. Qiymətlərin artımı Sovetlər dönəmində bizə daha çox pis təsir edirdi. İndi isə kapitalizmdir, kapitalizmin bu qaydalarını birdəfəlik olaraq dərk etmək lazımdır. Əgər qiymət artımı varsa demək ki, inkişaf var. Qiymətlər əgər düşürsə bu çox pis haldır, fəlakətdir. Bu o deməkdir ki, iqtisadiyyatda inkişaf yoxdur, geriləmə var deyə qiymətlər düşür. Qiymətlər o zaman qalxır ki, insanların əlində pul olur. Onlar təlabatı artırdıqca iqtisadiyyata pis demək olmaz ki, bu da qiymətlərin müəyyən qədər artımı ilə müşahidə ediləcəkdir. Amma bu qiymətlər elə tənzimlənməlidir ki, fəlakətə gətirib çıxartmasın. Bu gün biz, təbii hadisələri biz əhliləşdirib öz mənafelərimiz üçün istifadə edə biliriksə, bu prosesi də əhliləşdirib fəlakətə səbəb olmayacaq şəkildə maraqlarımıza uyğunlaşdıra bilərik. İnflyasiya da dağıdıcı bir qüvvədir, onu müxtəlif vasitələrlə zərərsizləşdirmək, əhliləşdirmək, cilovlamaq lazımdır. Əgər biz bunu düzgün tənzimləyə bilməsək hiper inflyasiyaya gətirib çıxaracaq, Venesuella kimi iqtisadiyyatı alt-üst edib dağıdacaq. Bu gün ölkədə inflyasiya mənə elə gəlir ki, nəzarət altındadır. Mümkün deyil ki, bu proses nəzarət altından çıxsın. Maaşların artımı qiymət artımı ilə müşahidə edilmirsə bu yenə də mənfi haldır, iqtisadiyyata mənfi təsir göstərir. Biz inkişaf etmiş ölkələrin praktikasına baxa da bilərik. 2-10 faiz arası tənzimləyici inflyasiya baş verir ki, bu da iqtisadi alət kimi istifadə edilir. İnkişaf olan yerdə inflyasiya mütləqdir".

Növbəti devalvasiya gözlənilirmi?

-Buna heç bir əsas görünmür. İki dəfə devalvasiya oldu, çox böyük yalnışlıq oldu burada. Bu devalvasiyalar Azərbaycanın hər bir sahəsinə öz mənfi təsirini göstərdi. Zənn etmirəm ki, Azərbaycanda bundan sonra belə bir devalvasiyalar olsun. Ola bilər ki, hansısa seçim ərəfəsində müəyyən qədər çaxnaşma olsun amma bu prosesi əldən buraxmaq olmaz. Ona görə buraxmaq olmaz ki, ölkə başçısı qarşısına birmənalı olaraq məqsəd qoyub ki, ölkəmiz inkişaf etmiş ölkələr səviyyəsinə qalxsın. 37 inkişaf etmiş ölkə var və onların heç birində indiyə qədər heç vaxt ikiqat devalvasiya olmayıb. Olubsa da müasir dövrdə bu qədər ağır devalvasiyaya məruz qalmayıb. Əgər biz inkişaf yolunu qarşımıza məqsəd qoymuşuqsa ona görə də bu kimi devalvasiyaları və iqtisadi prosesləri diqqətimizdən qaçırda bilmərik, nəzarətsiz qoya bilmərik. Əksinə manatın dollar qarşısındakı vəziyyətini normallaşdırmaq,d evalvasiyanın fəsadlarını aradan qaldırmaq lazımdır. Bu ölkənin həm etibarını, həm ümidini, həm insanların güvənini artıracaq bu da iqtisadiyyatı daha da aktivləşdirəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »