Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şimali Qafqaz üzərindən Şimal-Cənub dəhlizinin inkişafı üçün geniş imkanlar var"

“Report” Rusiyanın Şimali Qafqaz İşləri nazirinin müavini Olqa Ruhullayeva ilə eksklüziv müsahibəsini təqdim edir.

- Şimali Qafqaz ərazi vahidləri Azərbaycanın əsas ticarət tərəfdaşları arasındadır. Bu regionun Azərbaycanla ticarət dövriyyəsində hansı dəyişiklikləri qeyd etmək olar?

- Bəli, Azərbaycan Şimali Qafqazın 2018-ci ildəki 128 milyondan çox ticarət dövriyyəsi ilə bu baxımdan beş öncül ölkələr sırasındadır. Şimali Qafqaz regionundan Azərbaycana ixracın həcmi 116 milyon dollar təşkil edib. Əsas etibarilə taxıl, gübrə, tərəvəz, şüşə və plastik ixrac edirik. 2018-ci ildə 13 milyon dollar səviyyəsində olan idxalatımızda isə pambıq, spirtli və spirtsiz içkilər, meyvə, fındıq daha çox yer tutur. Ümumiyyətlə, Azərbaycanla iqtisadi əlaqələrdə xeyli perspektiv olsa da, ikitərəfli əməkdaşlığın imkanlarından heç də tam həcmdə istifadə olunmur.

- Azərbaycandan Rusiyaya, o cümlədən Şimali Qafqaza turistlərin cəlb olunması üçün hansı işlər görülür? Xəzərdə dəniz turizminin inkişafına dair birgə layihənin icrası nə yerdədir? Rusiyanı, o cümlədən Şimali Qafqazı, habelə Azərbaycanı başqa ölkələrdən gələn turistlərə tanıdacaq birgə turizm məhsulları hazırlanırmı?

- İndi Rusiyanın Xəzərdəki dəniz limanlarının, onlarla dəmir və avtomobil yolları bağlantılarının 2030-cu ilədək inkişaf strategiyası təsdiq olunub. Həmin sənəddə həm də Xəzər regionunda daxili və beynəlxalq turizmin inkişafı üçün əlverişli şərait yaratmaq nəzərdə tutulur. Məsələn, Volqa – Xəzər hövzəsini, o cümlədən Həştərxan, Mahaçqala, Dərbənd kimi şəhərləri də əhatə edən gəmi səyahət marşrutlarının tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, turizm operatorlarına dövlət dəstək proqramlarının hazırlanması, Xəzər sahili bölgələrdə sahilboyu infrastrukturun təkmilləşdirilməsi istiqamətində də tədbirlər görüləcək.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiya ticarət və sərmayə sahəsindəki birgə fəaliyyətləri inkişaf etdirməklə məşğuldur. Bu komissiya çərçivəsində mütəmadi olaraq iqtisadi ticari əməkdaşlığın mühüm məsələlərinə dair işçi qrupu fəaliyyət göstərir. Həmin işçi qrupun daimi iştirakçısı olan bizim “Şimali Qafqaz Kurortları” İnkişaf İnstitutu (ŞQK) Şimali Qafqazın və Azərbaycanın dağlıq xizək kurortlarını idarə edən şirkətlər arasında əməkdaşlıq əlaqələri yaratmaq təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs Hökumətlərarası Komissiya tərəfindən dəstəkləndikdən sonra ŞQK SC ilə "Şahdağ" xizək kurortunu idarə edən Azərbaycan şirkəti arasında əməkdaşlıq və birgə fəaliyyət memorandumu imzalanıb. Tərəflər dağlıq xizək kurortlarında xidmətin təkmilləşdirilməsi, onların ilboyu fəaliyyətə keçirilməsi və bununla bağlı süni qarla təchiz olunması, servisdə müasir keyfiyyət standartlarının tətbiqi istiqamətlərində müştərək fəaliyyət göstərəcək.

- Şimali Qafqazda və Xəzərdə sərbəst iqtisadi bölgələrin yaradılması gözlənilirmi?

- Bizdə bir neçə xüsusi iqtisadi bölgələr mövcuddur və bunlardan Arxız, Elbrus, Veduçi kurort yerləri ilə bağlı layihələr daha fəal şəkildə həyata keçirilir. Həmçinin Rusiya hökuməti Şimali Osetiya – Alaniyadakı Matlas xüsusi iqtisadi bölgəsinin bərpası ilə bağlı məsələ müzakirə olunur. Bütün bu bölgələrlə bağlı layihələrin icrasına Azərbaycandan da daxil olmaqla sərmayədarları cəlb etməkdə çox maraqlıyıq. Üstəlik də adıçəkilən bölgələrin idarəçisi olan “Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti indi Azərbaycan kurortları ilə əməkdaşlıq təcrübəsinə malikdir.

- Şimali Qafqaz ərazisindən Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yükdaşımalar həyata keçirmək nəzərdə tutulurmu? Bununla bağlı hansı nəqliyyat layihələri gündəmdədir?

- Əlbəttə, Şimali Qafqaz artıq bu nəqliyyat fəaliyyətlərində iştirak edir və bu iştirakın miqyası ildən-ilə artır. Bunu sərhəd buraxılış məntəqələrimizın yükdaşımalara dair statistik rəqəmlərindən də görmək olar. Şimal – Cənub dəhlizi üzərindən yükdaşımaların həcmi getdikcə daha da artacaq. Xəzərdə təkcə Azərbaycanla deyil, İran, Qazaxıstan, Türkmənistanla da dəniz nəqliyyatı bağlantılarını inkişaf etdirəcəyik. Yuxarıda adını çəkdiyim Rusiyanın Xəzərdəki dəniz limanlarının inkişafı strategiyası məhz bu məqsəd üçün hazırlanıb.

Bütün bu layihələri uğurla həyata keçirmək üçün xarici tərəfdaşlarımızla, o cümlədən Azərbaycanla da ciddi çalışmalıyıq. Belə ki, Şimal – Cənub Beynəlxalq Dəhlizinin Şimali Qafqaz üzərindən inkişafında istər tranzit baxımdan, istərsə də Şimali Qafqaz regionunda istehsal olunan məhsulların dünya bazarına ixracı baxımdan böyük perspektivlər görürük.

Son xəbərlər
Bütün xəbərlər »