Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Şurasında dövlətlərin məhkəmə sistemi müzakirə olundu
Avropa Şurasının rəsmi saytından alınmış məlumata görə, cari ilin iyunun 13-14-də Strasburqda Avropa Şurasının 47 üzv dövlətinin rəsmilərinin iştirakı ilə keçirilmiş geniştərkibli Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 32-ci plenar iclasında Elektron ədliyyənin yaradılmasına dair Təlimat Toplusu, Mediasiya ilə bağlı milli qanunvericiliyin hazırlanmasına dair Avropa Təlimatı, Mediatorlarla bağlı tədris proqramlarının tərtibinə dair Rəhbər Qaydalar təsdiq edilmişdir.

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qurbanovun sədrliyi ilə iclasın bir hissəsi Avropa İnsan Hüquqları Məhkəməsi ilə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası arasında əməkdaşlıq məsələləri və həmin komissiyanın məhkəmənin işinin yaxşılaşdırılmasında roluna həsr olundu. Avropa Məhkəməsinin yeni seçilmiş sədri Linos-Aleksandre Sislianosun geniş tərkibli hakim və aparat işçilərindən ibarət nümayəndə heyəti ilə həmin tədbirdə fəal iştirak etdi.

Avropa Şurasının ən mötəbər monitorinq və məşvərətçi qurumlarından olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Avropa İnsan Hüquqları Məhkəməsinin həddindən artıq yüklənməsi ilə bağlı yaradılmışdır (Avropa Məhkəməsinin 2018-ci ildən cari ilə keçən qalıq işlərinin sayı 56.000 civarındadır). Buna görə də həmin Avropa Komissiyasının fəaliyyətinin başlıca məqsədlərindən biri 47 üzv dövlətin milli məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətinin artırılması ilə Avropa Məhkəməsinin iş yükünün azaldılmasıdır.

Avropa İnsan Hüquqları Məhkəməsinin Belçika, Hollandiya, Rusiya, Ermənistan, Kipr, Polşa, Litva, Monteneqro, Albaniya, İtaliyadan olan hakimləri müzakirələrdə iştirak edərək Avropa Şurasının iki qurumu arasında birgə fəaliyətin qurulması istiqamətində tədbirlərin görülməsinin, habelə Avropa Məhkəməsinin qərarlarında CEPEJ-in rəhbər qaydaları və digər sənədlərinə hakimlər tərəfindən istinad olunmasının zəruriliyini bildirdilər.

İclasda, bir daha, Avropa Şurasının üzv dövlətlərində məhkəmə sistemlərinin səmərəliliyi və keyfiyyətinin artırılması məqsədilə CEPEJ tərəfindən təsdiq olunmuş sənədlərin və rəhbər qaydaların Üzv Dövlətlərdə tətbiqinin vacibliyi qeyd edilmişdir.

Son xəbərlər
Bütün xəbərlər »