Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazpəri Dostəliyevanın oğurlanmış seyfi tapıldı: 4 nəfər tutuldu
Xalq artisti, tanınmış müğənni Nazpəri Dostəliyevanın evindən seyf oğurlayan şəxslər saxlanılıblar.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, Sumqayıt sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 127-ci (qəsdən sağlamlığa az zərə vurma) maddələri ilə məhkum edilən Hüseynli Yunis Hüseyn oğlu və Verdiyev Ruslan Əzizağa oğlu saxlanılıblar.

Cinayətkar qruplaşmanın daha iki mümkün üzvü — Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər. Onların hər ikisi Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması) maddələri ilə məhkum ediliblər.

Xatırladaq ki, cinayətkarlar avqustun 19-da Çəmənzəminli küçəsi ev 15-də yaşayan müğənninin mənzilinə qapı qıfılına açar seçmə üsulu ilə daxil olublar və evdən 100x80 santimetr ölçüsündəki böyük seyfi çıxarıblar. Ev sahibəsi iddia edir ki, seyfdə çox böyük məbləğ dəyərində zinət əşyaları, məbləğini bilmədiyi miqdarda pul və sənədlər olub.

Hüquq-mühafizə orqanları əməkdaşları araşdırma zamanı pulun və zinət əşyalarının ancaq bir hissəsini qaytara biliblər. Belə ki, əməliyyatçılar Y. Hüseynlinin mənzilində 8 min ABŞ dolları, 205 avro, 2 min manat və şəxsi istifadə üçün nəzərdə tutulan heroin aşkar edərək götürüblər. R. Verdiyevin mənzilində axtarış zamanı 7 qram heroin tapılıb.

Təəssüflər olsun ki, əməliyyatçılar Azərbaycan xalq artistinin qızıl-zinət əşyalarının ancaq bir hissəsini qaytara biliblər. R. Verdiyevin atası, 1958-ci il təvəllüdlü Əzizağa Verdiyev cinayət yolu ilə əldə edilən 2 min 300 manatı və qızılların bir hissəsini polisə təhvil verib.

Əməliyyatçılar müğənninin seyfini isə Sumqayıtın 76-cı kvartalının ərazisindən axan su kanalının dibində aşkar ediblər.

Faktla bağlı istintaq davam edir.

Son xəbərlər
Bütün xəbərlər »