Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda 6 yaşlı uşağı qatar vurdu
Ötən gün Bakının Keşlə qəsəbəsində 6 yaşlı Yusif Qasımov qatarın altında qalıb. Qəsəbədən keçən dəmiryol relslərinin üzərində oynayan azyaşlı elektrovozun gəlişindən xəbər tutmayıb. Ağır xəsarətlər alan uşağı xəstəxanaya yerləşdiriblər, vəziyyəti ağırdır.

Virtualaz.org bildirir ki, keşlə qəsəbəsində evlər dəmiryol relslərinin arasında yerləşdiyindən analoji hadisələr tez-tez baş verir. Daha əvvəl də qəsəbədə yaşayan sakinlərin qatarın altında qalaraq ölməsi və ya xəsarət alması ilə nəticələnən bədbəxt hadisələrə rast gəlmişik. Bu ərazidə vəziyyət o qədər təhlükəlidir ki, sakinlər hər an qatarın evlərinin üstünə aşacağı təhlükəsi ilə yaşayırlar. Keşlə qəsəbəsində ümumilikdə 900-dən çox ev məhz qatar relslərinin arasında yerləşir. Hətta bəzi evlərin qapıları birbaşa relsin üzərinə açıldığından, sakinlər qatar hərəkət edən zaman evdən çölə çıxmırlar.

Dəfələrlə təhlükəli vəziyyətdə olan evlərin söküləcəyi ilə bağlı məsələ gündəmə gəlsə də, hələ də reallaşmayıb. Ötən ayın sonlarında da Keşlə qəsəbəsi, Pəhləvan Fərziyev küçəsində evlərin söküləcəyi ilə bağlumat yayılmışdı. Sakinlərin sözlərinə görə, artıq evlərin qeydiyyata alınmasına başlanılıb və sentyabrdan evlərin sökülməsinə başlanılacağı bildirilib. Lakin onlara hansı məbləğdə kompensasiya veriləcəyi məlum deyil.

Problemlə bağlı Nizami Rayon İcra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik. Nərimanov Rayon İcra Hakimiyyətindən isə bu ərazinin sökülməsi məsələsinin gündəmdə olmadığını bildirdilər. Rayonun Təsərrüfat şöbəsinin müdiri Hüseyn Cabbarovun virtualaz.org-a bildirdiyinə görə, həmin ərazi gələcəkdə iş adamlarına təklif oluna bilər və o zaman sökülməsi reallaşa bilər: "Nərimanov rayonu ərazisində 219 ünvanda bir mərtəbəli köhnə tikililərin sökülməsi ilə bağlı pilot layihələr həyata keçirilir. Hələ ki, Keşlə ərazisində köçürülmə nəzərdə tutlmayıb. Həm də o ərazidə Dəmir Yolları İdarəsi köçürülməni həyata keçriməlidir. Ola bilər ki, gələcəkdə həmin ərazi iş adamlarına təklif olunsun, hələ ki, yaxın vaxtlarda sökülməsi gündəmdə deyil", - deyə icra rəsmisi bildirib.

Azərbaycan Dəmir Yolları QSC-dən bu barədə məlumat veriləcəyini bildirdilər.

Son xəbərlər
Bütün xəbərlər »