Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlar məhdudiyyətlərə etiraz edib

“40 min vətəndaşa qanunvericilik təşəbbüsü ilə çıxış etməsi hüququ verilir. Parlamentdə çoxlu sayda partiyalar, deputatlar var. Seçicilər bu partiyalar, deputatlar vasitəsilə qanun layihələrini gündəmə gətirə bilər və seçicilərə bu qədər əziyyət verilməz”.

APA-nın məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşunda bildirib.

O deyib ki, məqsəd layihəni ictimaiyyətə çatdırmaqdırsa, elə mətbuatda da həmin layihəni dərc etmək olar: “Bu qanun layihəsində vətəndaşların qanunvericilik təşəbbüsü ilə çıxış etməsi çətinləşdirilir. Qanun layihəsində təşəbbüs qrupu üzvlərinin sayının 300 nəfər olması, yalnız bir qanun təqdim edə bilməsi, Mərkəzi Seçki Komissiyasının 2 ay ərzində qərar verməsi əksini tapıb. Mərkəzi Seçki Komissiyası yalnız təşəbbüs qrupunu qeydə almalıdır. Layihə parlamentə gəlməli, parlament lazım bilsə, Mərkəzi Seçki Komissiyası ekspertiza keçirməlidir. Xırda detalları aradan qaldırsaq, bu qanun layihəsini normal sayıram”.

Millət vəkili Qənirə Paşayeva nəzərə çatdırıb ki, 40 min vətəndaşın imzası toplanırsa, təşəbbüs qrupunun fəaliyyətinin məhdudlaşdırılması düzgün deyil: “Niyə təşəbbüs qrupu yalnız bir layihə təqdim edə bilər? Təşəbbüs qrupu effektiv fəaliyyət göstərirsə, fəaliyyəti niyə məhdudlaşdırılmalıdır? Məncə, bu məsələyə yenidən baxmaq lazımdır”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iradlara cavab verib: “Təşəbbüs qrupunun üzərinə layihə və ekspertiza ilə bağlı düşən bir sıra vəzifələr var. Bizə deyilirdi ki, təşəbbüs qrupu üzvlərinin sayının 300 nəfər olması çoxdur. 40 min imzanın toplanılması üçün 300 nəfərdən ibarət təşəbbüs qrupunun olması normaldır. Digər tərəfdən, elə bir layihə təqdim edilə bilər ki, ekspertizadan keçsin. Tutaq ki, mədəniyyətlə bağlı qanun layihəsi təqdim ediləndə maliyyə tutumu ilə bağlı ekspertiza keçirilə bilər. Nəzərə almaq lazımdır ki, xarici ölkələrdə də vətəndaşların təşəbbüsü ilə dövlət büdcəsi ilə bağlı layihələrin təqdim edilməsi nəzərdə tutulmur”.

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »