Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan müxalifəti proporsional seçki sisteminin bərpasını tələb edir

Gürcüstanın 20 müxalifət partiyası proporsional seçki sisteminə keçid tələbi ilə bağlı 300 min imza toplayıb.

Toplanmış imzalar iyunun 13-də Gürcüstan parlamentinə təqdim olunub.

Müxalifət seçki sisteminin 2020-ci ildən etibarən dəyişdirilməsini tələb edir.

Gürcüstanın “Yeni Sağçılar” Partiyasının üzvü Mamuka Katsutadze jurnalistlərə bildirib ki, müxalifət imzaların sayını milyona çatdırmaq niyyətindədir. Bunun üçün də imzatoplama kampaniyası davam etdirilir.

Gürcüstan parlamenti 10 gün ərzində imzaların etibarlılığını yoxlamalıdır.

Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının müxalifətə cavabı özünü çox gözlətməyib.

Partiyanın siyasi şurasının üzvü və Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib ki, ölkədə seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı İşçi qrupunun görüşlərində proporsional seçki sisteminə keçid məsələsi müzakirə olunmur.

O deyib ki, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı yeni qanun layihəsi hazırlanır və sənəd təxminən bir ay sonra parlamentdə müzakirəyə çıxarılacaq.

Onun sözlərinə görə, İşçi qrupu formatında keçirilən müzakirələrdə seçki prosesinə düzəlişlərlə bağlı yalnız ATƏT-in tövsiyələri nəzərdən keçirilir. (Azertag.az)

Son xəbərlər
Bütün xəbərlər »