Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailədaxili şiddət qadınlarda psixoloji xəstəliklər yaradır

İngiltərənin Birminqem Universiteti tərəfindən aparılan araşdırma ailədaxili zorakılığa məruz qalan qadınlarda ciddi psixoloji xəstəliklərin yaranması riskinin 3 dəfə çox olduğunu ortaya çıxarıb.

APA BBC-yə istinadən xəbər verir ki, "British Journal of Psychiatry" jurnalında dərc edilən bu araşdırma İngiltərədə ailədaxili şiddətlə üzləşən və bunu həkimlərə danışan 18 min 547 qadın arasında aparılıb.

Bu qadınlar illər boyu müşahidə edilib və onlar ailədaxili zorakılığa məruz qalmayan eyni yaşlı 74 min qadınla müqayisə olunublar.

Birminqem Universitetinin araşdırmaçılar qrupunun rəhbəri Dr. Joht Sinq Çandan deyir ki, "Ailədaxili şiddət geniş yayıldığı üçün bunun ruhi sağlamlıqla əlaqəli olduğunu anlamağımız və belə qadınların həyatlarını yaxşılaşdırmağa çalışmaq çox vacibdir".

1995-2017-ci illərdə aparılmış araşdırma ailədə zorakılığa məruz qalan və bununla bağlı həkimə müraciət edən qadınların yarısının ruhi problemləri olduğunu üzə çıxarıb.

Məlum olub ki, belə hallara məruz qalan qadınlarda təşviş pozuntusu riski iki dəfə; depressiya, şizofreniya və bipolyar pozuntu riski isə 3 dəfə artır.

"Dostlarımın çoxunu itirdim"

İngiltərənin qadınlara dəstək təşkilatı "Agenda"-dan yardım alan bir qadın bildirib ki, ailədaxili zorakılıq ucbatından şəxsiyyətində dəyişiklik baş verib:

"Yata bilmirəm. Ya çox yeyirəm, ya da çox az. İnsanlara inamım qalmayıb, onlardan uzaq dururam. Buna görə dostlarımın çoxunu itirdim".

Həmin qadın xəstəxanaya gedəndə tibb işçilərinin ona inanmadığını da deyib:

"Polis ictimai səhiyyə işçilərinə şiddət faktları haqqında məlumat verməlidir".

Rəsmi məlumatlara görə, İngiltərədə hər dörd qadından biri ailədə zorakılığa məruz qalır.

Ancaq həkimlərin qeydlərinə əsasən, aparılan araşdırma göstərib ki, qadınların yalnız 0,5 faizi ailə həkiminə bu haqda məlumat verir.

Mütəxəssislər hesab edirlər ki, polisin bu cür hallar barədə tibb işçilərinə məlumat verməsi faydalı olar.

İngiltərənin Kral Psixiatorlar Kollecində işləyən Dr. Bina Raykumar deyir ki, ailədaxili şiddət ruhi sağlamlığa "öldürücü təsir" edir:

"Ailədəki şiddət faktlarını öyrənmək və qeydə almaq ictimai sektorda çalışanlar üçün birinci dərəcəli iş olmalı və buna məruz qalan qadınlara təcili, təsirli müdaxilələr tətbiq edilməlidir".

Londonun "King's College" Psixiatriya İnstitutunda çalışan prof. Louise Hovard araşdırmanın müşahidələrə əsaslandığını və səbəblər baxımından konkret faktlara əsaslanmadığını deyir.

Hovard araşdırmanın vacib bir mesaj verdiyini düşünür:

"Ailədaxili şiddət ciddi bir ictimai sağlamlıq, o cümlədən, ictimai ruhi sağlamlıq problemidir. Səhiyyə işçiləri mütəmadi olaraq bununla bağlı xəstələrə sual verə bilməlidirlər".

Son xəbərlər
Bütün xəbərlər »