Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada insanlar meşələrdə yoxa çıxır

Hər il Rusiyada orta hesabla 120 min insan itkin düşür. Onminlərlə könüllü onların axtarışına çıxır, polisi əvəz etməyə çalışır. Çünki asayiş keşikçiləri bu qədər itən adamı tapıb ortaya çıxarmaq gücündə deyil.

Bizimyol.info xəbər verir ki, Fransanın “Le Figaro” qəzeti bununla bağlı material hazırlayıb. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hər il itkin düşən 120 min nəfərin təxminən 23 mini uşaq olur. Klassik qaçmaq səbəbi yerində qalır – yeniyetmələr evdən uzaq yaşamağın yolunu özləri seçir. Bundan başqa, tənha yaşlı adamlar, əqli çatışmazlıqdan əziyyət çəkənlər, göbələk yığanlar çox yoxa çıxır. Yayda göbələk, moruq eşqinə meşələrə üz tutan yaşlı qadınlar statistikanı əhəmiyyətli dərəcədə dəyişir. İsti aylarda gündə orta hesabla 150 nəfər meşədə itkin düşür.

“Le Figaro” yazır ki, Fransada kimsə yaxınından xəbər tutmayanda dərhal polisə müraciət edir. Rusiyada isə daha çox könüllülərə bel bağlamaq lazımdır.

Fransa qəzeti “Liza Alert” axtarış-xilasetmə dəstəsinin fəaliyyəti haqda yazıb. 26 yaşlı Oksana və 39 yaşlı Anna ilə söhbət ediblər. Oksana elmi işçidir, Anna isə “Procter & Gamble”in mətbuat xidmətinin rəhbəri. Anna deyir ki, məqsədi cəmiyyətə faydalı olmaqdır: “Heç olmasa, həftədə bir günümü bu işə sərf edirəm”.

Başqa bir könüllü Tanya kosmetoloq işi ilə kifayətlənmir, itənlərin axtarışı üçün ürəyini qoyur: “Böyük məsuliyyətdir”.

Jurnalist Nikolya Vin qeyd edir ki, “Liza Alert” iki il əvvəl yaranıb. Hər gün Moskvada azı 200 nəfər təşkilatın qulluğunda olur. Özü də fərqli siyasi baxışlarla. Bu adamların arasında Putinin tərəfdarları da var, hakimiyyətin əleyhdarları da. “Liza Alert”in yaxşı işinin nəticəsidir ki, yaxını itkin düşən rus 112 xidmətindən əvvəl bu təşkilatın telefon nömrələrini xatırlayır.

“Liza Alert”in üzvlərindən Aleksandr Mixaylov deyir ki, indi daha effektiv işləyirlər. Əvvəllər 200 saata 10-15 nəfər tapırdılar. İndi isə bu müddətdə 150 nəfəri ortaya çıxarırlar.

Son xəbərlər
Bütün xəbərlər »