Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanın beynəlxalq hüquqda bir statusu var - o da işğalçı dövlət"

Moskvada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransına qatılan “Real” TV-nin və Report informasiya agentliyinin Rusiya bürosunun əməkdaşı İqbal Rüstəmov onu bir neçə sual qarşısında aciz qoyub. Sualları cavablamaq istəyən Nikol Paşinyan suallardan yayınaraq təxribat xarakterli cavablar verib.

Belə ki, azərbaycanlı jurnalistin sonuncu sualı isə rəsmi Bakının tühlükəsizliyinə yüksək səviyyədə təminat verdiyi London “Arsenal”ının erməni futbolçusu Henrix Mxitaryanın Azərbaycana gəlməməsinin səbəbləri ilə bağlı olub. Cavaba sonuncu sualdan başlayan Paşinyan məsələnin mahiyyətindən yayınmağa çalışaraq, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmadığını xatırladaraq, uğursuz müqayisəyə cəhd göstərib.

Paşinyan iyunun ilk ongünlüyündə Azərbaycan hərbçilərinin ermənilərin snayper atəşi ilə qətlə yetirilmələrinin məsuliyyətini də öz üzərindən atmağa çalışıb. Baş nazir işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasına dair suala isə “Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin yeganə qarantıdır” cavabını verməklə kifayətlənib.

Paşinyanın konfransda verdiyi cavabları şərh edən politoloq Nəzakət Məmmədova bildirib ki, Paşinyan mənasız və əsassız, ümumi ifadələrlə düşdüyü çətin durumdan çıxmağa çalışıb:

"Ondan başlayaq ki, Ermənistan müstəqil şəkildə öz təhlükəsizliyini təmin edə bilmir, Rusiyanın, KTMT-nin yardımına ümid bəsləyir, o necə Qarabağ separatçılarının təhlükəsizliyinin qarantı ola bilər?! Digər tərəfdən, ona bu qarantor dövlət statusunu kim verib?! Məsələn, Türkiyə Naxçıvanın təhlükəsizliyinin qarant dövlətidir və bu, 1921-ci il Qars müqaviləsində qanuni şəkildə təsbit olunub. Yaxud, İngiltərə və Türkiyə Kiprin qarantor dövlətləri olublar. 1974-cü ildə adaya qoşun göndərən Türkiyə bunu qarantor statusu əsasında, soyqırıma məruz qalan kiprli türkləri xilas etmək üçün edib. Bəs Ermənistana bu statusu kim verib?! Paşinyanın Ermənistanı Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantı adlandırması tamamilə əsassızdır. Ona bu hüququ heç kəs verməyib, əksinə BMT-nin müvafiq qətnamələrində, Bişkek protokolunda, ATƏT, Avropa Şurasının sənədlərində Ermənistandan tutduğu Azərbaycan ərazilərindən çıxmaq tələb olunur, İslam Əməkdaşlıq Təşkilatı isə Ermənistanı işğalçı adlandırıb.

Ermənistanın beynəlxalq hüquqda bir statusu var - o da işğalçı dövlət. Odur ki, özünü qarantor dövlət, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonları "təhlükəsizlik zolağı" adlandırmağın heç bir qanuni əsası yoxdur.

Paşinyan hərbçilərimizin öldürülməsi barədə suallardan bu cür əsassız cavabla yayınmaq istəyir, çünki o, etiraf edə bilməz ki, Ali baş komandan kimi Ermənistan ordusu üzərində heç bir səlahiyyətə malik deyil. Bununla öz zəifliyini aşkar surətdə qəbul etmiş olar, odur ki, mənasız, əsassız, ümumi ifadələrlə vəziyyətdən çıxmağa çalışıb".

Son xəbərlər
Bütün xəbərlər »