Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Absurdistan milli komandası

Futbola neftin pullarını xərcləyirik ki, oynayıb (daha doğrusu, oynaya bilməyib) uduzaq və özümüzü daha da biabır edək. Əgər AFFA-nın qarşısına qoyulan məqsəd ölkəni dünyada daha çox biabır etməkdirsə, buna nə ehtiyac var; iki jurnalisti tutub dama atanda bəs eləyir. Bunu polis, məhkəmə, prokurorluq orqanları da bacarır. Mayası da azdır. Daha xaricdən od qiymətinə məşqçi gətir, futbolçulara bu qədər pul səp ki, gedib iki oyunda 8 qol buraxıb ölkəni biabır etsin.

Mənim düşüncəmə görə, futbolun başını buraxmaq lazımdır. Atam, oynaya bilmirik də. Oynamaq istəmirik. Ya gərək idmandakı korrupsiyanın da, nepotizmin də kökünü kəsək - bu da indilik mümkün deyil. Ya da futbol oynamağı buraxaq.

Bahəddin Həziyev Bahəddin Həziyev

Dünyanın ən ağıllı millətlərindən biri yəhudilərdir. İsrailin elə də güclü futbolu yoxdur. Ancaq yüksək dəqiqlikli texnologiyalar, ən müasir silah ixrac edir. Biz də neft pullarımızdan verib alırıq onun silahını. Nöqtə boyda ərazisində əkib-becərdiyi məhsulları dünyanın beşdə birini qamarlayıb çəpərləmiş Rusiyaya istədiyi qiymətə satır. O boyda ABŞ da onun - İsrailin dediyini deyir. Dünya onunla hesablaşır. İsrail, ola bilsin, yaşıl meydançalarda top qova bilmir, amma Yaxın Şərqin səhrasında bütün ərəb-müsəlman dünyasını qabağına qatıb qovur ora-bura. Həm də təkcə Yaxın Şərqdə deyil.

Yaponiyanın futbolu Uruqvaydakından zəifdir. Ancaq Yaponiya iqtisadiyyatına baxın, Uruqvaya baxın. Yeni Zelandiya futbol komandası yaxşı oynayır, yoxsa Nigeriya, Seneqal?! Hansı daha varlı ölkədir?! Hansının vətəndaşı adam kimi yaşayır? Nigeriyada əhali daha xoşbəxtdir, yoxsa Yeni Zelandiyada?! Əlbəttə ki, Yeni Zelandiyada. Finlandiyada təhsil ən yüksək səviyyədədir, yoxsa Braziliyada?! Əlbəttə, Braziliya qədər yaxşı futbol oynamayan Finlandiyada. İsraildə səhiyyə sistemi daha etibarlıdır, yoxsa Argentinada?! Şübhəsiz ki, İsraildə. Sinqapur biznes cənnətidir, yoxsa Kamerun? Futbol oynaya bilməyən Kanada öz vətəndaşlarına azad, xoşbəxt həyat yaradıb, yoxsa acından özünü Amerikanın divarlarına çırpan Meksika, yaxud Venesuela?! Əlbəttə, Kanada. Bu ölkələrdən hansında insan hüquqlarına hörmət daha çoxdur, cinayətkarlıq daha azdır?! Əlbəttə, Kanadada. Hər səhər küçələrindən axşamkı atışmada ölənlərin meyidlərini toplayan şəhər Venesuelanın Karakasıdır, Kanadanın Ottavası yox!

Odur ki, Yaponiya, İsrail, Yeni Zelandiya, Finlandiya, Kanada, Sinqapur olmaq barədə düşünmək lazımdır, Uruqvay, Venesuela, Meksika, Nigeriya deyil. Boş məqsədlərə havayı pullar səpməyə lüzum yoxdur. Bu gün sərmayə imkanlarımızı daha çox real iqtisadiyyata yönəltməliyik. Yaxşı, siyasətdə, yumşaq desək, konservatizmi nəyin bahasına olursa-olsun, qoruyub saxlamaq istəyiriksə, heç olmasa, iqtisadiyyatı liberallaşdıraq. Biznesə imkan açaq. Uzunmüddətli, azfazili kreditləşməyə keçək (Hərçənd iqtisadi islahatlara da yol siyasi liberallaşmadan keçir).

Vahid Əhmədov doğru sual verir: necə olur ki, banklar əmanətləri 12 faizlə qəbul edib, sonra həmin pulları bizə 25 faizlə kredit olaraq "satır"? Niyə rus dilində 3 kəlməni düz-qoş edib danışa bilməyən azərbaycanlı gedib Rusiyanın çöllərində skinxedlərin, OMON-un təpiyi altında pul qazanıb özünü də, burdakı ailəsini də dolandıra bilir, amma xaricdə təhsil alıb 3 xarici dil bilgisi və magistr diplomları ilə gələn gəncimiz öz Vətənində iş tapa bilmir?!

Dünyanın ən qabaqcıl paytaxtlarında mədəniyyıtimizlə ölkəmizi tanıtmağa çalışdığımız halda, mədəniyyət işçilərimizin maaşı qəpik-quruşdur. Səhiyyəmiz, təhsilimiz məlumdur. İş adamı dostum deyir ki, kiçik biznes obyektinə 7 metrlik məsafədən elektrik xətt çəkmək üçün ondan 3600 manat alıblar ASAN Xidmətdə rüsum olaraq (150 metr kimi sənədləşdiriblər). Bunları həll etməliyik. Bu problemlərə sərf etməliyik vaxtımızı, enerjimizi. Bəli, futbolu, atlanmağı-hoppanmağı hələlik qoyaq bir tərəfə, ölkənin gələcəyinə sərmayə qoyaq.

İnkişafımızı düşünək. On bir futbolçunu deyil, 10 milyonun rifahını düşünək.

Karikaturaçı rəssam dostumuz Rəşid Şerifin “Absurdistan”ını xatırladım. Ölkəni biabır etmək üçün bu qədər pul xərcləmək absurddur. Bu işi də özü bütövlükdə ən böyük absurd olan AFFA icra edir. Bu AFFA-nı-filanı buraxmaq lazımdır. Bunlar nəinki səmərəsizdir, hətta ziyan vurur.

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »