Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ailənin evini zorla əlindən alırlar: "Küçədə qalmağımıza imkan verməyin"

Məhkəmə ədalətsizliyi nəticəsində ailəsinin evsiz qaldığını deyən Bakı sakini Ağası Hüseynov Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevdən kömək istəyir. Ona məktub yazıb xahiş edir ki, aşağı instansiya məhkəməsində yol verilən ədalətsizliyin aradan qaldırılması üçün əlindən gələni eləsin.

Bizimyol.info xəbər verir ki, A.Hüseynovun özü və ailəsinin yaşadığı yeganə ev əllərindən alınıb. Həmin qərarı məhkəmədə mübahisələndirmək istəyir, amma bunu da eləyə bilmir. Yasamal Rayon Məhkəməsinin hakimi Təhminə Xəlilova qərar çıxarıb ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin evin A.Hüseynovdan alınıb Fuad İbrahimova verilməsi barədə qərarından məhkəməyə şikayət etmək üçün müddət ötürülüb. A.Hüseynov isə bildirir ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsi onlara qərarı nə vaxt veriblərsə, onlar da dərhal şikayət veriblər. Əgər qərar onlara gec verilibsə, bu, onun günahı deyil, cəzasını da o və ailəsi çəkməməlidir.

A.Hüseynovun ailəsilə birlikdə yaşadığı mənzil Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 1054 ünvanındakı 18 mərtəbəli binada yerləşir. Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərov həmin mənzilin A.Hüseynovdan alınıb borclu olduğu Fuad İbrahimova verilməsi barədə qərar çıxarıb.

A.Hüseynov qanunvericiliyə əsaslanıb deyir ki, bu qərar qanunsuzdur. Qanuna görə, ailənin yeganə yaşayış yeri müsadirə oluna bilməz. Yəni ailənin yaşamağa başqa yeri yoxdursa, həmin mənzilin müsadirəsini qadağan edir. Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı Qərarında məhkəmə qərarı icra olunarkən tələbin əmlaka yönəldilməsinə yol verilməyən hallar da əksini tapıb. O hallardan biri də borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzilin olmasıdır.

A.Hüseynovun sözlərinə görə, bu qanunsuzluq bir yana, heç 26 fevral 2019-cu il tarixli həmin qərar haqda onu vaxtında məlumatlandırmayıblar. İki ay sonra - apreldə bundan xəbər tutan kimi isə məhkəməyə müraciət ediblər. Məhkəmə də şikayətə baxmaqdan imtina edib.

Yasamal Rayon Məhkəməsinin hakimi Təhminə Xəlilova qərardadda yazır ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin qərarı Ağası Hüseynovun qeydiyyatda olduğu ünvana vaxtında göndərilib, binanın nəzarətçisinə verilib.

"Binanın nəzarətçisi məktubu alsa da, nə mənə, nə də ki, ailə üzvlərimə təqdim etməyib. Ümumiyyətlə, bu barədə məlumat verməyib. Qərardad rəsmi olaraq, mənim nümayəndəm və vəkilim olan Ramiz İbrahimova 15 aprel 2019-cu ildə təqdim edilib. Göründüyü kimi, şikayətin verilməsi üçün müddət tərəfimizdən ötürülməyib. Əksinə, qərarı bizə göndərənlər qanunvericiliyin tələblərinə əməl etməyib. Heç bir səlahiyyətə malik olmayan şəxsə - binanın nəzəratçisinə qərarı vermək nə deməkdir?"

A.Hüseynov bu qəraraaddan apellyasiya şikayəti verib. Deyir, ümid edir ki, bu instansiyanın hakimləri Prezidentin "Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında" fərmanına, vətəndaşları incitməmək barədə göstərişlərinə əməl edəcəklər.

"Hörmətli İman müəllim, xahiş edirəm, ailə üzvlərimin küçədə qalmasına imkan verməyin. Bu işdəki kənar müdaxilələrin qarşısını alın...", - deyə A.Hüseynov Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevdən xahiş edir.

Son xəbərlər
Bütün xəbərlər »