Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Asiyanın öz ATƏT-i nə vaxt yaranacaq?

Bu ilin əhəmiyyətli siyasi hadisələrindən biri şübhəsiz ki, Asiya dövlət başçılarının iştirakı ilə keçiriləcək beşinci Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) olacaq. Bəri başdan qeyd edək ki, həmin forum iyunun 15-də Tacikistanın paytaxtı Düşənbədə baş tutacaq. AQEM əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etməklə, Asiyada sülhün, təhlükəsizliyin və stabilliyin təmin edilməsi məqsədilə yaradılıb.

AQEM çox ciddi təşkilat olmaqla özündə 27 dövlətin üzvlərini birləşdirir və Asiya ərazisinin və əhalisinin 90 faizini əhatə edir. Bundan əlavə, 8 dövlət və 5 beynəlxalq təşkilat, o cümlədən BMT müşahidəçi statusuna malikdirlər.

Maraqlıdır ki, AQEM-in yaranması təşəbbüsü ilk dəfə 1992-ci ilin oktyabrında BMT-nin 47-ci sessiyasında o zaman hələ bir yaşı tamam olmayan dövlətin prezidenti tərəfindən irəli sürülmüşdü. Bu, keçmiş Sovet İttifaqı respublikalarından olan Qazaxıstanın prezidenti Nursultan Nazarbayev idi.

“İkinci aspekt, hansı ki, mən onun üzərində dayanmaq istəyirəm, bu, bizim qitədə - Asiyada, daha geniş mənada isə Avroasiyada sülhün və təhlükəsizliyin qorunması ilə əlaqədardır. Söhbət Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin keçirilməsi ilə bağlı Qazaxıstan Respublikasının təşəbbüsündən gedir. Qitədə ATƏT formatında təhlükəsizlik və əməkdaşlığa dair yeni bir strukturun yaradılması haqqında ideya çoxdan havada dolaşır, ancaq hələ ki, geniş təsdiqini tapmır”, - deyə o zaman Nazarbayev bildirmişdi.

Yeri gəlmişkən, AQEM-lə əlaqədar özünün ilk çıxışında qazax prezidenti ATƏT formatında mərhələli bir təşkilatın yaradılması barədə uzaqgörən fikirlərini hələ o vaxt dəqiq ifadə etmişdi. Bu plan Nazarbayevin rəhbərliyi altında Qazaxıstanın diplomatik korpusu, həmçinin qitənin digər ölkələri və layihənin reallaşmasında maraqlı tərəflərin böyük səyləri nəticəsində reallaşmışdı. O vaxt Nazarbayev bunun üçün təxmini vaxt da müəyyənləşdirmişdi: 2000-2005-ci illər.

AQEM olkeleri

4 iyun 2002-ci ildə Qazaxıstanın o vaxtkı paytaxtı Alma-Atada 16 ölkənin iştirakı ilə AQEM-in ilk müşavirəsi keçirildi. Sammitin yekunu olaraq Alma-Ata aktı qəbul olundu, təşkilatın Nizamnaməsi qəbul olundu və s.

Həmin dövrdə Qərb buna o qədər də əhəmiyyət vermədi, ancaq Hindistan və Pakistan rəhbərlərinin ənənəvi olaraq müxtəlif mehmanxanalarda qalmasına baxmayaraq, öz çıxışlarında mövqelərini bir qədər yumşaltmaları bəzi KİV-lərin nəzərindən qaçmadı. “Belə bir təəssürat yaranır ki, Alma-Ata sammiti iki dövlət arasında hərbi vəziyyətin gərginliyini bir qədər aşağı salıb”.

Qazax lideri onu da qeyd edirdi ki, Alma-Ata aktının qəbul edilməsi heç də sabah Asiyada ATƏT formatının yaradılması demək deyil. Bununla yanaşı, belə vacib sənəd irəlidə konkret danışıqlar və məsləhətləşmələr nəticəsində AQEM-in təşkilatlanması üçün zəmin yaradır.

Hazırda AQEM-in katibliyi Qazaxıstanda yerləşir və təşkilat BMT ilə əlaqələri möhkəmləndirməyə çalışır, eyni zamanda Asiyada sülhün möhkəmləndirilməsi, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunması üçün səylər göstərir. Sammit çərçivəsində xüsusi sənəd qüvvədədir: qarşılıqlı etimad kataloqu. Burada qarşılıqlı etimada dair beş istiqamət müəyyənləşib: iqtisadi, ekoloji, humanitar, yeni konflikt ocaqlarına qarşı mübarizə və hərbi-siyasi. Əslində, bütün sadalanan beş sahə üzrə işlər başlanıb.

21 may 2014-cü ildə AQEM-in Şanxayda keçirilmiş 4-cü Sammitində Nursultan Nazarbayev Asiyanın İnkişafı və Təhlükəsizliyi Təşkilatının (AİTT) yaradılması barədə təşəbbüs irəli sürüb.

“Dünyanı qlobal böhranların bürüdüyü bir vaxtda, biz Asiya ölkələri - qitənin sülh yolu ilə inkişafı ilə özümüz məşğul olmalıyıq. Bu məsələdə AİTT mühüm rol oynaya bilər”, - deyə Qazaxıstan prezidenti bildirib.

Beləliklə, 1992-ci ildə postsovet ölkələrindən birinin lideri BMT tribunasına çıxır və Asiya üçün ATƏT formatında bir təşkilatın yaranmasını təklif edir. Bəs sözügedən qitənin nümayəndələrini nə vadar etdi ki, bu təklifi qəbul etsinlər? Axı, onların çoxu minillik tarixə malik olmalarından bəhs edirdilər…

Sözsüz ki, hələ müstəqilliyə qədər Nazarbayevin Qazaxıstanda nəhəng nüvə poliqonunun ləğv olunması ilə bağlı qərarı o vaxt bir çox dövlətlərin nəzərindən qaçmamışdı. Təbii ki, məsələ təkcə heç də bununla bitmirdi. O vaxt qazax lideri qısa və yığcam danışsa da, istər dünya, istərsə də Asiya ilə bağlı çox dərin təhlillər ortaya qoymuşdu. Bəşəriyyətin sülhə möhkəm ehtiyac duyduğunu vurğulayan Nazarbayev ona görə də belə ciddi problemlərə diqqət yetirməyin vacibliyini önə çəkmişdi.

Bu gün etiraf etmək lazımdır ki, AQEM də, Avrasiya İqtisadi İttifaqı kimi məhz Nazarbayev kimi siyasətçinin təfəkküründən doğan bir ideyadır. AQEM yaradılması təklifi bir daha qazax liderinin uzaqgörənliyini həm dünyada, həm də regionda sülh və əmin-amanlığın qorunmasına nə dərəcədə həssas, ciddi yanaşdığının göstəricisidir.

AQEM-in qarşıdakı Beşinci Sammitində 20 ölkənin birinci şəxslərinin iştirakı gözlənilir. Əgər indiyədək görülmüş işləri və AQEM dövlətlərinin tədbirdə yüksək səviyyədə təmsil olunacaqlarını nəzərə alsaq, onda əminliklə söyləmək olar ki, Sammit qarşılıqlı etimadın möhkəmləndirilməsi prosesində, həmçinin bir çox vacib məsələlərin müzakirəsində mühüm rol oynayacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »