Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Arvadını sürüyərək balkondan aşağı atıb" - Foto

Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən “Buta Palace”ın art direktoru Ramiz Taxvelinin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə R. Taxvelinin vəkili vəsatət verərək müvəkkili barəsində təkrar tibbi və psixoloji ekspertiza keçirilməsini istəyib. Hakim vəsatəti baxılmamış saxlayıb.

R. Taxveli Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır. O, məhkəməyə əlil arabasında gətirilib. Şüşə qəfəsdə deyil, konvoyun nəzarəti ilə salonun girişində əlil arabasına yerləşdirilib. O, proses zamanı rabitəsiz nitqlər söyləyib, öz-özünə tez-tez “nə olar, belimi qaşıyın” deyərək ağlayıb.

Daha sonra dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib.

İttihama görə, R. Taxveli ilk qızı Aliyanin epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib. O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb və oyadıb. Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb. Uşaqlar atalarına yalvarıb analarını çağırsalar da, R.Taxveli buna əhəmiyyət verməyib. Adelyanı sürüyərək balkona çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və balkondan aşağı atıb.

İttihama münasibət bildirən R. Taxveli nədə təqsirləndirildiyini anladığını deyib, lakin günahı olmadığını bildirib.

O, rus dilində sərbəst ifadə verərək deyib ki, Adelya ilə bir-birilərini çox seviblər:

“Dəlicəsinə sevirdik, birinci qızımız xəstə oldu, beyin xəstəliyi var idi. Amma münasibətlərimiz əla idi. Qızımı müalicə üçün Türkiyə, İsrailə aparmışdıq. İkinci qızımız sağlam oldu. Hadisə olan gününü ümumiyyətlə xatırlamıram. Hərdənbir marixuana çəkirdim. Maşındakı maddələrin isə kimin olduğunu bilmirəm, amma mənim ola bilməzdi. Qızımı yerə vurmağım isə mümkün deyil. Hamısı şər-böhtandır. Bizi tanıyanlar bilir ki, belə bir şey ola bilməz. Biz bir-birimizi çox sevirdik”.

Mərhum A. Taxvelinin anası Samirə Süleymanova ifadə verərək deyib ki, qızı və Ramiz özləri tanış olub, bir-birilərini seviblər: “Qızım məktəbdə oxuyanda bunlar orada səhnələr təşkil ediblər, həmin vaxt tanış olublar. Sonra qızım oxumağa ABŞ-a getdi, qayıdandan sonra yenə danışdılar. Adelyanın 19 yaşı olanda evləndilər. Qızım onu çox istəyirdi, Ramizin xasiyyəti pis idi, amma hər dəfə Adelya deyirdi ki, “mama, Ramiz artıq düzəlir". Ramiz qızım hamilə olanda da onu incidirdi, o vampirdi”.

Bu zaman R. Taxveli ağlayaraq “burada mənim taleyim həll olunur” deyib.

S. Süleymanova ifadəsinin davamında bildirib ki, Aliyanı həmişə onlar müalicə etdiriblər: “Ramiz yaxın durmurdu, pul da vermirdi. Adelya ikinci uşağa hamilə olanda Ramiz deyirdi ki, “uşağı istəmirəm, çünki mən nəsə içmişdim, birdən yenə elə olar”. Amma uşaq normal oldu. Qızım doğuşa tək getmişdi, həmin vaxt Ramiz dərman atdığı üçün özündə deyildi, adekvat hərəkət etmirdi, qəribə sözlər danışırdı. Qızının olmasını bir sutka sonra bildi.

Hadisə günü axşam saat 12-də Ramiz “WhatsApp”da mənə qanlı barmaq şəkli atdı. Bir az sonra mənə yazdı ki, “bağ evində özümü şübhəli aparmışam, kimisə incitməmişəm?” Mən də dedim yox, mesaj yazdı ki, “öldürə bilmirəm də”, soruşdum “məni?”, dedi “hə, ancaq Aliyaya yazığım gəlir”. Bir az sonra yazdı ki, bunları yadından çıxart. Ardıyca yolka şəkli atıb “bu bizim yolkamızdı, bu gecə rahat yat” yazdı. Son cümləni bir neçə dəfə təkrar yazdı, mən qızıma zəng etdim. Adelya yuxulu idi, dedi uşaqların yanında yerdə yatıb qalmışam. Ramizin yazdıqlarını dedim, Adelya dedi fikir vermə, sağollaşdı. Səhər saat 8-də evdən çıxanda gördüm bacımla qohumlarımız gəlib qapının ağzında dayanıb. Dedilər Adelya yıxılıb, əzilib. Xəstəxanaya getmək istəyəndə dedilər vəfat edib”.

R. Taxveli bütün proses gedişatında ağlayaraq qəribə hərəkətlər edib, rabitəsiz sözlər deyib.

Proses iyunun 14-də davam etdiriləcək.

İstintaq bu işdə T.Taxvelinin mərhum arvadı Adelya Taxvelidən başqa, qızı Aliya Taxvelini də zərərçəkmiş kimi tanıyıb.

Hadisə 2018-ci il dekabrın 10-da gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib.

İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb. Məlum olub ki, A.Taxvelinin mübahisə zəminində əri Ramiz Taxveli balkondan aşağı atıb.

R.Taxvelinin maşınına baxış keçirilən zaman bir ədəd kibrit qutusunda 5,6 qram marixuana aşkar edilərək görülüb. O, narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib.

Mərhum Adelya Taxveli Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumu olub. 30 yaşında vəfat edən Adelyanın anası nazirin xalası qızıdır.

Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.

Son xəbərlər
Bütün xəbərlər »