Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mənə irad tutanda az qaldım ki, onu döyəm...”

“Azərbaycan xalqı şair xalqdır heç vaxt bizim sözlərimiz ola bilməz ki, mənasız olsun, amma bizim mahnılarımızda çox qüsurlarımız var”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Baloğlan Əşrəfov xalq mahnılarımızın sözlərindəki səhvlərdən danışarkən deyib. B.Əşrəfov bildirib ki, bu gün də həmin mahnılar düzgün variantda ifa edilmir:

“Universitet illərində biz xalq mahnılarımızın sözləriylə çox maraqlanırdıq, amma elə məqamlar oldub ki, sözümüzü deyə bilməmişik. Məsələn, mənim nə ixtiyarım var idi ki, deyəm “bağa girdim üzümə, yar sataşdı gözümə...”, bunu belə oxusaydım, deyərdilər ki, “ sən səsini kəs, bu mahnını bilirsən kimlər oxuyub?!”. Sözümüzü deyə bilmədiyimizə görə də mahnılarımızdakı səhvlər belə də qaldı. Azərbaycan xalqı şair xalqdır heç vaxt bizim sözlərimiz ola bilməz ki, mənasız olsun, amma bizim mahnılarımızda çox qüsurlarımız var. “Araz axar qıyqacı” mahnısını vaxtilə lentə aldım və gözəl də ifa etdim, amma sonradan bildim ki, mən də o biriləri kimi sözləri səhv oxumuşam. Baxmayaraq ki, çox xərc çəkmişdim xəcalətimdən bu mahnını blokladım və daha oxumuram. Mənim dediyim sözlərdəki xətadır. Məsələn, “bağa girdim üzümə, yar sataşdı gözümə, istədim ki, gizlənim, tikan batdı dizimə...”, mən burda yardan gizlənirəm düzgün ifadə belədir. Azərbaycanın korifey sənətkarlarından olan Şövkət xanım Ələkbərovanın bir mahnısının sözlərində də səhv gedib, amma bədii şura bunu bağışlayıb. Mahnı belədir, “ay ellər, ay ellər, dünən axşam büllur kimi könül sındırmışam”. Ş.Ələkbərova isə “ay ellər dünən axşamçağı bir könül sındırmışam” kimi oxuyur. Hətta bu mahnının düzgün variantını mən oxuyanda tanınmış qadın müğənnilərdən biri mənə irad tutanda az qaldım onu döyəm ki, get qələtini elə, sən nə bilirsən mahnının sözləri necədir. Yəni belə şeylər də olur”.

B.Əşrəfov ixtisasca filoloq olduğu üçün belə şeyləri araşdırdığını bildirib və digər sənət yoldaşlarında fərqinin olduğunu deyib:

Mənim digər müğənnilərdən bir fərqim var. Maşallah hamısı gözəl-göyçək, yaraşıqlı səsləri də gözəldi. Fərqim odur ki, Azərbaycan musiqi tarixində bir nəfər mən Kirov adına Universtitetin, indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Özü də bir Allah şahiddir ki, öz bacarığımla oranı bitirmişəm. Yəni bu mənim o zamanki gördüyüm, bildiyim şeydir. Paralel olaraq oxumağım da var idi. Çalışırdım ki, qaydalara riayət edim və özünüz də görürsünüz ki, mənim mahnılarımda heç vaxt səhv sözlər ola bilməz, olsa da onun da səbəbi olub. Bunu da dünya dağılsa, deyə bilmərəm. Azərbaycanda istədiyin müğəniyylə diz-dizə oturub bədii savadla söhbət etməyə hazıram. Onların musiqi savadı, evləri-eşikləri yaxşı ola bilər, amma gəlsinlər üzbəüz dayanaq ədəbiyyatdan söhbət edək.

B.Əşrəfov onu “Uçan quşlar” mahnısına görə tənqid edənlərə də cavab verib:

“Bu mahnını niyə və nəyə görə tənqid edirlər?! Bu mahnını bəyənməyənin ola bilsin ki, qanında azərbaycanlı qanı yoxdur. Əslinə qalanda bu mahnımda dini fikirlər də var. Bunu kimsə tənqid edirsə, başını divara vurur. “Ay uçaq quşlar, siz qanad salın, yar gələn yoldan bir xəbər alın...”. Nə qədər tərbiyəsiz adam olasan ki, bu mahnını başa düşməyəsən. Kimin bununla bağlı fikirləri varsa, gəlsin üzbəüz oturaq görüm onun savadı varmı? Müğənnilik mənə Allah tərəfindən verilən bir paydır ki, bununla xalqa xidmət edirəm. Əslinə qalanda mənim ixtisasım ədəbiyyatdır, müəllim olmuşam, o sahəyə xidmət etmişəm. Mənim saysız-hesabsız şeirlərim var, amma bunu heç vaxt deməmişəm. M.Füzulim, İ.Nəsimim olan yerdə mən kiməm ki, şair olduğumu deyəm. Mahnılarımın doxsan doqquz faizinin sözləri özümə məxsusdur. “Aytac” mahnımın sözləri də, musiqisi də mənimdir, amma heç vaxt bunu deməmişəm”.

Son xəbərlər
Bütün xəbərlər »