Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda elektromobillərə maraq niyə azdır?

Artıq bütün dünyada elektromobil satışında yüksək artım müşahidə olunur.

Daxili yanma mühərriki ilə işləyən klassik avtomobil bazarının böyüməsi, demək olar ki, dayanıb. Yaxın 10 il ərzində isə dünya avtomobil bazarının elektromobillər hesabına böyüyəcəyi proqnozlaşdırılır.

Statistikaya görə, 2017-ci ildə dünyada əvvəlki ilə nisbətən bu avtomobillərin satışı 70 faizə yaxın artaraq 1.2 milyon ədəd olub. 2018-ci ildə də 2017 ilə müqayisədə təxminən 70 faizlik artım qeydə alınıb və ümumi satışın həcmi 1.9 milyon ədədə çatıb. 2018-ci ilin nəticələrinə əsasən, artıq dünyada avtomobil parkının 3 faizini elektromobillər təşkil edir.

Qonşu Türkiyədə ötən il 155 elektromobil satılıb və 2012-ci ildən bu yana satılan elektrokarların sayı 657-yə çatıb. Rusiyada da ötən il elektromobil satışının 72 faiz artdığı açıqlanır. Azərbaycanda isə hələ də bu avtomobillərə maraq zəifdir.

Ötən ilin dekabrında Prezident İlham Əliyev tərəfindən “Yol hərəkətinin təhlükəsizliyinə dair 5 illik dövlət proqramı”ı təsdiq edilib. Həmin proqramda göstərilir ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə şərait yaradılmalıdır. Bu ildən isə qanunvericiliyə edilən dəyişikliyə əsasən, Azərbaycana elektromobillərin idxalı ƏDV-dən də azad edilib. Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində rüsum ödəmək lazım gəlir. Bütün atılan addımlara baxmayaraq hələ də, bu sahəni stimullaşdırmaq mümkün olmayıb. Benzinin qiymətinin yüksək olduğu, eləcə də ekologiyanın zəhərli qazlarla çirkləndiyi bir vaxtda elektromobillərin istifadəsi ən doğru seçimdir. Digər tərəfdən isə bu avtomobillərin aylıq xərci cəmi 20-30 manat təşkil edir. Bəs ölkəmizdə elektromobillərdən istifadə və bu avtomobillərin Azərbaycana idxalı hansı səviyyədədir? Ölkə əhalisinin elektrokarlardan geniş istifadəsi üçün nə etmək lazımdır? Niyə həm maddi cəhətdən sərfəli, həm də ekoloji baxımdan zərərsiz avtomobillər əhali arasında populyar deyil?

Hazırda elektromobillər ənənəvi yanacaqla işləyən avtomobillərdən yalnız qiymət və enerji toplamaq üçün infrastrukturun məhdudluğu baxımından geri qalır. Bu avtomobillərin qiymətini bahalaşdıran əsas amil isə onların batareyalarıdır. Son illərdə onların təkmilləşdirilməsi və ucuzlaşdırılması istiqamətində müəyyən irəliləyişlər olsa da, hələ də yüksək olaraq qalır. Azərbaycanda belə avtomobillərin satışına 2015-ci ildən başlanıb. Sonradan sifarişlərin sayında artım olsa da, ekspertlər bu rəqəmin 10-15 civarında olduğunu deyirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Virtualaz.org-a bildirib ki, ölkədə elektrokarlardan geniş istifadəni stimullaşdırmaq üçün 3 istiqamətdə addımlar atılmalıdır. Birincisi, pr, təbliğat, təşviqat kampaniyasıdır. Bunu kütləvi şəkildə cəmiyyətdə yaymaq lazımdır, cəmiyyətin əhval ruhiyyəsini, şüurunu buna uyğunlaşdırmaq lazımdır. Çünki insanların çoxunun elektrokarlardan xəbəri yoxdur.

İkinci addım isə həmin nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi üçün güzəştli şərtlərlə bağlıdır: “Gömrük sadələşdirilməsi olmalıdır, sığorta və digər sahələrə diqqət yönəltmək olar. Məsələn, elə ölkələr var ki, orada elektrokarlara avtobus zolağı ilə hərəkət etməyə icazə verilir. Və yaxud da, bəzi ölkələrdə bələdiyyə balansında olan parkinqlərdə onlara pulsuz və ya lap aşağı tariflərlə parklamaya icazə verilir. Bizdə bu avtomobillərin ixracı olmadığına görə, idxalı stimullaşdırmaq olar. Müəyyən proqramlar hazırlamaq olar. Məsələn, istismara yararsız nəqliyyat vasitəsini gətirib təhvil verən şəxsə 0 gömrük tarifi və ya 0 vergi dərəcəsi ilə elektrokar idxal etməyə icazə verilə bilər”.

Ə. Hüseynov deyir ki, üçüncü addım bu nəqliyyatın Azərbaycanda istifadəsi üçün infrastrukturun yaradılması ilə bağlıdır. Bu avtomoillərin təmiri və enerji ilə doldurulması üçün ölkədə şərait olmalıdır.

Bu avtomobillərdən istifadə bizə nə verə bilər? Ekspert deyir ki, hazırda Azərbaycanda bu avtomobillərin sayı cəmi 10-15 ədəddir. Dünyanın hər yerində bu avtomobillərdən ona görə geniş istifadə olunurdu ki, ekeloji baxımdan daha əlverişlidir. Təhlükəsizlik, yol hərəkətində sürücünün rahatlığı baxımından, sürücüyə yardım edən çoxlu sistemlərin olmasına görə də bu avtomobillər çox sərfəlidir.

Qeyd edək ki, artıq bəzi tanınmış markaların Bakı nümayəndəlikləri elektromobil satışı ilə bağlı fəaliyyətlərini aktivləşdiriblər. "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün infrastrukturun yaradılması nəzərdə tutulub. 2020-ci ildən etibarən isə respublikada elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir. Azərbaycanda bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir.

Son xəbərlər
Bütün xəbərlər »