Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR və IBM süni zəka aləti yaratdı – Adı “Aliyə”dir

Neft və qaz hasilatında yüksək nəticələrin əldə olunması məqsədilə qazma mühəndisliyində süni zəka tətbiq olunur.

Banker.az xəbər veriru barədə SOCAR-ın rəsmi səhifəsində məlumat verilib.

Belə ki, “Aliyə” adlanan yeni alət əvvəl qazılmış quyulara dair məlumatlar əsasında bir neçə saniyə ərzində mürəkkəb analitik əməliyyatları yerinə yetirə bilir. Belə bir prosedur yalnız insan tərəfindən yerinə yetiriləndə bir aydan çox vaxt tələb edir.

Süni zəka aləti mühəndislik prinsipləri, quyuların layihələndirilməsi üzrə metodologiya və təcrübəni, habelə mürəkkəb məlumat bazasından istifadə edərək mühəndislərə tez və effektiv şəkildə bir neçə konseptual quyu konstruksiyası yaratmağa, həmçinin, layihələrin xərcləri və vaxtını planlaşdırmağa, əsas göstəriciləri ölçməyə və riskləri müəyyənləşdirməyə imkan verəcək.

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov bunu neft-qaz sənayesinə verilən töhfə kimi dəyərləndirib:

“2018-ci ilin noyabrında bu təşəbbüsə start verildiyi zaman mən tam əmin idim ki, bu əməkdaşlıq nəticəsində, 2019-cu ilin fevralında Bakıda Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) konfransına real bir layihə təqdim edəcəyik. Amma həmkarlarım bundan da tez, artıq iki ay sonra – yanvar ayında “Aliyə”ni mənə təqdim edəndə heyrətə gəldim.

Bu, bütün sənaye üzrə quyuların layihələndirilməsi və məlumatların idarə olunması sahəsində qarşımızda nəhəng imkanlar açır. Sevindirici haldır ki, dünyada ilk neft quyusunun qazılmasından 170 il və “Neft Daşları” kimi əfsanəvi dəniz yatağında dünyanın ilk ofşor quyusunun qazılmasından 70 il ötəndən sonra Azərbaycanın belə bir zəngin tarixi irsə malik olan milli brendi SOCAR dünyanın aparıcı şirkətlərindən biri olan IBM ilə birlikdə bu cür mütərəqqi texnologiyanı yaratmaqla neft-qaz sənayesinə daha bir töhfə verdi”, – deyə o bildirib.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bunu tammiqyaslı rəqəmsallaşmağa doğru ilk addım sayır:

“IBM ilə birlikdə biz yeni və maraqlı dövrün astanasındayıq. “Aliyə” əməliyyatlarımızın tammiqyaslı rəqəmsallaşmasına doğru atılan ilk addımdır. Biz neft-qaz sənayesinin bütün sahələrində apardığımız əməliyyatların rəqəmsallaşması üçün CIC ilə birlikdə, paralel olaraq, bir neçə layihə üzərində işləyirik”.

SOCAR və IBM gələcəkdə “İnnovativ Qaraj” layihəsi çərçivəsində yerin və dənizin təkində aparılan kəşfiyyat-hasilat əməliyyatlarında, quyularda, satınalma və təchizat zəncirinin idarə olunmasında və SOCAR-ın bir çox digər əməliyyat sahələrində süni zəka texnologiyasının tətbiqini və şirkətin mövcud rəqəmsallaşma strategiyası ilə uzlaşdırılmasını planlaşdırırlar.

Son xəbərlər
Bütün xəbərlər »