Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yaşıl köynəkli oğlan”

Yadımızdakı, yanımızdakı Vaqif Bayatlı

Son dəfə dəniz qırağında – bulvarda görmüşdüm. Əlini-qolunu yelləyə-yelləyə tək-tənha gəzirdi. Yerişi eləydi ki, dedim Şairi külək qatıb qabağına aparır. Üzü o yana – Azneftə tərəf gedirdi. Nə fikirləşdisə (ya da nə fikirləşmədisə), dabanı üstə fırlanıb geri qayıtdı. Qayıdan kimi də məni gördü. Dayandı, bir az baxdı: “Həəəə”.

“Salam-əleyküm, nə var, nə yox? İndi haralardasan? Nə işlə məşğulsan? Gör nə qədər vaxt keçib? Saçını ağartmısan. Ya da yox, saçın ağarsa da, özün cavan qalmısan. Tale bizi necə səpələdi. Sən də mənim kimi kəndə gedə bilmirsən?! Yox, qağa, yox, torpaq getdi. Bəlkə sən görəsən, mənim day gümanım yoxdu. Ağlım kəsmir day kəndə qayıdam.

Yalandan deməyəcəm. Yazılarını oxumuram, nə yalan deyim?! Bəlkə də heç nə yazmırsan. Qəzet oxumuram. Hövsələm də qalmayıb...” – bunların hamısı o uzun “həə”nin içindəydi. Şair demədi, amma mən ürəyimlə eşitdim. Bu ara qulağım üçün də bir-iki söz dedi:

- Yadımda, o vaxtlar – qabaqlar sənin proqnozların düz çıxırdı. Sonra bir-ikisi düz çıxmadı.

Pauza verib elə bil birinci dəfə görürmüş kimi uzun-uzadı üzümə baxa-baxa, bir də pencəyimin düyməsini oynada-oyanada güldü. Hardasa 4-5 dəqiqə düymə ilə “əlləşib” birdən ciddiləşdi və: “Yoo, yoo. Səndə günah yoxdu ey. Bu ölkədə nə proqnoz?! Proqnoz vermək olmur ki! Sən fikir eləmə, sən fikir eləmə”, deyib qəfil aralandı.

“Çox şeydə - ölkəmiz,

ağıllılıqda da, elə dəlilikdə də

dünyada ən zəngin bəlkə -

Koroğludan üzübəri hətta dəliliklə

fəxr edən tək ölkə”.

Uzaqlaşan Şairin arxasınca özüm də bilmədim onun bu şeirini niyə dedim? Bəlkə də onu maraqlandırıb daha bir az da saxlamaq üçün. Çünki heç mən bir söz deyə bilməmişdim, macal olmadı, özü danışdı, özü də gedir. Şeirini eşidib geriyə belə qanrılmadan: “Eşq! Eşq” Eşq! Sən yaxşı oğlansan. Özünü qoru” deyə-deyə getdi. “Özünü qoru” sözlərini çətinliklə eşitdim. Şair gözdən itincə arxasınca baxa-baxa qaldım.

Özünəxas şirin qəribəlikləri olan Vaqif Bayatlının sol əlini yuxarı qaldırıb: “Eşq!” Eşq! Eşq” deməsi mənə bəs eləmişdi. Bundan çox duyğulandım doğrusu. Çünki “eşq” sözünün üç dəfə təkrar deyilişi o zaman işlədiyimiz Tərcümə Mərkəzində “salam-əleyküm”ün və eyni zamanda “salamat qal”ın da Vaqif Bayatlı variantı idi. Mən hələ universitetin sonuncu kursundaykən ora gəlib düşmüşdüm. Otağın birində Vaqif Bayatlının yaradıcı emosionallığı, o birində Arif Əliyevin işgüzar rasionallığı - birində öz dilimizdə Vaqifin çıxardığı “Xəzər” jurnalı, birində Arif Əliyevin rusca “ Xazar”ı. Mən “Xazar”daydım, ruscada. Hər iki jurnalın da başı Aydın Məmmədova “bağlanırdı” – Tərcümə Mərkəzinin sədri, böyük alimimiz Aydına. Hündürboy, alagözlü (bəlkə də qonurgözlü), gülərüz Aydın.

...Payız vaxtı əlini gödəkcəsinin ciblərində gizlədib uca boyu və ağıllı, mehriban baxışları ilə bizim otağın qapısında peyda oldu:

- Nahar vaxtıdır, durun, durun gedək Səmayə xalanın yanına, Allah verəndən bir tikə çörək yeyək...

Biz (mən və indi “Azadlıq” radiosunda – Praqada işləyən Rövşən Əliyev) utana-utana:

- Aydın müəllim, işləyirik axı. İşimiz çoxdur.

- Dur, dur, nə iş?! Bu xarabanın yiyəsi mən deyiləm?! – uzun, içdən bir gülüş.

Bəlkə də Səriyyə xalaydı. Amma mənim yadımda Səmayə xala kimi qalıb. Onun deyəsən əri ilə birlikdə işlətdiyi kafeyə gedirik. O bizdən qabaqda uca qaməti, ləngərli yerişiylə, biz də Rövşənlə balaca boyumuzla, sıxıla-sıxıla. Utanmağımız bir az əvvəl özümüzü naza qoymağımızdan deyil təkcə. Hər dəfə yeməyin pulunu Aydın müəllim verir deyə.

Kafeyə gəlirik. Natiq Səfərovla Vilayət Rüstəmzadə artıq “hazırdılar”. Sifariş etdikləri iki şiş kababı ordan-burdan didələyiblər. Ancaq araq şüşəsinin dibinə yetişiblər. Vaqif Bayatlı qreçka-püre, üstündə də qulyaş sifariş edib, ancaq başı qarışıb Nazim Əhmədli və Akif Əhmədgillə mübahisəyə, yemək soyuyur. Afaq Məsudun povestindən söhbət gedir. Tehran İmranoğlu səssiz-səmirsiz onlara qulaq asır – o da yeməyə pauza verib (bəlkə də Selincerin “Çovdarlıqda uçurumdan qoruyan”ındakı hansısa sözün dilimizdə qarşılığını axtarır beynində). Hardasa uzaq küncdə Əlisəmid Kür sağlıq deyir. Səmayə xala hərdən gəlib yeməklərin getdikcə azalan temperaturu haqda zəruri xatırlatmalar etməsə, şairlər ac qalacaqlar...

Mən o günlərim üçün çox darıxıram. Aydın da, hərdən oralara qonaq gələn bülbül avazlı xanəndəmiz Səxavət Məmmədov da, Vilayət də, Natiq Səfərov da... bir növ itirdiyimiz o torpaqlara bənzəyir. Onlar qayıdası deyil. Şükür, Vaqif Bayatlı bizimlədir. Amma torpaqsız. Cəbrayılsız, Qarabağsız... O zaman – bəlkə də o kafedə danışmışdı Vaqif Bayatlı. Deyir: “Kəndə getmişəm, anam soruşdu ki, “a bala, o şəhərdə nə işə baxırsan?” Fikirləşdim ki, doğrudan mən nə işə baxıram və anama necə çatdırım bunu?! Dedim: “Ana şair işləyirəm”.

Bu söhbəti o zamandan tez-tez xatırlayıram. Ancaq, bu, Vaqifin öz yumorudur, əslində o şair işləmir, doğrudan – doğruya Şairdir. Allahı, torpağı, göy üzünü, insanların gözündəki kədəri, buludu, yağışı – hər şeyi bu qədər sevən ancaq Vaqif olacaqdı. Bu yaşında da uşaq kimi sadə, bir az da anlaşılmaz...

Çox uzatdım deyəsən. Yaxşısı budur, elə bu yerdə onun özünün bir sevgi şeirini sizə “oxuyum”:

Səni niyə belə sevdim?

Səni niyə belə sevdim,

belə istədim niyə,

canımdakı min tikana,

bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı

görəmməyən varmı, hanı?!

həm gizlətdim, həm də hamı

bilə istədim niyə?

Min illərçün də Allahdan

Gecə-gündüz, hər an, hər an

səni özümə həm sultan,

həm də, həm də

kölə istədim niyə?!

Əla şeirdir. Belə. … Səni çox sevirik, “yaşıl köynəkli oğlan”!

Son xəbərlər
Bütün xəbərlər »