Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donald Trampın İlham Əliyevdən istədikləri

ABŞ Prezidenti Azərbaycanlı həmkarına nələri və niyə yazdı?

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü münnasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. ABŞ Prezidentinin məktubundan sitatlar və onun şərhini təqdim edirik.

Sitat: “Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir”.

Şərh: Donald Trampın bu cümlələrindən bəlli olan budur ki, ABŞ Azərbaycanla münasibətlərdə enerji sahəsində əməkdaşlığa xüsusi önəm verir və Azərbaycanın dünya neft və qaz bazarında mövqeyini qoruyub saxlamasında və artırmasında maraqlıdır. Bunun da əssasında dünya enerji bazarının, xüsusilə, Avropada enerji daşıyıcıları ixracatçılarından hər hansı birinin inhisarçı mövqe tutmasında ABŞ maraqlı olmadığını və Azərbaycanla enerji müttəfiqliyinin sabit qalmasını önəmli sayır. Məktubda adlar çəkilməsə də, ABŞ Rusiya və İran kimi iri neft və qaz ixracatçılarının enerji bazarında hakim mövqelərə sahblənməsini istəmir və bunu enerji təhlükəsizliyi üçün təhdid sayır. Ancaq bu günədək də Azərbaycan öz enerji resursları ilə müstəqil olaraq dünya bazarına çıxsa da, yaxın qonşuları olan bu iki dövlətlə də münasibətləri qoruyub saxlamağa nail ola bilib. Təbii ki, bundan sonra da bu xəttini dəyişməyəcək.  Bununla da həm Qərblə, həm də böyük regional qonşularla əlaqələrinin zərər görməməsi üçün addımlarını davam edəcək.

Sitat: “Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır”.

Şərh: ABŞ Prezidenti Mərkəzi Asiyanın enerji resurslarının da Avropaya çıxarılması yolunda Transxəzər layihəsinə dəstək verdiyini və bu layihədə Azərbaycanın mərkəzi dövlət, əslində ötürücü xab, mühüm tranzit ölkə olduğunu xüsusi olaraq vurğulamış olub. Əlbəttə ki, bu layihənin reallaşdırılmasına Xəzərin hüquqi statusu ilə bağlı Konvesiyanın qəbul edilməsinin, imzalamasının ayrıca təsiri var. Həm də bu, ikili xarakter daşıyan bir təsirdir; Konvensiya bu layihəni istisna etmir, eyni zamanda onun reallaşması üçün Xəzəryanı dövlətlərin razılığı da alınmalıdır. Əlbəttə, Xəzər hövzəsində Konsensus proseduru bütövlükdə bölgənin geosiyasi stabilliyini təmin edən faktor kimi çıxış edir, ancaq konkret olaraq sözügedən layihənin reallaşmasını da müəyyən bir çərçivə içərisinə almış olur. Təbii ki, Azərbaycan burada ötürücü xab rolunu oynaya bilər, amma Mərkəzi Asiyanın enerji resursları ilə zəngin iki ölkəsinin – Qazaxıstanın və Türkmənistanın verəcəyi qərarlardan daha çox asılıdır. Beləliklə, ABŞ Azərbaycanı Mərkəzi Asiyanı Şərqi Aralıq dənizi ilə birləşdirəcək enerji xəritəsinin tam mərkəzində vazkeçilməz, vacib ölkə kimi görür, prosesin liderliyini öz üzərinə götürməklə daha çöyük inkişaf imkanları əld edəcəyinə vurğu salır.

Sitat: “Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir”.

Şərh: ABŞ Azərbaycanın neftdən asılı olmayan sahələrin inkişafı üçün addımlar atdığını müşahidə edir. Belə məlum olur ki, ABŞ-ın Azərbaycandakı diplomatik missiyasının, eləcə də, başqa müvafiq qurumlarının, beynəlxalq ekspert dairələrinin hesabatları və məruzələri əsasında belə bir qənaətə gəlib ki, Azərbaycan hökuməti xarici sərmayələri öz ölkəsinə, xüsusilə də, qeyri-neft sektoruna cəlb etməyə yönəlmiş islahatlara start verib. Bu baxımdan, bu uzun illərdən sonra bu yaxınlarda ABŞ-Azərbaycan hökumətlərarası əməkdaşlığa dair birgə komissiyasının Bakıda  toplanması da sıradan və təsadüfi hadisə deyildi. Eyni zamanda Azərbaycana ABŞ-ın yeni təyin olunmuş səfrinin də ilk bəyanatlarında daha çox iqtisadi məsələlərə önəm vermısindən bəlli idi ki, Azərbaycanda gedən proseslər fonunda yeni qərarlar verilir və Vaşinqton son bir ildən çox müddətdə atılan addımları xaraktercə iqtisadi islahatlar olaraq görür. Ancaq bunların hələ başlanğıc mərhələdə olduğunu, başa çatmadığını, davam etdirilməsinin vacibliyini qəbul edir. Bu sitatın ikinci cümləsi idə o deməkdir ki, ABŞ Cənubi Qafqazın iqtisadi potensialının 70 faizinin cəmlışdiyi Azərbaycanda iqtisadi və sosial sabitliyin təmin olunmasının bütövlükdə bölgəyə əsaslı təsir edəcəyini ayrıca vurğulamış olur. Donald Tramp özü də uğurli iş adamı kimi ölkədə sabitliyin iqtisadi inkişafdan və sosial rifahdan asılı olduğunu bilir və vurğunu bu momentin üzərinə salmış olur; iqtisadi inkişaf və sosial rifah bir-birinin həm səbəbi, həm də nəticəsidir. Bu iki faktor siyasi sabitliyin və daxili təhlükısizliyin təminatını da yarada bilir. Onu da deyək ki, Azərbaycanın müxalif gücləri, xüsusilə, İlham Əliyevin Qərbyönümlü siyasii opponentləri verilən fərman və sərəncamların, atılan addımların yarımçıq, sistemsiz, bəzi hallarda hətta effektsiz olduğunu, cəmiyyəti sakitləşdirməyə yönəldiyini də iddia edir, bunların köklü islahat olmadığını əsaslandırmaq üçün müxtəlif faktlar və rəqəmlər göstırirlər. Aparılan işlərin kampaniya xarakteri daşıdığını, hətta aldadıcı olduğunu da deyirlər. ABŞ Prezidentinin məktubunda isə, dediyimiz kimi, hökumətin səyləri məhz iqtisadi və sosial islahatlar olaraq dəyərləndirilib.

Sitat:  “Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram”.

Şərh: Donald Tramp sonda təhlükəsizlik və demkratik islahatlar məsələsinə də çox ümumi toxunub. Doğrudur, Cənubi Qafqazın təhlükəsizlik bölgəsinə çevrilməsi üçün Azərbaycan Prezidenti ilə işləməyə hazır olduğunu deyir. Sitat gətirdiyimiz son cümlədəki fikirin açması budur ki, ABŞ öz strateji maraqları baxımından Cənubi Qafqazı bütöv görür və bölgədəki dinc demokratik proseslərin hər üç Cənubi Qafqaz respublikasını əhatə etməsini öncəliklərdən biri sayır. Burda Azərbaycanın adı ayrıca çəkilməsə də, bütövlükdə bu bölgədə cəmiyyətinə arxalanan, xalqın seçdiyi və dəstəklədiyi hakimiyyətlərlə əməkdaşlığın Vaşinqton üçün çox mühüm olacağına vurğu salır. Hər üç Cənubi Qafqaz ölkəsinin eyni siyasi dəyərləri bölüşə bilməsinin burada stabilliyə və dinc münasibətlərə gətirib çıxaracağına işarə edir. 2018-ci il də Azərbaycanda seçki ili oldu. Bu baxımdan, hər ikisi seçki ili olan 2019-cu və 2020-ci illər də çox önəmli fürsət illəri olacaq; bu seçkilər ciddi siyasi islahatlara başlamaq üçün imkan açacaq. Donald Trampın məktubunun diplomatik dildən “tərcüməsi”nin qısa rezyümesi belədir: Vaşinqton İlham Əliyevlə işləmək və islahatlar aparılmasına dəstək verməklə Azərbaycanı özünün daha yaxın tərəfdaşı kimi qəbul etmək istəyir. Bu istəklərin necə reallaşacağını isə zaman göstərəcək.

Bahəddin HƏZİYEV

Son xəbərlər
Bütün xəbərlər »