Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mxitaryanı vacib oyunçu adlandırmaq olmaz" - Xarici mətbuat

“Arsenal” onsuz da Avropa Liqasının Bakıda keçirilməsindən narazı idi. Əsas heyət oyunçularından Henrix Mxitaryanın Azərbaycana gəlməkdən imtinası London klubuna narazılıq üçün daha bir motiv verdi.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın məşhur “The Associated Press” informasiya agentliyi bu haqda yazı hazırlayıb. Yazıda Mxitaryanın Bakıya siyasi səbəblərdən gəlmək istəmədiyi bildirilib.

Yazının lap əvvəlində erməni futbolçunun fikri qeyd olunub. Mxitaryan deyib: “Bu elə oyundur ki, futbolçulara meydana çıxmaq tez-tez nəsib olmur. Oynamayacağıma görə çox pis oluram”.

UEFA bəyanatında Azərbaycanın siyasi hakimiyyətindən ən yüksək səviyyədə zəmanət aldığını bildirib. “Arsenal”a ümumi təhlükəsizlik planı da təqdim olunub.

AFFA “Arsenal”ın və Mxitaryanın qərarını əsaslandırılmamış adlandırıb: “Azərbaycanın təqdim etdiyi təhlükəsizlik zəmanətini şübhə altına almağa əsas yoxdur”.

Yazıda Dağlıq Qarabağın Azərbaycanın torpağı olması, amma erməni silahlı qüvvələrinin bu ərazini nəzarəti altında saxlaması yazılıb. Problemin beynəlxalq həll cəhdlərinin dalana dirəndiyi qeyd olunub.

Materialda Gənclər və İdman Naziri Azad Rəhimovun fikri də yer alıb: “Biz həmişə idmanı siyasi məsələlərdən ayrı tutmuşuq. Eləcə də Mxitaryan problemini”.

“Arsenal” biletlərin azlığından şikayət edib. Üstəlik, Bakıya təyyarə biletləri həmişə olduğundan bahadır.

“Arsenal” bəyanatında Mxitaryanı vacib oyunçu adlandırıb. Klub onun Bakıya gəlməməsini ciddi itki sayır.

Ermənistanın Xarici İşlər Nazirliyi isə Azərbaycanı lazımı təhlükəsizlik zəmanəti verə bilməməkdə qınayır. Azərbaycan tərəfi isə erməniləri manipulyasiyada ittiham edir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistanın idmanı siyasi alətə çevirmək istədiyini bildirib.

Agentlik yazır ki, Mxitaryanı lap o qədər vacib oyunçu adlandırmaq olmaz. Baş məşqçi Unai Emeri bir çox hallarda Məsut Özilə şans verir. Məsələn, Mxitaryan Avropa Liqasının “Napoli” və “Valensiya” ilə son oyunlarında meydana çıxmayıb.

Yazıda “Arsenal”ın son 13 ildə ilk dəfə bu səviyyədə final oynayacağı vurğulanıb. Bundan başqa, 2008-ci ildə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Ermənistan milli komandalarının eyni qrupa düşdüyü xatırlanıb. Onda görüşlər baş tutmamışdı. Həmin vaxtdan UEFA azərbaycanlılarla ermənilərin üz-üzə gəlməməsinə çalışır.

Son xəbərlər
Bütün xəbərlər »