Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Özümüzünkülər" və özgələr...

Son günlər Moskvada həmyerlimiz Fuad Abbasovun həbs olunması ilə əlaqədar gələn həyəcan dolu xəbərlərin ardı-arası kəsilmir. Təəsüf ki, gərəksiz, dəyərsiz, çox zaman “əttökən” mövzuları yaltaqcasına, canfəşanlıqla işıqlandıran bəzi milli KİV-lər “ağzına su alaraq susub.”

Başa düşmək lazımdır ki, söhbət təkcə Fuad Abbasovdan, onun hüquqlarının müdafiəsindən getmir. Söhbət Dövlətin xarici ölkələrdəki hər bir soydaşımıza sahib çıxmasından, öz vətəndaşlarının hüquqlarını qorumalı olmasından, bu insanların arxasında durmasından gedir.

Bu da bir həqiqətdir ki, öz doğma vətənində özünü ögey, unudulmuş, hüquqsuz bir varlıq kimi his edən insanlara çox zaman özlərini bir vətəndaş kimi hiss etmirlər. Düz 10 il bundan əvvəl yazılmış bu yazıda da söhbət məhz bu problemdən gedir.

“ ÖZÜMÜZÜNKÜLƏR” VƏ ÖZGƏLƏR...

İndi nəinki Bakıda, hətta məmləkətin ucqarlarında da hər addımda Çindən gəlmiş qasterbayterlərə rast gəlmək mümkündür.Onların buralarda hansı müddətə qalıb yaşamasına,istədiyi yerə gedib-gəlməsinə,sənədlərinin qaydada olub-olmamasına fikir verən yoxdur.

Müşahidələr göstərir ki. dünyanın Çin kimi nəhəng sənaye ölkəsindən Azərbaycana gələnlər əsasən alverlə məşğu olurlar.Hərçnd çinli qadınların orda-burda açdıqları şübhəli “masajxanalar” və sair barədə xəbərlər də eşidilməkdədir.

Başlıca olaraq öz ölkələrinin istehsal etdiyi məhsulları-uşaq oyuncaqları, müxtəlif təyinatlı məişət müxəlləfatları, pal-paltar, qab-qacaq və sair satan xanşuy övladları bizim milli alverçilərimizdən fərqlənirlər. Əvvəla onlar ölkə daxilində sərbəst davrana, istədikləri zaman istədiklərə yerə gedə, istədikləri küçədə, tində, guşədə alver edə bilirlər. Maraqlı cəhətlərdən biri də orasındadır ki, bizim asayiş keşikçilərimiz bu qasterbayterlərə necə deyərlər “ilişmirlər”. Onlarla çox ehtiyatla davranırlar. Deyilənlərə görə bunun əsas səbəbi həmin ölkənin respublikamızdakı səfirliyinin öz həmvətənlərinə sahib çıxması, onların arxasında dayanmasıdır.

Bu Rusiyada da belədir. Çinli iş adamlarının Risiyadakı biznes maraqlarına zərbə vuran maneələrin dərhal aradan qaldırılması üçün bütün mümkün diplomatik imkanları işə salan Çin dövləti və onun səfirlikləri öz vətəndaşlarının nəinki cismani həm də biznes təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır. Bunun əksinə şimal qonşumuzuzn ərazisindəki malları əllərindən alınmış, bazardan çıxarılmış, polisin kefi istəyəndə zor tətbiq etdiyi həmyerlilərimizin isə çox zaman səsinə səs verən tapılmır. Bu isə deməkdir ki, xarici ölkələrdəki vətəndaşlarımıza nə ölkə rəhbərliyi, nə də həmin ölkələrdəki səfirliklərimiz sahib çıxır. Taleyin ümidinə, hadisələrin axarına atılmış azərbaycanlılara gerçək münasibət belədir. Bunun nəticəsi isə göz qabağındadır.

Çoxlarının yadında olar-birvaxtlar Xəzər dənizində üzən Azərbaycan gəmilərindən birində əcnəbi vətəndaş milli bayrağımızı təhqir etmişdi. Bu zaman qeyrətli soydalarımızdan biri həmin əcnəbiyə öz etirazını bildirmişdi. İnsafən o zaman bəzi ölkə telekanallarında bu olayla bağlı süjetlər də yayımlandı. Damarlarında Azərbaycan türkünün qanı axan hər bir soydaşımız bu təəssübkeş və qeyrətli vətən oğluna - ”əhsən!” söylədi. Lakin az keçmədən “özümüzünkülər”, çörəyimizi yeyib suyumuzu içən harınlaşmış əcnbinin törətdiyi bu biabırçı olayı ört-basdır etdilər. Hətta həmin əcnəbinin “ürəyini almaq” üçün ona öz etirazını bildirmiş qeyrətli soydaşımız haqqında cinayət işi qaldıraraq cəzalandırdılar. Bu da vətənpərvərliyin, vətənsevərliyin, vətən təəssübkeşliyinin nəticəsi...

Bu gün Azərbaycanda özünü külli ixtiyar sahibi hesab edən, bu xalqın, torpağın hesabına milyonlar qazanan ,işlətdiyi soydaşlarımıza kölə gözü ilə baxıb hüquqlarını tapdalayan, onlara çəkdikləri ağır zəhmətin müqabilində qəpik-quruş verən təhqir edən, hətta kefi istəyəndə yumruqlarını belə işə salmaqdan çəkinməyən əcnəbilər barədə də kifayət qədər faktlar var.

Bütün bunlar “özümüzünkülərin” gözləri qarşısında baş versə də, soydaşlarımızın hüquq və mənafeləri müdafiə olunmur.Elə buna görə də ölkəmizə gələn əcnəbilər “özümüzünküləri” bizdən daha yaxşı tanıdıqları üçün heç nədən qorxub çəkinmirlər. Və bu münasibətə uyğun da davranırlar. Bəli, Tanrı bizi “özümüzünkülərdən” qorusun.

Cəlal Yaquboğlu,

“Bizim yol” qəzeti 4 sentyabr, 2009-cu il.

P.S.

Dostlar, necə bilirsiniz 10 il əvvəl yazılmış bu yazı köhnəlibmi, yoxsa hələ də aktualdır?

Son xəbərlər
Bütün xəbərlər »