Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“16 mərtəbəli binanın 21-ci mərtəbəsindən ev satıblar”

Türkiyəli iş adamı Bakıda 72 nəfəri aldatmaqda ittiham edilir

Hikmət Yiğitdöl: “Heç kimə pul ödəmək fikrim yoxdur”

"Bütün danışıqları Hikmətin özü ilə apardım. 110 min dollara bunlardan ev aldım. Demişdilər ki, iki aya evi təhvil verəcəklər. Həmin ərəfədə Qabil adlı şəxs də orada idi. Birlikdə işləyirdilər. Dedikləri vaxt bitdi, amma evi təhvil vermədilər. Başladılar bizi get-gələ saldılar. Öyrəndim ki, evi bir neçə nəfərə satıblar. Sonra da bizə olmayan bir binadan ev verəcəklərini dedilər. Həmin binanı 16-cı mərtəbədən yuxarı tikməyə icazə verilməyib. Camaata da 21-ci mərtəbədən ev satdılar".

Bizimyol.info xəbər verir ki, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Araz Vəlizadə belə deyib.

Hikmət Yiğitdölün rəhbərlik etdiyi "Hom Paş Prestij” MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.

İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Bir mənzil 3-4 nəfərə təkrar sataraq külli miqdarda pulu ələ keçirib.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi kollegiya baxır.

Araz Vəlizadə prosesdə bildirib ki, 2014-cü ildə Hikmət Yiğitdölün rəhbərlik etdiyi binadan ev almaq istəyib və bu məqsədlə də öz evini 115 min dollara satıb. Pulunu versə də, hələ də mənzilə sahib ola bilməyib.

Təqsirləndirilən Hikmət Yiğitdöl ona etiraz edərək deyib ki, vətəndaşlara ev satsa da sonradan işləri Qabil Əliyevə təhvil verib. O vurğulayıb ki Türkiyəyə gedəndən sonra Qabil həımin şəxsləri aldadıb: “Deyib ki, Hikmət sizin pullarınızı alıb ölkədən qaçıb".

Suallara cavab verən Hikmət Yiğitdöl bir evin bir neçə nəfərə verilməsini təsdiqləyib və bunun səhv olduğunu deyib. Prokuror isə “bu, səhv yox, cinayətdir” deyə bildirib.

Hikmət Yiğitdöl ondan mənzil tələb edən vətəndaşlara bildirib ki, heç kimə pul ödəmək fikri yoxdur: "Tikintiyə nəzarəti Qabil edir. İndi bina tikir və evləri təhvil verəcək".

Zərərçəkmiş Araz Vəlizadə bildirib ki, digər binalarla sıxlıq yaratdığı üçün həmin binanın tikintisinə icazə verilmir: Necə ev verəcəklər? Hikmət, mən pulu sənə vermişəm. Canın çıxsın, qaytar". Hakim zərərçəkmişi təqsirləndirilən şəxsi təhqir etməməsi ilə bağlı xəbərdarlıq edib.

Proses davam edəcək.

Hikmət Yiğitdöl Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Onun barəsində ev dustaqlığı qətimkan tədbirei seçilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »