Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasi futbol etüdləri

Avroliqadan qabaq oynanan oyunlar haqqında söhbət

Bu günlər dildə-ağızda dolaşan bir para söhbətlərə mən də qoşulum dedim. İngilislər Bakıda futbol oynayacaqlar. Özünün düz-əməlli futbolu olmayan Bakımızda. Düppədüz meydanda yupyumru topu doxsanca metr qovub yeddi "arşınlıq" qapıdan keçirə biləcək 11 nəfəri olmayan Azərbaycanda. Hərçənd, hər xaricə gedib-gələndə gömrük qapılarımızdan nələr keçirirlər, nələr!

Bəli, Avroliqanın final yarışları keçiriləcək. Həmin o "Liverpul"un Barselona üzərində qələbəsinə camaatımız elə ürəkdən sevinmişdi ki, həmin gün Şuşanın işğalının iyirmiyeddi illiyi yaddaşlarının mənfi iyirmiyeddinci qatına düşmüşdü. Siz bilən, "Liverpul" haranın komandası olar? Əlbəttə Britaniyanın. Və həmin komandanın baş məşqçisi bilirsiniz nə dedi? "Heç bilmirəm Bakıya necə gedib çıxmaq olar?" dedi. Final oyunları üçün Bakının seçilməsinə, yumşaq desək, dodaq büzdü. Nə az-nə çox düz 500 il bundan qabaq - 1519-cu ildə dünyanı dövr etməyə gedən Fernan Magellandan utanın barı. Guya Vasko da Qama Hindistana "Boeing-787"-də uçmuşdu, ya da Abel Tasman Yeni Zellandiyanı kəşf etməyi planlayanda oturub dizinə döymüşdü ki, necə gedib ora çıxacaq?!

Elə haray-həşir qoparıblar ki, guya Bakı çox uzaqda, uzayda, hardasa Saturnun arxa tərəfində bir yerdədir. Abşeronda neftin iyini alan kimi itli-pişikli tökülüşüb gələn ingilislər sanki indi London-Bakı reysinin uçuş cədvəlindən baş çıxara bilməyəcəklər. Hələ-hələ, işi-gücü ora-bura uçmaq olan komandanın baş məşqçisi. Ay adam, Şuşasının işğal günündə sənin komandanın qələbəsini bayram edən feysbuk camaatından ayıbdır axı! Deyirsən ki, qiymətlər bahadır-filan. O boyda finalist "Liverpul"un varsa, deməli, pulun da var. Qardaş, bu Yurgen Klopp milliyyətcə alman yox, azərbaycanlı olsaydı, deyərdik ki, "düşmən dəyirmanına su tökür".

Bunlar hələ bu jurnalmış; həmin o Britaniya... Britaniyanı bilirsiniz də. Bi-pi. Neft... Bir az da dəqiqləşdirək: doxsan üçüncü il çevrilişi... Həmin Brinaniya (ki, neftimizi 100 il əvvəl də sümürürdü, yüz il sonra yenə sümürdü) öz vətəndaşlarına dedi: "Bakı təhlükəlidir, ehtiyatlı olun, getməyin" - filan. Maraqlıdır ki, mənim ölkəmdən "qaçqın" düşən... pullar həmin o Britaniyanın banklarında hesablara, onun offşorlarına yatırılmayıbmı?! Milyardlar deyirəm sənə, milyardlar. Bizim zənginlərimiz, oliqarxlarımız, böyüklü-kiçikli məmurlarımız, əcəba, Avropanın harasında mal-mülk alıblar?! Neft gəlirlərimizin “bizə qalan” hissəsi hansı şəhərdə daşa-divara "hörülüb"?! Britaniya bunların hamısını bir andaca "unudub"?! Nankor, naşükür, çörəyi dizinin üstündə, daha bu qədər də yox! Bəs dünənəcən Britaniya bizim sabitliyimizə və təhlükəsizliyimizə bizdən çox inanırdı. nə oldu?! Belə təhlükəli ölkəydiksə, onda ingilis mühəndisləri bizim neft buruqlarının başına niyə dırmaşmışdılar?!

Nə isə. Bunu bir yana qoyaq. Daha mühüm bir mətləb var: bu gün xəbər yayıldı ki, həmin bu ingilislər üçün biz Bakının mərkəzini - Nizami küçəsini (“el” arasında "Torqovıy" adlanan Fəvvarələr Meydanını, “İstiqlaliyyət”i (!) camaatımızın üzünə bağlayırıq; bir həftə oralara turistdən, azarkeşdən başqa heç kim gəlməsin deyə. “Bunun adı nə, adı?!” deyə öz-özümə sual verdim. Öz-özümə düşündüm: “Bəli, bax, buna deyərəm, futbol. Bizi öz şəhərimizdə futbol topu kimi gah ora qovurlar, gah bura. Gah ordan yolumuzu bağlayırlar, gah burdan bağlayırlar. Deyirlər: "Özünüzə alternativ yol tapın". Bəlkə elə birdəfəlik alternativ şəhər də axtaraq. Bəlkə evlərimizdən də çıxaq, açarı verək, turistlərə, bir həftəlik də yemək bişirib qoyaq soyuducuya?! İrəvan, Göyçə, Dərələyəz, Zəngibasar... qaçqını görmüşdük, Ağdam, Şuşa, Kəlbəcər... köçkünü görmüşdük. İndikilər də "Torqovıy" qaçqınları olacaq. Şükür ki, iyirmi yeddi illik yox, cəmi yeddi günlük...”

Sizdən gizlətmirəm, bax, bu cür qara-qara düşünürdüm ki, ikinci xəbər Bakı Şəhər İcra Hakimiyyətindən gəldi: “Bakının mərkəzinin bağlanması xəbəri təxribatdır”. Yaxşı, bu məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələrə”istinadla ona.az saytı yaymışdı. Bakı Şəhər İcra Hakimiyyəti isə deyir ki, Fəvvarələr Meydanının, Nizami, İstiqlaliyyət küçələrinin yerli əhalinin üzünə bağlanması xəbəri yalandır və təxribatdır. Hüquq-mühafizə orqanlarında təxribatçımı var?! Bu, doğrudan, çox ciddi məsələdir; əgər Bakı Şəhər rəhbərliyinin dediyi kimidirsə, həmin mənbələr, məlumat ciddi araşdırılmalıdır, təxribatçılar aşkar edilməlidir. Yəni doğrudursa, niyə doğrudur, yalandırsa, niyə yalandr?! Bu cür informasiya xaosu beyinlərə köçdükdə düşüncəmizdə xaosa səbəb olur, davamlı olsa, düşüncəmizdən reallığa transfer edə bilər bu xaos. Bu da çox ağır nəticələr verər. Ehtiyatlı olmalıyıq, ona görə yox ki, Britaniya XİN dediyi kimi, təhlükəli şəhərdə yaşayırıq (təhlükəli olsaydıq, paytaxtımızın mərkəzində cinsi azlıqların bayrağını qaldıran səfirliyə qarşı da olardıq). Ona görə ki, bizi təhlükəli ölkə kimi görmək və göstərmək istəyənlər var. Görürsünüz ki, Avroliqa futbolundan qabaq başqa oyunlar oynanılır. Bu günlər hamımızın hamımız qarşısında bir-birimizdən “qorunmaq” deyil, bir-birimizi qorumaq kimi öhdəliyimiz var; dövlət, həm də, bizik. Bu öhdəliyimizi unutsaq, bu üzümüzə gələn futbolda uduzan tərəf… biz olarıq.

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »