Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
""Huawei" problemində Azərbaycan üçün də təhlükə var"

Osman Gündüz: “ABŞ sanksiyaları Huawei bütün avadanlıqlarına və proqramlarına şamil olunarsa Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər”

Google Çin şirkəti “Huawei” ilə razılaşmasını məhdudlaşdırıb. ABŞ prezidenti Donald Trampın milli təhlükəsizliyə təhlükə təşkil edən xarici telekommunikasiya şirkətlərinin Amerika firmalarının texnologiyalarından istifadəsinə qadağa qoymasından sonra bu addım atılıb. “Google”-a aid “Alphabet İnc.” “Huawei” ilə xidmət müqaviləsini məhdudlaşdırdığını açıqlayıb.

“Alphabet”-in verdiyi qərarın nəticəsi olaraq bundan sonrakı “Huawei” telefonlarında “Google”-a aid “Android” əməliyyat sistemi yenilənməyəcək.

“Google” tərəfindən qəbul edilən qərar hazırda “Huawei” telefonu istifadə edən insanlara təsir etməyəcək, ancaq “Android” əməliyyat sistemi yenilənərsə, “Huawei” istifadəçilərinin yeni sistemə çıxışı olmayacaq.

“Google”-ın virtual tətbiqi mağazası “Google Play”, e-poçt xidməti, “Gmail” və ya “YouTube” proqramları “Android” yeniləməsindən sonra “Huawei” telefonlarında işləməyəcəyi qeyd edilir.

“Huawei” istifadəçiləri ancaq “Android” əməliyyat sisteminin açıq mənbə nüsxələrini yükləyərək istifadəyə davam edə biləcəklər.

Osman Gündüz

“Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Bizimyol.info-ya bildirib ki, “Huawei” şirkəti telefonlardakı proqram təminatlatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırılır. Ümumiyyətlə uzun illər idi ki bu şirkətin Çin hökuməti ilə iş birliyində olduğu bildirilirdi. “Huawei”in milyardlarla marketinq siyasəti və ucuz məhsul satması da hökumətin dəstəyilə olduğu bildirilirdi. Şirkət də bunu təkzib edirdi. Belə görünür ki ABŞ hökuməti artıq bunu isbat edib”.

Osman Gündüz qeyd edir ki, bu məsələ əslində 5G reallaşanda gündəmə gəldi. “Yəni məlumat oğurluğu məsələsi zaman zaman digər qlobal şirkətlərdə (FB, Apple, Google və s.) də olub.

Amma 5G gündəmə gələndən sonra məlum oldu ki belə davam edərsə Huawei öz avadanlıq və proqramları ilə , hədsiz böyük məlumat ötürmə sürətilə bütün əşyaları inteqrasiya edə biləcək, bir sözlə 2-ci bir real dünyamıza nəzarət edəcək.

Odur ki ABŞ təhlükəsizlik baxımından buna imkan verə bilməzdi. Güman ki bundan sonra Huawe-in global dünyada hökmranlığına son qoyulacaq və hansısa cərimələrlər və açıqlamalarla N-ci sırada olan bir şirkətə çevriləcək”.

“Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər”

Bu proseslərin Azərbaycan üçün təhlükəsinə gəlincə, ekspert bildirir ki, təhlükə mövcuddur: “Bizdə dövlət sektorunda Huawei- in xüsusi çəkisi yetərincədir. Ucuz olduğu üçün bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. Bildiyim qədər BakTelecomun (BTRİB) 80% - i, Aztelekom 70%-i, hətta bəzi dövlət qurumlarının Data Mərkəzləri Huawei məhsulları üzərində oturub. Sanksiyalar hələlik Huawei telefonlarla bağlıdır. Əgər sabah ABŞ sanksiyaları Huawei bütün avadanlıqlarına və proqramlarına şamil olunarsa nə baş verəcək?Təsəvvür etmək çox çətindir. Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər.

Xatırlayıram ki NRYTN yeni qurduğu Data Mərkəz də az qala Huawei nəzarətinə keçirdi. Son anda BestComp şirkətinin çevik siyasəti ilə bu məsələ sovuşub.

Osman Gündüz çıxış yolu kimi Xüsusi Dövlət Mühafizə Xidmətinin bütün dövlət İT sektorunu monitorinq və audit etməli olduğunu deyir. “Bildiyim qədər bizdə HUAWEI ilə daha çox əməkdaşlıq edən Eurodesign və Ultra şirkətləri olub. Sanksiyalarla əlaqəli gözlənilən HUAWEI təhlükələrindən yayınmaq üçün hökumət təcili B planı hazırlamalıdır”.

“Huawei Azərbaycan”: “Davamlı proqram təminatı ekosistemi yaratmağa davam edəcəyik”

“Huawei Azərbaycan” şirkətindən verilən açıqlamada isə bildirilir ki, “Huawei” isə son bir neçə ildir “Android” sisteminin istifadəsinin dayandırılması durumunda öz sistemlərini tətbiq etmək üçün yeni bir texnologiya üzərində çalışır. Çində artıq istifadə edilən bəzi modellərin bu proqrama uyğun texnologiyadan istifadə etdiyi bildirilir.

““Huawei” dünyanın “Android” inkişafına böyük töhfələr verib. “Android”in əsas tərəfdaşlarından biri olaraq, biz həm də istehlakçılar üçün və birbaşa sənaye üçün zəruri olan ekosistemi inkişaf etdirmək üçün açıq platforma ilə işləyirik”.

Məlumatda deyilir ki, “Huawei” bütün mövcud “Huawei” və “Honor” smartfon və tabletləri üçün təhlükəsizlik sistemlərinə və satış sonrası xidmətlərə dair yenilikləri təmin etməyə davam edəcək: “Dünyada “Huawei” istifadəçiləri üçün daha yaxşı istifadə təcrübəsini təmin etmək üçün təhlükəsiz və davamlı proqram təminatı ekosistemi yaratmağa davam edəcəyik”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »