Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“28 may”da evlər sökülür
Sakinlər 1500 manat kompensasiyaya yaxın durmurlar

Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi 25 ünvanındakı yaşayış binasının sökülməsi və sakinlərə bazar şərtlərinə uyğun kompensasiyanın verilməməsi etirazlara səbəb olub.

Bu barədə Bizimyol.info saytına həmin binanın sakinlərinin ünvanladığı müraciətdə bildirilib.

Müraciətdə qeyd olunur ki, mənzillərin sökülməsi ilə bağlı onlara bildiriş göndərilib. Bildirişdə qeyd olunan kompensasiyanın məbləği sakinləri qane etmir.

“Bizə verilməsi nəzərdə tutulan kompensasiyanın məbləği ilə ev almaq imkanının olmamasını həm dövlət qurumlarına, həm də ictimaiyyətə çatdırılması üçün bizə köməklik edəsiniz. Bütün sakinlər adından kompensasiya məbləğinin azlığı ilə bağlı Prezident İlham Əliyevaya, Birinci Vitse Prezident Mehriban Əliyevaya, baş nazir Artur Rasizadəyə, maliyyə naziri Samir Şərifova və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədova müraciət ünvanlamışıq. Müraciət etməklə 32 ailənin son ümüdü olan evimizlə əlaqədar yaranan problemin həlli ilə bağlı kömək istəyirik. Hazırda 32 ailə K.Səfərəliyeva küçəsi 25 ünvanındakı beşmərtəbəli binanın 4-cü və 5-ci mərtəbələrində yaşayırıq”,-deyə müraciətdə bildirilir.

Müraciətdə yazılıb ki, bu ilin iyul ayında Nəsimi rayon İcra Hakimiyyətinin və Mənzil-Kommunal İstismar Sahəsinin nümayəndələri sakinlərlə görüşüb və yaxın vaxtlarda sakini olduqları binanın söküləcəyi ilə bağlı xəbərdarlıq ediblər: “Və biz sakinlərə ədalətli kompensasiyanın veriləcəyi vəd olundu. Amma vədlərinə əməl etmədilər. Belə ki, 22.08.2017-ci il tarixdə bizə bildiriş verilib və 1 kvadrat metr üçün təqribən 1500 manat kompensasiyanın veriləcəyi barədə qeyd olunub. Məlumat üçün bildirək ki, binadakı mənzillərin kvadratmetri bir otaqlılar 14-28 kvadratmetr, 2 otaqlılar isə 30-40 kvadratmetr arasında dəyişir”.

Bu məbləğdə kompensasiyanın bazar şərtlərinə uyğun olmadığını bildirən sakinlər onların yaşadığı ərazidə verilən kompensasiya hesabına ev almaq qeyri-mümkündür: “Yaşadığımız 28 may metrosu ətrafında, Keykab Səfərəliyeva küçəsi ərazisində binalarda mənzillərin tam təmirsizi 1 kvadrat metr üzrə minimum 2500 manata satılır”.

Sakinlər dövlət başçısına müraciətdə bildirilir: “Cənab Prezident, dəfələrlə özünüzün də bəyan etdiyi kimi bizə elə bir kompensasiya məbləği verilsin ki, mənzilimizə uyğun bir mənzil ala bilək. Yaxud elə binanın yerləşdiyi ərazidəki yeni tikililərdə mənzillərlə təmin olunaq. Qeyd edək ki, bu ərazidə 1 otaqlı mənzillərin minimum qiyməti 85 min manat təşkil edir”.

Müraciətə 29 sakin imza atıb. Onlardan biri olan Əzizova Xatirə Məmmədəli qızı ilə əlaqə saxladıq.

O, müraciət olunmasını təsdiqləyərək bildirdi ki, sakinlər ədalətli kompensasiya tələb edilər: “Bildirişdə qeyd olunan məbləğ daşınmaz əmlakın sahibi olaraq qəbul etmirik və bazar şərtlərinə uyğun təzminat istəyirik. Əks halda biz razılığa getməyəcik”.

Qeyd edək ki, bu ilin mart ayında Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi 26-da binalarının qarşısındakı əlavə tikililərin söküntü işlərinə başlanılıb. Söküntü işlərini Nəsimi rayon İcra Hakimiyyətinin sifarişi ilə ərazidə yolu genişləndirmək adıyla 37 ailəlik binanın qarşısındakı sənədli tikililəri söküb.

Ramid İBRAHİMOV

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »