Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramiz Rövşən "sunamisi"

Paslanmış ürəklərə yeni “Sevgi açarı” və ya Ağsaqqal dostumla görüşdən gecikmiş status-reportaj

İki gün əvvəl Ramiz Rövşənlə "Libraff" kitab evində görüş çox izdihamlı keçdi. Bəli, burda yazılan şərhlərlə razıyam; kitaba maraq var. Ancaq hansı kitaba? Kimin kitabına? Bu da çox önəmlidir. Ramiz Rövşən yaşayan klassikdir. Özünün yönü, yolu var, öz cığırını özü açmış şairdir. Sonralar çoxları Ramiz Rövşən olmaq istədi; bu cığırla gedib Ramiz Rövşən "uçurumu"nda qeyb oldu. Ogünkü görüşdə Ramiz Rövşəni bir daha tanıdıq. Bir daha sevdik. Bu haqda yazacaqdım. Amma bir neçə epizod, eləcə də, şairlə oxucularının dialoqundan iki parça mənə daha maraqlı gəldi.

Gənc qız (görünür ki, tələbəydi) mikrafonu alan kimi dedi:

- Ramiz müəllim, olar "Ayrılıq" şeirini Sizinlə duet kimi oxuyaq?

Ramiz Rövşən gülə-gülə:

- Biz səninlə "Ayrılıq" şerini duet şəklində oxuyacağıqsa, daha bu ayrılıq olmur ki.

Gənc qızın ürəyini qırmadan duetdən imtina etməyin bundan daha yaxşı yolu yox idi, çünki oxucuların reaksiyasından belə bir "duet" istəmədiklərini şair tutmuşdu.

Həmin qızdan yaşca bir qədər böyük olan xanım da maraqlı sual verdi:

- Bu yaşda Sizi belə sevməyə sövq edən o bəxtəvər kimdir?

Ramiz Rövşən: Elə bilirəm ki, o bəxtəvər mənim evimdədir".

Burda işlətdiyi "elə bilirəm ki" şairin səmimi diplomatiyası idi. Amma oxucular bu cavabı qəribə uğultu ilə qarşıladılar; bu uğultunun içində rəğbət də var idi, həsəd də, hətta bir balaca qəzəb də... Çoxu gənc qızlar olan oxucu kütləsinin gözəl yarısı özünə, öz ata-anasına "qəzəb"liydi: "Kaş dünyaya 50 il qabaq - Ramiz Rövşənin 23 yaşında -filan gəlsəydim..."- deyə. Yəqin Ramiz Rövşənin "Qocalıq" şerini xatırlamışdılar:

"Axı mən nə yolam, nə çöl, nə küçə,

Axı mən hamının ola bilmərəm.

Məni sevənlərdən ötrü ölüncə

23 yaşımda qala bilmərəm".

Qaxdan Bakıya qonaq gəlmiş orta yaşlı qadın isə: "Yaxşı ki, xəstələndim, qaldım, Sizi görə bildim",- deyib "Çiçəklər doğulur bu yaz gecəsi" şeirini söyləyə-söyləyə gəlib dayandı şairin yanında. Hərdən də çaşırdı. Şeirin bir yerində lap çaşdı. O yerdə yanımda dayanan aktyor Şamil Məhərrəmov: "Bax, bax, burası lap maraqlıdır",- deyə replika atdı. Qadin bu replikanı eşitdimi, ya Qaxdakı külfətdən, qohum-əqrəbadanmı utana-utana o misraları birtəhər dedi:

"Adını eşitsəm sevən bir qızın

hələ öpülməmiş dodaqlarından

bu yaz gecəsində ölməyə nə var?!"

Şamil Məhərrəmovun ürəyi yerinə gəldi, ürəkdən güldü. Şair də gülürdü, bir yandan da qadına kömək edirdi; unutduğu misraları yadına salırdı. Nə isə ki bu da qadasız-bəlasız bitdi. Tanıtımına toplaşdığımız "Sevgi açarı" kitabını vərəqləyirdim. Kiçik annotasiyada Şair: "Bu kitab mənim cavanlara hədiyyəmdir",- deyə yazmışdı. "Bəs onda 54 yaşında mən burda nə gəzirəm?!",- deyə zarafatla düşündüm. Deyirəm axı, niyə bu qədər gənc qız var. Oğlanlar azdır, gənc oğlanlar da çox olardı, ancaq kitab alıb arxa tərəfdə gəzişirdilər - çox öndə deyildilər. Centlmenlik, təbii ki. Ancaq, həm də yəqin qızların Şairə baxışlarını qısqanırdılar. Bu da ikinci zarafat-düşüncəmdi. Bu yerdə annotasiyadakı ikinci cümlə (uzun bir budaq cümləsi) "dadıma çatdı". Cümlə belə idi: "Burda oxuculara tanış olan şeirlərimlə yanaşı, müxtəlif vaxtlarda, xüsusən də gənclik illərimdə yazdığım və bu günə qədər heç bir kitabımda çap olunmayan bir çox sevgi şeirlərim ilk dəfə işıq üzü görür". Cümlə içimi işıqlandırdı; "əgər Şair 73 yaşında sevgi şeirləri çap edibsə, mən niyə 54-də onları oxumayım ki?",- dedim özüm- özümə. Həm məndən də yaşlı-başlı oxucular vardı zalda.

Bu düşüncələrlə əlləşirdim ki, birdən arxa tərəfdən kimsə: "Eh, bunlar xeyrə gəlməz",- deyə replika atdı. Ani olaraq: "Yəqin polislərdir",- deyə düşündüm. Başımı qaldırdım, yox, yanılmışam; "səhnə"yə bir molla çıxmışdı. Başında molla papağı, saqqalı (yəqin ki, cibində təsbeh və yasin surəsinin kiril əlifbası ilə yazılmış transkripsiyası da vardı - daha onu görə bilmədim). "Bağışlayan və Mehriban Allahın adı ilə" Şairin üstünə yeriyib İlahi söz və sairlər haqqında uzun bir moizə oxudu. Narazı kütlənin "heç hənanın yeridir?" üslubunda səs-küyündən tam eşidə bilmədim nə dediyini. Ancaq Şair onun da sınıq-salxaq ifasında öz şeirlərindən birini səbrlə dinləyib gətirdiyi hədiyyəni də ehtiyatlı və dərin mənalı təbəssümlə qəbul edib mollanı da yola verdi. O arxadakı bayaqkı pessimist: "Yaxşı qurtardıq",- deyə dərindən nəfəs aldı və bu ironik tənəffüsünü şəraitə uyğun tonlu qəhqəhə ilə tamamladı. O anlarda Ramiz Rövşən də tarixə düşəcək - google-da aforizm axtaran yarımçıq tənqidçilərin, “ədəbiyyata yaxın” əllaməçilərin və çayxana "intellektual"larının qarşısına tez-tez çıxacaq bir neçə qiymətli kəlam işlətdi. Məclisin uzandığını, camaatın gözündə imza törəni həsrətini hiss edib: "Bu gün imzalama çox olacaq, az söz-çox imza",- deyən kimi Şair əllərində özünün hədiyyə etdiyi "Sevgi açarı" tutmuş cavanların "xoşbəxt" hücumuna məruz qaldı bir anda. Növbənin uzun, Şairin də tək olduğunu görüb: "Tanıtımdan qabaq salamlaşmışıq",- deyə imzalama basabasına qoşulmadan uzaqlaşdım. Ağsaqqal dostumun o işıqlı təbəssümlə verdiyi salam imzasını əvəz edirdi mənim üçün. Bir də ki Şair özü Allahın Yer üzünə qoyduğu imzadır.

Və beləcə Ramiz Rövşənin daha bir duyğu sunamisini də yaşadıq...

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »