Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistlə məktəb direktoru arasındakı qalmaqal böyüyür - Açıqlama

Xəbər verdiyimiz kimi “Azerbaijan Favorite News” (www.afn.az) saytının əməkdaşı Həbibə Abdulla Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova, təhsil naziri Ceyhun Bayramova, baş prokuror Zakir Qaralova və Mətbuat Şurasının sədri Əfalatun Amaşova açıq məktubla müraciət edib.

Məktubda isə bildirilib ki, Gəncə Dövlət Universitetinin Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri Əliqulu Quliyev, həmçinin Bakı şəhərindəki 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev tərəfindən təhqir olunduğunu, hədə-qorxulara məruz qalıb. Jurnalist əlavə edib ki, insident obyektiv şəkildə araşdırılsın və hər iki şəxs müvafiq qaydada aidiyyatı dövlət orqanları tərəfindən tənbeh edilsin.

Mətbuat Şurası isə jurnalistin açıq məktubuna cavab olaraq bəyanat yayıb. Bəyanatda isə jurnalistin üzləşdiyi durum pislənilib və qeyd olunub ki, jurnalist peşə öhdəliklərinə uyğun işin icrasına məsuliyyətlə yanaşdığı halda, nalayiq münasibətlə üzləşib. Eyni zamanda Şura dövlət qurumlarına məsələni diqqətdə saxlamaq və insidenti dərindən araşdırmaq üçün də çağırış edib:

"Mətbuat Şurası jurnalistlərin səlahiyyətlərindən irəli gələn fəaliyyəti yerinə yetirmələri zamanı hər hansı xoşagəlməz rəftarla, qanunsuzluqla üzləşmələri faktlarını qətiyyətlə pisləyir. Şuranın H.Abdulla ilə bağlı duruma yanaşması da eyni mövqedən qaynaqlanır. Heç bir halda cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, hansısa media orqanının əməkdaşı peşə vəzifəsini icra edərkən təhqirə və hədə-qorxuya məruz qala bilər. Buna dair şübhənin olması belə demokratik cəmiyyət quruculuğu prinsiplərinə zidd təmayüldür. Tutduğu statusdan asılı olmayaraq, hər bir vəzifə sahibinin məsələni məhz bu kontekstdə dəyərləndirməsi mütləqdir. Azərbaycan Mətbuat Şurası müvafiq dövlət qurumlarını jurnalist Həbibə Abdulla ilə bağlı məsələni diqqətdə saxlamağa, insidenti dərindən araşdırmağa çağırır. Şura əmindir ki, günahkarların qanunlarımız çərçivəsində məsuliyyət daşımalarının təmin olunmasına həssas yanaşılacaq, bu istiqamətdə zəruri ölçü götürüləcəkdir".

Qalmaqalda adı hallanan 175 saylı orta mətkəbin direktoru Tural Mirzəyev Bizimyol.info ilə əlaqə saxlayıb və məsələyə münasibət bildirib. O qeyd edib ki, o, AFN.Az saytının əməkdaşı Həbibə Abdullanı təhqir etməyib və AFN.Az saytı onun "Dolu" filminin qəhrəmanı "Dragon" ləqəbli Rza Rzayevlə qalmaqalından sonra birtərəfli mövqe tutaraq onun ünvanına terorist, FETÖ-çü kimi ifadələr yer alan müsahibələr və məqalələr dərc edib:

"Məsələ onların təqdim etdiyi kimi deyil. Məsələ ondadır ki, ötən il yanvar ayının 29-dan başlayan problemimiz var. Mətbuatda da işıqlandırıldı, Rza Rzayevlə problem yaşamışdıq. Mən direktor kimi fəaliyyət göstərərkən Rza Rzayevin bacısı müavin vəzifəsində çalışırdı. Mən onun vəzifəsini dəyişdim və onu başqa müavinliyə keçirtdim. Bundan sonra o və qardaşı mənim üzərimə gəldilər. Hadisə yaşandıqdan sonra isə bir qrup mətbuat nümayəndələri yalan dolu məqalələr dərc etməyə başladılar. O saytlardan biri də AFN.Az saytıdır ki, onları da məhkəməyə vermişdim. Amma bu məqalələr mən 220 saylı məktəbdən 175 nömrəli məktəbə direktor dəyişəndən sonra da davam etməyə başladı. Barəmdə iftira dolu yazılar çap olunmağa başladı. Qarşı tərəf olan Rza Rzayevin çoxsaylı məqalələri dərc olunmağa başladı.

Məsələn mən həmin məktəbdən bir qism təlim məqsədli, istifadəyə yararsız olan hərbi ləvazimatlar aşkarladım və onları ləğv elətdirdim. Həmin ləvazimatlar aşkar olunarkən AFN.Az saytı da daxiul olmaqla yazdılar ki, məktəbdən bomba tapıldı və s. Bunun ardından barəmdə terrorist, satqın, FETÖ-çu kimi ifadələr də işlədildi həmin saytda dərc olunan müsahibələrdə.

İndi də götürüb mənə zəng edib ki, deyirlər bir şagird məktəbə içkili vəziyyətdə, qoruyucu (prezervativ) ilə gəlib məktəbə sonra qızlardan biri bunu görüb və buna da deyiblər ki, sən də get Elina kimi özünü pəncərədən at. Mən bu zəngə cavab verərək bildirdim ki, bu tamamilə yalandır amma mövqeyimi də dərc etsəniz təəccüblənməyəcəm. Əgər nalayiq ifadə işlətmişəmsə buyurun.

O ki, qaldı Mətbuat Şurasının mövqeyinə, düşünürəm ki, bu mövqe birtərəflidir. Mən yenicə tanış oldum bu mövqe ilə. Mən də Mətbuat Şurasına rəsmi məktub yazmışam. Belə olarmı ki, məktəb haqqında tamamilə iftira və əsassız yazı yazılsın?! Bir kəlmə də sonda yazıblar ki, direktor inkar etdi deyilənləri. Başlıqda da götürüb yazasan ki, "175 saylı orta məktəbdə daha bir Elina faciəsi yaşana bilər". Nəyə əsasən bunu deyirlər, hansı araşdırmaya əsasən bunu deyirlər? Etibarlı mənbədən aldığımız məlumata görə deyib yazıblar vəssalam? Bir onu bilirəm ki, çox böyük bir iftira ilə üz-üzəyəm".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »