Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ola bilər Gürcüstandan başqa ərazi alaq, əvəzində monastrı verək gürcülərə" - Açıqlama

Xəbər verdiyimiz kimi Gürcüstanla Azərbaycan arasında vəziyyət hələ də kritik olaraq qalıb. Belə ki, yaxın günlərdə iki gürcü vətəndaşı Bakının mərkəzində-Şəhidlər Xiyabanının qarşısında lövhə qaldıraraq Azərbaycana ərazi iddiaları ediblər.

Yayılan fotoşəkil isə ölkədə ciddi rezonans yaradıb.

Həmin Gürcüstan vətəndaşları barədə hansı tədbirlər görülməli və bu situasiyada hansı addımlar atılmalıdır?

Bizimyol.info-nun suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl bildirib ki, ilkin mərhələdə Gürcüstanın Xarici İşlər Nazirliyinə məlumat verilməli və onların vətəndaşlarına bu barədə xəbərdarlıq etməsinə nail olmağa çalışmaq lazımdır:

İlham İsmayıl İlham İsmayıl

"Əslində bu məsələyə qıcıq göstərilməməlidir. Amma bizim Qarabağ problemimiz var, bu məsələdə də faktiki olaraq bizə qarşı ərazi iddiaları var. Gürcüstan vətəndaşlarının Bakıya gəlib, bu işi görməsi araşdırılmalı idi, ən azından həmin şəxslərin ölkəyə girişinə qadağa qoyulmalı idi. Bakıdan da Gürcüstana getmək iki ölkə arasındakı münasibətləri gərginləşdirə bilər. Bu məsələ ictimai şəkildə yox, dövlətlərarası münasibətlər müstəvisində öz həllini tapmalı idi. Eləcə də Gürcüstan Xarici İşlər Nazirliyinə çatıdırılmalı idi ki, sizin vətəndaşların Azərbaycan dövlətinin mənafeyinə ziddi hərəkətləri ilə bağlı ciddi tədbirlər, inzibati tədbirlər, eləcə də cinayət işi açılmasına qədər görüləcək və onlar da öz növbələrində vətəndaşlarına bu barədə xəbərdarlıq etsinlər. İlkin mərhələdə təpki göstərilməli idi. Həm diplomatik yolla, həm də hüquq-mühafizə orqanlarının xətti ilə.

Onlar öz ərazilərində istədiklərini edib, istədiklərini deyə bilərlər, amma Azərbaycan ərazisində bunu edə bilməzlər. Çünki bu iki dövlət arasındakı münasibətlərin pozulması ilə nəticələnə bilər. Sonrakı mərhələdə bu davamlı xarakter daşısa çox ciddi tədbirlrə görülməli, həbs edilməlidirlər".

Hadisə ciddi müzakirəyə səbəb oldu, iddialar səsləndi ki, Mixeil Saakaşvili Azərbaycana dəvət olunsun və Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğuna rəhbər təyin edilsin. Saakaşvilinin Azərbaycana dəvəti sizcə subliminal mesaj ola bilərmi?

İlham İsmayıl deyir ki, Saakaşvili daha çox dövlətpərəst olduğuna görə bu kimi addımların atılması xeyirdən çox ziyanla nəticələnə bilər:

"Saakaşvili İvanişvili hakimiyyətinə qarşı olsa da o heç vaxt Gürcüstan dövlətinə qarşı çıxmayacaq. Saakaşvilidə dövlətçilik hissləri daha güclüdür. Bu məsələnin çözümünü kənarda, Saakaşvilinin simasında axtarmaq lazım deyil, məsələni daxildə həll etmək lazımdı. Ola bilər ki, biz Gürcüstandan başqa ərazi alaq əvəzində monastrı verək gürcülərə. Bu kimi məsələlər müzakirə olunmalıdır. Əfsuslar olsun ki, Azərbaycan diplomatiyasında o qədər şəffaflıq yoxdur ki, ictimaiyyətə dolğun informasiya verilsin. Digər sahələri manapoliyada saxladıqları kimi də bu məsələni də öz manapoliyalarında saxlayırlar, nə baş verdiyini heç kim bilmir.

Sadəcə olaraq biz Qarabağ problemini həll edə bilmədiyimiz üçün hər kəs üstümüzə gəlir. Bir tərəfdən Rusiya, bir tərəfdən İran, burdan da Gürcüstan. İndiki situasiyada bizim torpaq mübadiləmiz və Qarabağ münaqişəsinin həllsizliyi xalqımızda ruh düşkünlüyü yarada bilər. Bu səbəbdən də məsələni elə həll etmək lazımdır ki, iki ölkə arasındakı münasibətlərə xələl gəlməsin. Bunu gərginləşdirmək olmaz, çünki bizim Gürcüstandan, Gürcüstanın da bizdən asılı olduğu məqamlar var. Ermənistanla münasibətlərin gərgin məqamında özümüzə ikinci cəbhə aça bilmərik, beynəlxalq aləmdə Azərbaycanla Gürcüstanın mövqeyi eyni səviyyədə deyil, beynəlxalq aləm Gürcüstanın sözünü deyəcək, biz də pis durumda qalacıq. Necə ki, ayın 13 - ü Avropa İttifaqı Azərbaycanla saziş imzalamadı, ərazi bütövlüyümüzlə bağlı məsələlər sazişdə öz əksini tapmadı, bu kimi məsələlər hələ də sazişin imzalanmasını uzadır.

Bu gün Azərbaycan hökumətinin bu məsələyə münasibəti qaneedici deyil. Alimlərimizin təklifləri yoxdur. Bu işdə daha çox alimlər öz sözlərini deməli idilər, hər iki ölkənin alimləri qarşı-qarşıya oturub məsələyə çözüm tapmalı idi. Və nəticədə diplomatlar da yüksək səviyyədə həmin məsələdə öz sözlərini deməli idilər, qərarlarını verməli idilər".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »