Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çindən gətirilən məhsulların bazardan çəkilməsi bahalaşmaya gətirib çıxaracaq"

"Binə” və "Sədərək” Ticarət mərkəzlərində çalışan sahibkarlar Bizimyol.info-ya müraciət edərək fəaliyyətlərində çətinlik yaşadıqlarını dilə gətiriblər.

Onlar bildiriblər ki, son illər ərzində alınan malların daşıma xərcləri artırılıb. Hətta onlar bildirirlər ki, Çindən, eləcə də Rusiyadan və Türkiyədən gətirilən məhsulların xərcləri olduqca bahalaşıb. Sahibkarlar onu da əlavə edirlər ki, Çindən karqo xidməti həyata keçirən şirkət rəsmiləri ilə görüşlərində öz iradlarını bildirsələr də həmin nümayəndələr məsələnin Dövlət Gömrük Komitəsindən qaynaqlandığını, komitənin rüsumların qiymətini qaldırdıqlarını bildiriblər.

Məsələni Bizimyol.info-ya şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, gömrük siyasətinin dəyişilməməsi bu kimi problemləri daha da qabardacaq və bütün bunlar bahalaşmaya gətirib çıxaracaq:

Natiq Cəfərli - İqtisadçı ekspert

"Əslində Azərbaycabın gömrük siyasətinin və gömrük fəlsəfəsinin yalnış olduğunu illərdi qeyd edirik. Çünki, istənilən ölkəni götürüb onun gömrük siyasətinin təhlil etdikdə görürük ki, gömrüyün tarixən icra etdiyi yerinə yetirməkdə maraqlıdırlar. Gömrüyün tarixi vəzifəsi nədir? Gömrüyün tarixi vəzifəsi daxili bazarın qorunmasına və daxili bazara keyfiyyətsiz, insan orqanizminə zərərli məhsulların buraxılmamasına, eyni zamanda ölkə istehsalının dəstəklənilməsinə hesablanıb. Bu nöqteyi-nəzərdən baxdıqda Azərbaycanda gömrük siyasəti və fəlsəfəsi kökündən yalnışdır.

Azərbaycanda istehsalı olmayan, hətta istehsalı nəzərdə tutulmayan məhsullara 15 faiz gömrük rüsumunun tətbiq edilməsi və xaricdən gətirilən məhsulların artırılması, yaxud da karqo şirkətləri ilə əlbir olub, onlara dəstək verməklə bazara başqa şirkətlərin buraxılmasına imkan verməməsi sonuc etibarilə Azərbaycanda istehlak mallarının qiymətinin bahalaşmasına səbəb olur.

Gömrük orqanlarının rəhbərliyi tez-tez fəxrlə qeyd edir ki, Azərbaycanın dövlət büdcəsinə ödənilən vəsaitin həcmi artıb. Doğrudan da artım müşahidə olunur. Bunun iki səbəbi var, birincisi odur ki, rəsmiləşdirmələr artırılıb. Əvvəllər qeyri-rəsmi əməliyyatlar daha çox olurdu ki, onun qarşısı nisbətən alınıb. İkincisi də odur ki, rüsumlar artırılıb. Çünki Azərbaycanda çox məntiqsiz bir şkala rejimi - 0 faizdən, 15 faizə qədər olan şkala rejimi var. Yəni gömrük orqanlarının verdiyi rəyə əsasən o şkalalar müəyyənləşdirilir. Sıfır faiz də ola bilər, 15 faiz də. Amma nədənsə Azərbaycana gətirilən məhsulların əksər hissəsinə 15 faiz tətbiq edilir. Hansılar ki, həmin məhsulların Azərbaycanda istehsalı yoxdur. Məsələn dərmanlar, uşaq yeməkləri, uşaq geyimləri, fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan avadanlıqlar olsun və s.

Yəni gömrük orqanının rəhbərliyinin fəxrlə büdcəyə gömrük orqanları tərəfindən daxil olan vəsaitin artmasını deməsi əslində Azərbaycan vətəndaşının-alıcısının cibindən çıxan vəsaitdir. Gömrük orqanı istehsal sahəsi deyil, xidmət sahəsi deyil, kommersiya təşkilatı deyil ki, pul qazansın və qazandığı pulu dövlət büdcəsinə ötürsün. Dövlət büdcəsinə daha çox pul ödəyirsə demək ki, rüsumlardan daha çox pul götürür. Rüsumların artması isə biznes çevrələrinə təsirsiz ötüşmür və sahibkarlar da rüsumun qiymətini ölkəyə gətirdiyi məhsulların üzərinə qoyaraq satır ki, bu da ölkə vətəndaşının cibinə zərər vurmaq deməkdir. Belə ki, Gömrük Komitəsinin büdcəyə ödədiyi vəsaitin arxasında Azərbaycan vətəndaşı dayanır və hər manatı da bizlərin ciblərindən çıxır. Burada da fəxr ediləsi bir şey yoxdur açığı.

Gömrüyün fəlsəfəsi dəyişməsə, yanaşma dəyişməsə bu problemlər yerindəcə qalacaq. Müstəqilliyimizdən bugünə qədər gömrük problemi gündəmə gəlir, müzakirə olunur amma təəssüflər olsun ki, həlli yolunda ciddi addımlar atılmır.

Çindən gətirilən məhsulların Azərbaycan bazarından çəkilməsi bahalaşmaya gətirib çıxardacaq ki, bundan da Azərbaycan vətəndaşı zərər görəcək. Ona görə də gömrük siyasətinə yenidən baxmaq zərurəti var və ümumiyyətlə Gömrük Komitəsinin ayrıca bir qurum kimi qalmasına ehtiyac yoxdur. Vergilər nazirliyinin tərkibində vergi-gömrük siyasətinə uyğun şəkildə departament kimi fəaliyyət göstərəsinə ehtiyac var. Belə olduğu təqdirdə problemlərin köklü həllindən danışmaq olar. Bu siyasət bu formada davam edəcəksə bizi qarşıda bahalaşma gözləyir".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »