Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Günahkar müəllim” və “cəfakeş valideynlərin” qurduğu cəmiyyət

Səhər internetdə belə bir xəbərlə qarşılaşdım. ABŞ-da 26 yaşlı ata kompüter oyununda uduzduğuna görə 1 aylıq övladını döyərək ölümünə səbəb olub. Adamın fotosununa baxırsan, qaba, boynuyoğun, intellektin nəinki hərfini bilmək - havasını belə udmamış biridir. Bu gənc insanın sifətindəki ifadədə qanmazlıqdan özgə cizgi görünmür.

Dünən həm də, Bakıda orta məktəblərin birinin ikinci mərtəbəsindən atılıb qaçan şagird barədə xəbərlə raslaşmışdım. İnstaqram sosial şəbəkəsindən götürülmüş xəbər  “239 saylı orta məktəbdə müəllim səhlənkarlığı” başlığı ilə dərc edilib və üzərində üç dəfə “şok” sözü yazılıb.  Hər hansı bir müəllim o hadisəni görüb etinasızlıq etsəydi, yazılana haqq qazandırmaq olardı. Amma burada... Doğrusu, o uşağın ikinci mərtəbənin pəncərəsindən sallaşaraq atılması səhnəsi mənə də çox pis təsir etdi. “Həmin anda hər şey ola bilər”-, deyə düşünməyə bilmədim. Amma burada müəllim səhlənkarlığından danışmağın nə qədər ədalətli olduğunu sinməkdə çətinlik  çəkdim.  Bəli, məktəbdə baş verən hər bir hadisəyə görə məktəbin müəllim kollektivi məsuliyyət daşıyır.

Amma məsələnin bir başqa yanı da var. Bu təkcə “müəllim səhlənkarlığı”dırmı?

Müəllimlərə az maaş verməklə hökümətin göstərişlı tədbirlərində, seçkilərdə və s.-də iştirakı danılmaz həqiqətdir. O da bir həqiqətdir ki, onların bu vəziyyəti, bütün göstəricilərinə görə məğlub xalqın, əzilmiş cəmiyyətin bir nümunəsi - obrazıdır.  O müəllim obrazını biz yaratmışıq. Yaratdığımızdan narazıyıq,  daha yaxşısını yaratmaq barədə isə düşünmək belə istəmirik. Çünki o muəllimlər, həkimlər, polislər və s. həm də bizim günahlarımızı yükləyəcəyimiz istinad yerimizdir.

Bu günlərdə bir tanışım danışmışdı ki, məktəblərin birində dərsin başlanmasını bildirən zəng çalınır, müəllim sinfə daxil olanda həmin sinfin şagirdinin əks istiqamətə getdiyini görüb yanına çağırır.

- Sən bu sinifdən deyilsən?

- Bu sinifdənəm.

- Bəs hara gedirsən, dərs başlayıb, zəngi eşitmədin?

- Eşitdim, sənə nə var hara gedirəm. Mən istədiyim yerə gedə bilərəm, bu mənim hüququmdur. Bax elə sənin dərsinə girmək istəmirəm, girmirəm.

Müəllim onu kürəyindən itələyib içəri salır və deyir ki, dərsin sonuna qədər sinfdə- dərsdə olmalıdır. Dərsin sonu olmamış xəbər gəlir ki, müəllimi direktor çağırır. Dərsini axıra qədər keçən müəllim sinfi tərk edərkən həmin uşaq “indi gör adamı döymək necə olur”-, deyə onu hədələyir. Müəllim bir şey anlamasa da, direktorun otağında uşağın babası “mənim övladımı döyən budu?”, - deyə soruşanda məsələni başa düşür. Direktor da bir yandan ona “uşaqlarla belə davranmaq olmaz” mövzulu şablon cümlələrdən ibarət tənəli “mühazirə”sini oxuyur. Bütün çığır-bağırı sakitcə izləyən müəllim sonda babaya üz tutaraq:

- Heç uşaqdan soruşdunuz ki, müəllim səni niyə döyüb? Həqiqətənmi döyüb, ya yox?

- Mənə mesajla yazıb.

- Anladım. Bəs soruşmadınız ki, dərs zamanı niyə telefondan istifadə edir, hələ sizə də mesaj yazır? Biz müəllim olaraq o cür uşaqları tərbiyələndirmək istəyirik, siz isə valideyn olaraq onların tərbiyəsinə mənfi təsir göstərirsiniz. Buraya gəlməklə siz o şagirdə nəyi sübut etmək istədiniz – mənim pis müəllim, sizinsə yaxşı valideyn olduğunuzu? Yanılırsız, siz ona çox pis örnək oldunuz. Biz onu 3-5 il yola verəcəyik. Amma siz ömrünüzün sonuna qədər indi etdiklərinizin əzabını çəkəcəksiniz.

Bəzən övlad sevgisi bizi həqiqi hədəfdən uzaqlaşdırır. Hər birimizin övladı o pəncərədən atılıb qaçan şagirdin yerində ola bilər. Bəlkə də çoxları olub da. Amma kim dərs vaxtı bitməmiş evə gələn övladının qolundan tutub məktəbə gətirərək maraqlanıb ki, onun tez gəlmə səbəbi həqiqətən söylədiyi kimidirmi, yoxsa bəhanədir? Güman ki, ölkədə belə hal bir və ya iki dəfə ola, ya olmaya.

Videoda görünür ki, şagird məktəbin  nəzarətsiz, binanın arxa tərəfində olan pəncərəsindən atılır. Amma günahkar müəllimdir.  Müəllimlərin məsuliyyətini əvvəldə xatırlatdıq, bəs valideyn?! Bəlkə paralel olaraq biz həmin şagirdin ailə tərbiyəsinə də diqqət yetirməliyik. Evinə gedən zaman ondan tez gəlməsinin səbəbini soruşmayan valideyni də bir az günahlandıraq bəlkə? “Pəncərədən atılıb qaçdığına görə valideynləri onu tənbehmi edir, yoxsa bu “igidliyi” ilə fəxr edirlər”, -deyə düşünmək yaxşı olmazmı?

İnanmiram ki, intellekti olan valideyn buna müsbət yanaşa. İnanmaq istəmirəm ki, ən azı normal təhsil almış və ya normal dünyagörüşlü insan ovladının 3-4 metr (bəlkə daha çox olan) hündürlükdən atlanmasını istəsin. Ağlı başında olan insan övladını hər halı ilə qorumağa çalışır. İstər 1 aylıq olsun, istər 10 yaşda və ya 50 yaşda olsun. Düşünmək qabiliyyəti olmayan insan üçün də fərqi yaşın yoxdur.  Valideyn üçün övlad həmişə “uşaq”dır. Bu uşaqlar isə bizim yaratdığımız cəmiyyətin fərdləridir. Necə yetişdiririksə, elə də nəticə alacağıq.

Unutmayaq ki, müəllimlər də sözün həm bioloji, həm də mənəvi anlamında valideyndirlər. Hər addımda onları günahlandırmaqdansa, bir-birimizə kömək edərək yeni nəslin formalaşmasının məsuliyyətini bərabər bölüşmək ən doğru yol olardı.

Qadir MUSAOĞLU

Son xəbərlər
Bütün xəbərlər »