Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Salaam Cinema”nın binası ilə bağlı araşdırma başladı
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Salaam Cinema Baku” adlı kinoteatrın yerləşdiyi bina barədə məsələyə münasibət bildirib.

Qurumun mətbuat katibi Fariz Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, kinoteatrın yerləşdiyi bina Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb:

“Hazırda orada təmir-bərpa işləri getmir. Bina özəl mülkiyyətdir. Mülkün sahibi binada bərpa işləri aparmaq istəyib, amma qarşısı alınıb. Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə məlumat verilib ki, binada söküntü işləri aparılmasın”.

Qurumun nümayəndəsinin sözlərinə görə, hazırda bina tarixi abidə kimi dövlət qeydiyyatında deyil:

“Məsələ ilə bağlı araşdırma aparılır. Binanın tarixi əhəmiyyətli hesab olunması, memarlığı barədə Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun rəyi alındıqdan sonra sənədlər hazırlanacaq.

Nazirlər Kabinetinə bu binanın tarixi əhəmiyyətli binalar siyahısına salınması və dövlət tərəfindən qorunması üçün müraciət olunacaq. Çox güman ki, bu ilin sonuna kimi bina ilə bağlı qərar veriləcək. Bina tarixi əhəmiyyətli abidələr siyahısına salınsa, dövlət tərəfindən qorunacaq”.

“Son illər ərzində abidələrlə bağlı aparılmış monitorinqlər nəticəsində 1700 yeni abidə aşkarlanıb”, - deyə Fariz Hüseynov qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »