Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şəffaf olmayan iqtisadiyyatda İcbari Tibbi Sığortanın yeni fəsadlarını görürəm”

Nazim Bəydəmirli: “Dövlət xəstəxanaları “özəl xəstəxanalarda qiymət bahadır, keyfiyyət aşağıdır” adı ilə anti-piar kampaniyası aparır, səhiyyə sisteminə ləkə vururlar”

“İldə bir neçə milyon nəfərin pulsuz müayinədən keçirilməsi ilə bağlı səsələnən rəqəmləri bir neçə dəfə eşitmişik. Mən buna şübhə ilə yanaşıram. Müşahidələrimiz də onu göstərir ki, bu rəqəmlər heç də həqiqət deyil, əslində yerdə olan dövlət səhiyyə müəssisələri bu və ya digər formada müxtəlif statistik rəqəmləri manipulyasiya edirlər. Bununla da yuxarılara öz işlərini yaxşı göstərmək üçün yalançı məlumat bazası toplayırlar”.

Bunu Bizimyol.info saytına açqlamasında iqdisadçı professor, tibbi klinika sahibi Nazim Bəydəmirli deyib. Bu gün prezident İlham Əliyev bu il 6 milyona yaxın insanın dövlət xətti ilə müayinədən keçəcəyini bildirib.

Nazim Bəydəmirli hesab edir ki, bu, real rəqəm deyil: “Hətta vətəndaşların müayinədən keçirilməsi heç bir avadanlıqdan istifadə etmədən həkimin ona vizual baxışla belə təşkil edilsə belə, bu qədər tibbi personal onları müayinə edə bilməzdi. Ölkədə həkim sayını həmin rəqəmə böldükdə, bu mümkünsüz olur. Yeri gəlmişkən, 10 milyon olmağımıza baxmayaraq, ölkədə 6 milyon insanın yaşaması sual altındadır ki, bu insanalr fiziki olaraq buradadırmı? Çünki təkcə Rusiyada 2 milyondan yuxarı Azərbaycan vətndaşının olduğu bu və ya digər formada təsdiq olunur. Bundan başqa, bölgələrdə yaşayan insanların bir neçə milyolu Bakı ətrafına səpələniblər, iqtisadi miqrasiya ediblər. Bu baxımdan rəqəmin özünə şübhə yanaşıram və bunun keyfiyyətli müayinə adı ilə təqdim edilməsinin tərəfdarı deyiləm. Əslində profilaktik müalicələr çox vacibdir. Vətəndaş xəstələnənə qədər mütəmadi olaraq ildə ən azı 1 dəfə chek-up müayinə olunmalıdır. Bunun üçün isə vəsait lazımdır”.

İcbari Tibbi Sığortanın tətbiqi zamanı bu kimi problemlərin aradan qalxıb –qalxmayacağına gəlincə, ekspert bildirir ki, sığortanın tətbiqi yaxşı hal olsa da, onun necə idarə olunmasından çox şey asılıdır:

“Çünki uzun illərdir özəl və dövlət xəstəxanalarına ayrı-seçkilik təbliğ edilir. Baxmayaraq ki, dövlət xəstəxanaları dövlət büdcəsi hesabına təmin edililir, burada işləyənlərə dövlət maaş verir, amma həmişə pullu xidmət göstərirlər. Hamı şahiddir ki, əslində dövlət xəstəxanalarında vətəndaşlar öz vəsaitləri hesabına müayinə və müalicə olunurlar, kifayət qədər də böyük xərcləri çıxır. Bunun hamısı sovet sistemindən qalmış idarəçilik metodu ilə davam etdirilir. Eyni zamanda, dövlət resursları hesabına əslində özəl kimi fəaliyyət göstərməklə həm də vergidən yayınırlar. Bununla yanaşı, dövlət xəstəxanaları özəl tibb müəaaisələrinə qarşı “özəl xəstəxanalarda qiymət bahadır, keyfiyyət aşağıdır” adı ilə anti-piar kampaniyası aparırlar, səhiyyə sisteminə ləkə vururlar. Məqsəd də dövlətin rəqabət mühitini pisləşdirməsidir. Ona görə də məsələ kökündən həll edilməli, özəl və ya dövlət olmasından asılı olmayaraq eyni hüquq və vəzifələri daşımalıdır. İcbati Tibbi Sığortanı təşkil edəcək sığorta şirkətləri də seçimi kiminsə kiməsə yaxın olması ilə müəyyən etməməlidirlər. Məsələn, neft şirkətində neçə il əvvəldən icbari tibbi sığortalama həyata keçirilib. Amma orada sığorta olunan şəxslər məhdud sayda tibb müəssisələrinə müraciət hüququna malikdirlər. Digər müəssisələrə isə inzibati yolla qadağan edirlər. Məsələn, gəlir özəl klinikaya müayinə və müalicə olunsun, amma ona deyirlər ki, sən ancaq filan klinikalara gedə bilərsən. Bu da inhisarın bir növüdür. Ona görə də tibbi sığortanın indiki şəraitindən və gələcəyindən hələlik bir şey gözləmirəm. İcbari Tibbi sığortanın təbiqi özlüyündə müsbət olsa da, indiki durumda - Azərbaycan iqtisadiyyatılnda məmur sahibkarlığı, inhisarçılıq davam etdikcə, dövlət vəsaitlərin yenə də məhdud sayda kimlərəsə məxsus özəl klinikalara yönlənmdirilməsi baş verəcək. Yaxud da müxtəlif rüşvət müqabilində dövlət xəstəxanalarının ayaqda durmasını təmin edəcəklər. Ona görə də şəffaf olmayan iqtisadiyyatda bunun yeni fəsadlarını görürəm” – Nazim Bəydəmirli bildirib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »