Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bitmiş keçmişin naziri

Bir müsahibəyə söz ardı: Əli İnsanovun cavablarından doğan suallar

Bahəddin Həziyev

Bəri başdan deyim ki, keçmiş səhiyyə naziri Əli İnsanov hakimiyyətdə olanda onu ən sərt tənqid edənlərdən biri olmuşuq. Şəxsinə heç bir simpatiyam olmayıb. Indi də yoxdur. Bununla belə həbsə düşdüyü zaman məhkəmə proseslərindən geniş reportajlar vermişik; onun nazir postundakı fəaliyyətini və ümumilikdə siyasi mövqeyini qəbul etməsək də, azadlığa çıxmasına bacardığımız media dəstəyi vermişik, yıxılana balta çalmamışıq. Balta çalanlar, əlbəttə, olub. Və Əli İnsanov özü də, deyəsən, əlində balta ilə geri dönüb.

Və…Bəyənsək də, bəyənməsək də, Əli İnsanovun ilk geniş müsahibəsi gündəm oldu. Maraqlıdır ki, bu müsahibəni gündəmə çevirən də daha çox elə iqtidar mediasıdır. Mənim şəxsi düşüncəmə görə, kim olursa-olsun, bütün resurslarla bir adamın üstünə getmək doğru deyil. Bu, elə ən çox da hücum edənlərin özləri üçün neqativ nəticə verir. Bizim mental qanunlara görə çox adamın birləşib bir nəfərin üstünə düşməyi əks effekt yaradır. Xüsusilə də, total hücum obyekti kimi seçilən şəxs qadın, uşaq və ya qocadırsa. Bu günlər belə hədəflər sırasında həm qadın, həm də yaşlı insan var. (“Mərdi qova-qova namərd etmək” kimi atalar sözümüz var. Bir də bunun əksini düşünün. Bizdə, doğrusu, hər iki proses gedir) .

Təbii ki, mənim girişdəki fikrimə etiraz edənlər də müəyyən mənada haqlı olacaqlar; “hər kəsin öz fikrini demək haqqı da var” deyə. Bu da doğrudur. Axı elə mən də bu yazıda öz fikrimi yazmaq istəyirəm. Çünki ictimai məsuliyyətim bu haqda yazmağa sövq edir. Burda etirazları qəbul edirəm. Bir şərtlə: hər kəs doğrudan da öz şəxsi mövqeyini, düşündüyünü desin və yazsın, öz dediklərinə ən azı özü inana bilsin. Mən də ictimai məsuliyyətimi dərk edərək bu məsələyə biganə qala bilmədim. Bəli, mən siyasətlə məşğul olmuram. Heç bir siyasi partiyada təmsil olunmuram, özümü siyasətçi kimi görə bilmirəm. Düzdür, “sən siyasətlə məşğul olmasan da, siyasət səninlə məşğul olacaq” deyiminin dərin anlamını unutmaq olmaz. Ancaq bizim durumumuzda heç siyasət də yoxdur; siyasət adından bizimlə məşğul olanlar, taleyimizə yön verənlər var.

İndi Ukraynadan çox danışılır və çox yazılır. SSRİ dağıdıqdan sonra Rusiyada və Qazaxıstanda yaşayan almanlar bu ölkələri tərk edib Almaniyaya kütləvi köçməyə meylləndilər. O zaman müstəqil Ukraynanın ilk prezidenti Leonid Kravçuk dağılmş Sovetlər Birliyinin alman əsilli keçmiş vətəndaşlarının hamısını öz ölkəsində yerləşdirməyə hazır olduğunu bəyan etdi. Bu bəyanat Almaniya Federativ Rrespublikasının Ukraynaya dərhal çox böyük maliyyə və siyasi dəstək verməsinə səbəb oldu. Həmin dəstək isə Ukrayna üçün həyati önəm daşıyırdı. Bu misalı ona görə çəkirəm ki, siyasətçi milyonların taleyinə təsir edən şəxsdir; gətirdiyimiz misal müsbət nümunələrdəndir. Ancaq tarix və çağdaş dünyamız saysız-hesabsız mənfi misallarla da doludur. Böyük siyasətə iddia edən şəxslərin dediklərini və etdiklərini təhlil etmək ən azı bu baxımdan mühümdür. Əli İnsanovun müsahibəsindən də çox adam yazır, danışır. Ancaq biz bu müsahibəni “soyuq başla” təhlil etməyin tərəfdarıyıq və buna cəhd edəcəyik.

Bu arada SSRİ-dən söz düşmüşkən, Əli İnsanov öz müsahibəsində Sovet İttifaqı adlanan bu dövləti Uniston Çöprçillin məşhur “Fulton çıxışı” ilə başlanan “Soyuq müharibə”də ABŞ-ın uduzdurduğunu, Birləşmiş Ştatların 40-cı Prezidenti Ronald Reyqanın isə son nöqtəni qoyduğunu-dinc yolla dağıtdığını deyir.

Əli İnsanovdan sitat: “Keçən əsrin səksəninci illərində Çörçilin və Harri Trumenin (1945-1952-ci illərdə ABŞ prezidenti - red.) səpdiyi toxumlar cücərməyə başladı. Bu işi davam etdirmək üçün yeni liderə, çox cəsarətli ağıllı liderə ehtiyac yarandı. Bu, Amerika prezidenti Ronald Reyqan (1981-1989-cu illərdə ABŞ prezidenti - red.) oldu. Reyqan soyuq müharibəni başa çatdırdı, qələbə çaldı və kommunist rejimini, demək olar ki, məğlub etdi. SSRİ bir anın içində yox oldu. Baxın, nə müharibələr oldu, SSRİ-yə nə hücum oldu. Sadəcə, ağıllı, düşünülmüş siyasətlə bu iş başa çatdı. Yüz minlərlə insan kommunist diktaturasından xilas oldu”.

Sonuncu cümlədəki “yüz minlərlə insan” ifadəsini keçmiş nazirin, sadəcə, mexaniki yanlışlığı saymaq da olar; SSRİ dağılanda onun əhalisi yüz minlərlə deyil, yüz milyonlarla idi. Yenicə əfv olunmu. siyasi debütantın həyacandan doğan riyazi yanlışını bağışlayıb keçək siyasi yanlışına. Əlbəttə, hər cür müqayisə uğursuzdur, ancaq Əli İnsanovun özünü Ronald Reyqanla bir tutmaq cəhdi tamamilə tutarsızdır. O halda İsa Qəmbər Çörçil, Əli Kərimli də Harri Trumendir, eləmi?! Və “SSRİ bir anın içində yox oldu” fikri kiçik ölkənin siyasətində çox böyük rola iddia edən bir şəxs üçün ciddi səhvdir. SSRİ bir anın içində yox oldusa, bəs biz niyə bu qədər mübarizə aparmışıq, şəhid vermişik?! Əli İnsanovun özünün bir zaman çox yüksək postunda təmsil olunduğu hakimiyyətin başqa təmsilçiləri də zaman-zaman belə fikirlər söyləyib; o fikirləri dinləyəndə sanki SSRİ təsadüfən dağılıb, heç bir milli-azadlıq hərəkatı-filan da olmayıb. Təbii ki, cəmiyyətdə çoxluq bu fikirləri qəbul etmir. Belə görünür ki, ya Əli İnsanov Azərbaycanın müstəqilliyinə hakimiyyətdə olduğu zamankı yanaşmasını – Azərbaycan xalqının istiqlal mübarizəsini inkar edən ənənəvi mövqeyini dəyişməyib, ya da özünü ABŞ Prezidenti Reyqana bənzətməyə aludəçilikdən Azərbaycanda milli-azadlıq hərəkatı kimi “xırda” məsələlərə elə də önəm verməyib. Bəlkə də zamanla oluşan unutqanlığın, ya da siyasətə yeni başlayan adamın təcrübəsizliyinin nəticəsidir (Çünki buna qədər o, siyasətlə gerçəkdən məşğul olmayıb; başı başqa işlərə qarışdığından buna ehtiyacı və zamanı olmayıb). Əks halda Əli İnsanov “SSRİ-nin keçmiş bir sıra respublikalarında yerli diktaturalar yaranmağa başladı və bu, artıq 30 ilə yaxındır davam edir. Bunlardan biri də Azərbaycandır” deməzdi. Yəni Azərbaycanda diktatura qurulmasında iştirak etdiyini etiraf edir. Məgər Azərbaycanda demokratiyanın, yoxsa diktaturanın olduğunu anlamaq üçün keçmiş nazirə 14 il vaxt lazım idi?! Həm də tarixi saxtalaşdırmaq nəyə lazım?! Axı Əli İnsanovun da təmsil olunduğu qüvvə Azərbaycanda demokratik yolla seçilmiş Prezidentin – Əbülfəz Elçibəyin devrilməsi nəticəsində hakimiyyətə gəlmişdi. Və ondan sonrakı dövrdə Prezident Heydər Əliyevin partiyasında sədr müavini və hökumətində 10 ildən çox “hazırın naziri” postu tutmuşdu. Bütün bunlardan sonra adamın yüz səksən dərəcədə dönüb demokrat olacağına kim və necə qarantiya verir?! Əli müəllimin özünün böyük ehtimalla “regional jarqon” olan “astını danan” ifadəsi burda siyasi anlamda tam yerinə düşür. Onun siyasi “ast”ı diktatura olubsa, biz onun demokrat olacağına hansı tutarlı səbəblərlə inana bilərik ki?!

Bu yerdə regionçuluq məsələsinə diqqət çəkmək istərdim. Bəli, “Amerikanın səsi”nin müxbirinin də sualında vurğuladığı kimi, Əli İnsanov nazir olan zaman regionçu kimi tanınıb. Bu suala onun cavabı da çox maraqlıdır və yanlışlıqlarla doludur. Əvvəla, “Qərbi Azərbaycanlılar” deyil, “ermənistanlılar” termini işlədir. Hərçənd onun doğulub böyüdüyü torpaqlar da daxil olmaqla həmin ərazilər Azərbaycanın, Oğuz türklərinin tarixi torpaqlarıdır. Normalda Göyçədən, Dərələyəzdən, Zəngəzurdan, İrəvandan – bir sözlə, o torpaqlardan olan soydaşlarımıza biz “qərbi azərbaycanlılar” deyirik. “Ermənistanlılar” ifadəsi isə ötən əsrdən qalma, sırf siyasi regionçuluğu ehtiva edən bir anlayış olaraq işlədilib.

İkincisi, Əli İnsanov görün nə deyir: “Mən heç yerdə regionçu olduğumu dilə gətirməmişəm. Mən ermənistanlı olduğumu da danmamışam. Ancaq, güman edirəm ki, insan əvvəlcə öz anasını sevməlidir, sonra qonşu anaları. Belə olmayan insanları mən ikiüzlü və satqın adlandırıram”.

Regionçu olduğunu dilə gətirməmək hələ regionçu olmamaq demək deyil; əgər əməldə bunu etmisinizsə, dildə demək və ya deməmək elə vacib deyil. Qaldı, insanın əvvəl öz anasını, sonra başqa ananı sevməsinə, bu bənzətmə də tamam yanlışdır. Ananın bura nə dəxli var?! Bəli hər kəs doğulub-böyüdüyü kəndi, eli sevir. Öz elindən olan insanlara bir mənəvi yaxınlıq duyur. Burda qəbahət yoxdur. Ancaq bunu dövlət idarəçiliyinə tətbiq etmək nəinki qəbahətdir, hətta millətə qarşı bir tarixi cinayətdir. Əli İnsanov belə bir tarixi cinayəti törətmədiyini və törədilməsində iştirak etmədiyini iddia edir və “Mənim səmimiyyətimə inanın” deyir. Onun səmimiyyətinə inanıb-inanmamaq artıq cəmiyyətin seçiminə qalmış.

Bu arada Əli İnsanov özü də dolayısı ilə etiraf edir ki, arxalandığı kəsimdən gözlədiyi dəstəyi ala bilməyib. Bunu tıqib edilməsi ilə, adamlarla görüşmək imkanlarınn məhdudlaşdırrılması ilə izah edib. Bu, əlbəttə doğru ola bilər; bu ölkədə kimə nəzarət etmirlər ki?! Ancaq indi 14 il əvvəlki zaman deyil; hətta şəxsən görüşüb ünsiyyətə girən insanların da birlikdə keçirdiyi zamanın bir hissəsi mobil telefonlardan sosial şəbəkələrə daxil olub orda gəzişməklə keçir. İndiki informasiya əsrində siyasi partiya qurmaq, siyasi mübarizə aparmaq üçün çox böyük informasiya resursları, kontakt vasitələri var. Və əgər siyasi mübarizəyə qoşmaq istədiyiniz adamlar, sadəcə, Sizinlə görüşə gəlməkdən qorxurlarsa və ya qorxacaqsa, hakimiyyətə qarşı açıq savaşa necə qalxacaqlar?!

Bəli, Əli İnsanovun siyasi partiya yaradacağı haqda məsələ yəqin ki, onun müsahibəsində ən çox maraq doğuran məqamlardan biridir. O deyir: “…yaxın zamanlarda biz istədiyimiz siyasi qurumu yaratmalıyıq və mübarizəyə başlamalıyıq. Mübarizənin məqsədi, Azərbaycanda insan azadlığı, insan haqlarının bərpa olunması, tapdanmış haqların insanlara qaytarılması, ədalətin ölkədə bərqərar olması, ölkəmizi məcburi tərk etmiş çox dəyərli vətəndaşlarımızın ölkəyə qayıtması, həbsxanada olan bütün siyasi məhbusların azad olunması, şərlənib həbsxanaya salınmış çox dəyərli vətəndaşlarımızın azadlığa çıxması və s. Ən böyük arzularımızdan biri Azərbaycan xalqına firəvan həyat bəxş etməkdir. Azərbaycan sərvətləri ilə hər bir vətəndaşı varlı bir insana çevirə bilər”.

Çox gözəl sözlər, mənalı ibarələrdir. Əslində hamısı nəcib arzu və ülvi niyyətlərdir. Biz bunları onsuz da hər gün başqalarının da, hakim elitanın da ifasında eşidirik. Ancaq burda aydın olmayan başqa bir şey də var: bu yaradılan qurum hüquq-müdafiə təşkilatıdır, yoxsa siyasi partiya?! Müsahibənin heç bir yerində hakimiyyəti dəyişməyə açıq iddia ortada görünmür. Ümumiyyətlə, bu müsahibədə İlham Əliyevi hakimiyyətdən uzaqlaşdırıb-uzaqlaşdırmamaq, necə uzaqlaşdırmaq haqqında heç bir konkret fikrə və ya mövqeyə rast gəlmədim. Üstəlik: “İlham Əliyev Avropaya getməklə bağlı referendum keçirsə, onu dəstəkləyərəm” deyir. Adam dərk etmir ki, Avropaya inteqrasiya ilə bağlı prosesdə “hə”, yox” referendumu ən sonuncu mərhələdir və əslində Avropa İttifaqı ilə saziş imzalamış qonşu dövlətlərdə də belə bir referendum ehtiyac olmayıb. O başqa məsələdir ki, Azərbaycan Avropa İttifaqı ilə necə saziş imzalayacaq və nə zaman?! Bəri başdan nəyi və niyə dəstəkləyəcəyini bilmədən “dəstəkləyərəm” demək də qeyri-ciddi yanaşmadır və adamın siyasi olğunluğunu şübhə altına alır.

Şübhə demişkən, bəlkə də elə bu səbəbdən müsahibədən dərhal sonra Əli İnsanovun hakimiyyətlə anlaşdığı haqda fikirlər sosial şəbəkələrdə yayıldı. Bu, bəlkə də o deməkdir ki, bu müsahibə keçmiş nazirin səmimiyyətinə inam yaratmayıb. Hərçənd müsahibdə “gənc lider”in səmimiyyəti bütün hədləri aşıb: Əli İnsanov yaradacağı müxalifətin Qərbyönümlü olacağını bəyan edib. Əgər keçmiş nazir: “Mənim ideologiyam var” deyəndə bunu nəzərdə tutursa, böyük yanlışlığa yol verir. Çünki “qərbyönümlü”, “şərqyönümlü” deyə siyasi ideologiyalar yoxdur. Sağçı, sağ-mərkəzçi, solçu və sair siyasi cərəyanlar, ideologiyalar var. Əli İnsanovun yaradacağı partiyanın hansı siyasi ideologiyaya mənsub olacağı anlaşılmır. Əvəzində çox dəqiq anlaşılan budur ki, keçmiş nazir, özünün ifadəsi ilə desək, “Böyük Amerika”nın onu hakimiyyətə gətirəcəyinə ümid edir. Bilmirəm, kimsə xarici diplomatlardan ona nə söz verib, ya da Avropa Məhkəməsinin iki qərarından sonra özü bu fikrə gəlib ki, Amerika və Avropa onun simasında Azərbaycanda yeni bir komprador lider görür və sair. Qəti əminəm ki, o, bərk aldadılıb, ya da aldanıb. Çünki indiyə qədər bütün başqa müxalifət partiyalar və liderlər də bu aldanışları yaşayıblar (bəziləri hətta dəfələrlə). Üstəlik, hələ yaratmadığı partiyanın Qərbyönümlü olacağını (yəni Azərbaycanyönümlü olmayacağını) açıq bəyan edən adama kim ciddi siyasətçi deyə inanar və böyük planlara daxil edər?! Hə, mövcud hakimiyyətə təzyiq aləti olaraq görmək istəyərlərsə, o başqa. Söhbət ciddi planlardan gedəndə belə siyasi indvidlərə orda yer olacağını düşünmürəm. Çünki ən azı adam özü özünü bəri başdan ələ verib. Bir sözlə, bu insan ova gedərkən ovlanıb (“Qarabağ münaqişəsi ancaq və ancaq sülh yolu ilə həll olunmalıdır” ifadəsi isə onu tamamilə deşifrə edib; bunu sonuncu dəfə Rusiyali Lavrovla Matviyenkodan, eləcə də, Paşinyan və Tonoyan adlı ermənilərdən eşitmişik. İndi də Əli İnsanov deyir. Bu adam heç olmasa, Azərbaycan hakimiyyəti kimi də demir; “sülh istəyirik, lazım gılsə…” kimi söz kombinasiyasına da lüzum duymur).

Proqnoz olaraq demirəm, ancaq mənim fikrimcə, Azərbaycanın postƏliyev dövrünün liderini biz tanımırıq (daha doğrusu, həmin adamın yeni lider olacağını heç kəs ağlına gətirmir). Yeni sənaye inqilabında yüksək texnologiyalar, nanotexnologiyalar əsas faktora çevrildiyi kimi, böyük siyasətin də özünün yüksək texnologiyaları meydana gəlib. Yəni hətta əvvəlki siyasi texnologiyalar da işə yaramır. Ukrayna kimi böyük cəmiyyətdə qısa müddətdə yeni lider yetişdirən məhz bu “siyasi nanotexnologiya”lardır.

Yeni çağırışlara köhnə təfəkkürlə və xüsusilə, şəxsi və siyasi qisasçılıq hissindən doğan nifrət üzərində qurulmuş siyasi paradiqmalarla cavab vermək doğru deyil; bunu hakimiyyətin də, müxalifətin də yanaşmalarında, təəssüf ki, görürük. Düşünürəm ki, siyasətçi, peşəsi biz qavradığımız anlamda transformasiya dövrünü keçirir; yeni, fərqli dövrün modern siyasi texnologiyalarının əsas silahı sevgi və şəfqətdir. Gözümüzün qarşısında kökündən fərqli siaysi obrazı və elektoratı ovsunlayan təbəssümü ilə İstanbulu fərh etmiş adamın canlı nümunəsi var. Bu anlamda daha bir siyasi fərdin və ya hələ ki hipotetik də olsa, siyasi qüvvənin qisas bayrağı altında və demokratiya şüarları arxasında gizlətdiyi yeni diktat anlayışını və neotraybalist düşüncəsini növbəti dəfə cəmiyyətin “başında çatlatması” təhlükəsindən söhbət gedir. “Belədə kim, harda nə müsahibə verirsə-versin, bizə nə” deyib keçərdik.

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »