Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ombudsmanın əməkdaşları uşaq evində işgəncə faktını araşdırıb
Ombudsmanın əməkdaşları uşaq evində işgəncə faktını araşdırıb
Şəki Qarışıq tipli Uşaq evində yaşayan Hüseynova Aysel Vasif qızının döyülərək işgəncə verilməsinə dair “Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov tərəfindən internet resurslarında yayılmış məlumatla bağlı Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Şəki Regional Mərkəzinin əməkdaşları 07 iyun 2017-ci il tarixdə Şəki Qarışıq tipli Uşaq evində araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya bildirilib ki, müəssisənin müdiri Məmmədova İlhamə Tofiq qızı 1998-ci il təvəllüdlü Aysel Hüseynovanın 2007-ci ildən Şəki Qarışıq tipli Uşaq evində tərbiyə olunduğunu, hazırda Peşə məktəbində təhsil aldığını deyib. Onun sözlərinə görə, qızı müəssisəyə nənəsi gətirib. Ayselin atası vəfat edib, anası isə Qax Rayon Məhkəməsinin qətnaməsinə əsasən 2013-cü ildə valideynlik hüququndan məhrum edilib.

İ. Məmmədova qeyd edib ki, A. Hüseynovanın Uşaq evinin müəlliməsi Mirvari Əsgərova tərəfindən döyülərək işgəncə verilməsi barədə Sahib Teymurovun internet resurslarında yaydığı məlumatla bu il iyunun 3-də tanış olub.

O, Mirvari Əsgərovanın 1987-ci ildən burada tərbiyəçi-müəllim işlədiyini, onun tərəfindən A.Hüseynovaya qarşı heç vaxt hər hansı təzyiq və işgəncəyə yol verilmədiyini bildirib.

Araşdırma zamanı Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən A.Hüseynova ilə konfidensial şəraitdə görüş keçirilib. Görüş zamanı o, heç bir müəllimi tərəfindən işgəncəyə məruz qalmadığını, uşaq evinin müdiri və müəllimələrinin ona hər zaman qayğı ilə yanaşdığını qeyd edib. A. Hüseynova bildirib ki, 2016-cı ilin yay aylarında özünü Sahib Teymurov olaraq təqdim etmiş şəxs uşaq evinə gələrək onunla və digər uşaqlarla görüşüb, özünün də vaxtı ilə uşaq evində yaşadığını və uşaqlara köməklik etmək istədiyini söyləyib.

A. Hüseynovanın sözlərinə görə, S. Teymurov başqa uşaqlardan kənarda onunla görüşərək dediklərini təkrarlayacağı halda ona 20 manat verəcəyini və aralarında olan söhbəti heç kimə deməyəcəyini vəd edib, bundan sonra S. Teymurovun dediklərini təkrarlayaraq müəllimi tərəfindən döyülərək, işgəncəyə məruz qaldığını, özünü öldürmək istədiyini deyib. S. Teymurov onun dediklərini video-kameraya çəkib, ona 20 manat verib.

Araşdırma zamanı uşaq evində tərbiyə olunan digər şəxslərlə də konfidensial şəraitdə keçirilmiş görüş zamanı uşaq evinin müdiri və müəllimlərinin onlara heç vaxt hər hansı təzyiq göstərmədiklərini bildiriblər.

Araşdırmanın nəticələri ilə bağlı müvafiq aktlar tərtib edilib. Həmin aktları A. Hüseynova və görüş keçirilmiş şəxslər imzalayıb.

Müəssisənin müdiri Şəki Şəhər Rayon Polis Şöbəsinə rəsmi müraciət etdiyini söyləyib.

Polis Şöbəsi İ. Məmmədovanın məsələ ilə bağlı ərizə ilə müraciət etdiyini təsdiqləyərək, müvafiq araşdırma aparıldığını bildirib.

Son xəbərlər
Bütün xəbərlər »