Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlavə görülən işin hər saatı üçün əmək haqqı ikiqat ödənməlidir
“İnsanlar 8 saatdan artıq işlədilərək istismar edilir” – qanunvericilikdə nəzərdə tutulan hallar

“Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşlardan daxil olmuş müraciətlər əsasında 2019-cu ilin ilk rübü ərzində normal əmək və istirahət rejiminə riayət edilməməsi ilə bağlı 2 fakt aşkarlayıb və bu faktların əsasında 3 min manat cərimə tətbiq olunub”.

Bunu Bizimyol.info saytının sorğusunu cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin sözçüsü Aynur Osmanqızı deyib.

O bildirib ki, Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələrindən biri də normal əmək və istirahət rejiminə riayət etməkdir.

“Əməyin mühafizəsi qaydalarının pozulmasına, normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə, İnzibati Xətalar Məcəlləsinin 198.0.5. maddəsinə əsasən min manatdan iki min manatadək məbləğdə cərimə tətbiq edilir.”

Fazil Mustafa: “Şikayət etməyə qorxurlar ki, bu, onların işlərini itirmələri ilə nəticələnəcək”

İnsanların iş vaxtından artıq ilədilməsinin və buna görə heç bir ödəniş edilməməsi məsələdini parlanetin son iclasında deputat Fazil Mustafa qaldırıb:

“İnsanlar niyə saat 6-dan sonra işdə qalmalıdır? Milli Məclisdə yaxşı bir ənənə var. Saat 6-ya 3-4 dəqiqə qalmış hər kəs hazırlaşır, evə gedir. Amma bir çox dövlət qururmlarında artıq ənənə halını alan bir vəziyyət yaranıb ki, işçilər 2-3 saat artıq işdə saxlanılırlar”.

O bildirib ki, qanunvericlikdə və Əmək Məcəlləsində 8 saatlıq iş rejimi müəyyən edilsə də, buna əməl etməyənlər var. “Bununla bağlı çoxsaylı müraciətlər var. İşçilər bundan narazı olsalar da, yuxarı orqanlara şikayət etməyə qorxurlar ki, bu, onların işlərini itirmələri ilə nəticələnəcək. Hətta məhkəməyə versələr belə, Azərbaycanda “rəis hər zaman haqlıdır” pronsipi ilə yanaşaraq, hüquqlarının bərpası mümkün olmayacaq. Ona görə də, bu cür hallara yol verən qurumlardakı vəzifəli şəslərlə bağlı tədbir görülmüsi üçün qanunvericiliyə müvafiq dəyişiklik edilməlidir. İnsanlar istismar edilməməmlidir. 8 saatdan artıq işməsi yalnız əlavə ödəniş edilməklə tətbiq edilə bilər”.

Hadı Rəcəbli: “Əmək Müfəttişliyinə əlavə səlahiyyətlər verilməsi məsələsinə baxa bilərik”

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli də bu cür halların olduğunu təsdiqləyib: “Qanunvericilikdə bu məsələ əksini tapsa da, təcrübədə belə bir tendensiyanın olduğunu bilirik. Əmək qanunvericiliyinin pozulması hallarına nəzarət edən orqan Əmək Müfəttişliyidir. Ona görə də bu kimi məsələlərə nəzarət mexanizminin yaradılması üçün qanunvericilikdə Əmək Müfəttişliyinə əlavə səlahiyyətlər verilməsi məsələsinə baxa bilərik”.

Qanunvericilikdə iş vaxtı

Azərbaycan qanunvericiliyinə görə, gündəlik iş rejimi 8 saatdan (həftədə 40 saatdan çox olmamaq şərtilə) çox ola bilməz. İşçinin iş və istirahət vaxtının dəqiq müəyyən edilməsi birinci növbədə işçinin sağlamlığının mühafizəsin yönəlmiş addımdır. Eyni zamanda, işçinin iş və istirahət vaxtı, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. İşçinin tam iş vaxtı və onun hansı qaydada müəyyən edilməsi Əmək Məcəlləsinin 89-cu maddəsində təsbit edilib:

1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

Gündəlik normal iş vaxtı müddətinin 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olaraq həftəlik normal iş vaxtı müddətinin 40 saatdan artıq müəyyən edilməsinin qanunvericilik tərəfindən qadağan edilməsi bilavasitə işçinin sağlamlığının mühafizəsinə yönəlib. Əmək qanunvericiliyinə əsasən bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Lakin, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Kimlər üçün qısaldılılmış iş vaxtı tətbiq edilir?

İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Bununla əlaqədar Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsində bildirilir ki, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və I və II qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaş yarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır. Bu kateqoriyalı işçilər üçün iş vaxtının qısaldılmasında tətbiq edilən güzəştlər, ən minimum güzəştlər hesab edilir. Digər müvafiq normativ hüquqi aktlarla, habelə kollektiv müqavilələrlə və ya əmək müqavilələri ilə iş vaxtı işçinin xeyrinə daha da yüngülləşdirilərək, qısaldılmış iş vaxtı tətbiq edilə bilər.

Əmək məcəlləsinin 92-ci maddəsinə əsasən əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün də iş vaxtının qısaldılmış müddəti nəzərdə tutulur. Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilməlidir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Natamam iş vaxtı

İş vaxtının qısaldılmış müddətlərinin hüquqi əsaslarının mövcud olması ilə yanaşı, qanunvericilik eyni zamanda müəyyən kateqoriya işçilər üçün natamam iş vaxtının da müəyyən edib:

Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış, yaxud 16 yaşınadək əlil uşağı olan qadınlara ərizələri ilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin Əmək Məcəlləsi və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

Növbəli iş rejimi

İş vaxtı rejiminin müəyyən qaydalarına uyğun olaraq istehsal zərurəti nəzərə alınmaqla növbəli iş rejimi tətbiq edilə bilər. İşin gündüz və ya gecə növbəsindən asılı olmayaraq, gündəlik işin (növbənin) müddəti 12 saatdan artıq ola bilməz.

Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Hamilə və üç yaşınadək uşağı olan qadınlara və yaşı 18-dən az olan işçilərə gecə növbəsində işləmək qadağandır. Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Tibbi Sosial Ekspert Komissiyaları vasitəsi ilə) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

İş vaxtından artıq iş

İş vaxtından artıq iş, bunun son həddi, iş vaxtından artıq işlərə yol verilən müstəsna hallar Əmək Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir.

İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi deməkdir. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.

Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir.

Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.

İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin «Əməyin mühafizəsi» bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir.

İş vaxtından artıq işlərin son həddinə gəlincə, hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:

- dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

- su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;

- başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;

- işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;

- əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

- İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.

Əlavə işə görə ödəniş qaydası

İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

1. əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);

2. əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

Gecə vaxtı işə görə əlavə ödənişlərin minimal miqdarları müəyyən edilir. Ümumi qaydaya əsasən, əlavə ödəniş 20% təşkil edir, yəni işçi gecə işi zamanın hər saatına görə adi vaxtamuzd maaşın 120% alır. Çoxnövbəli iş zamanı axşam və gecə növbələrində müvafiq olaraq əlavə ödəniş 20 və 40% təşkil edir. Dəqiq məbləğlər əmək və ya kollektiv müqavilələrlə müəyyən edilir.

İstirahət, bayram, səsvermə, ümumxalq hüzn günlərində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

- əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);

- əməyin işəmuzd ödənilmə sistemində işəmuzd tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);

təsbit edilmiş aylıq maaş sistemində maaşdan əlavə günlük vəzifə maaşının məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%).

İşçinin istəyinə əsasən əmək haqqı əvəzinə ona başqa istirahət günü verilə bilər.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »