Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan dövlətçiliyinə yeni sui-qəsd planları

Bu prosesə “5-ci kalon”u təmsil edənlər cəlb olunublar

Bir-birindən fərqli görünüşlərlə, ideoloji-siyasi baxımdan ayrı-ayrı sosial qrupları təmsil edən çevrələr Azərbaycan dövlətçiliyinə qarşı zaman-zaman andidövlət projelərini gerçəkləşdirməyə cəhd edirlər. “Qurdlar süfrəsində Azərbaycan” projesini irəli sürən çevrələr ölkəmizdə “din”, “təriqət”, “demokratiya”, “insan hüquqları”, “postmodern” və digər fərqli görüşünlərdə müəyyən addımları atmağa başlayıblar. Təəssüflər olsun ki, ölkə KİV-ləri, özəlliklə də sosial media bu antidövlət siyasətinin çalarlarını, onun hansı bəlalara səbəb olacağını incələmir.

“İspan modeli”nin müasir çalarları

“5-ci kalon” anlayışı ilk dəfə İspaniyada 1936-cı ildə gündəmə gəlib. Diktator Fransisko Franko onu müdafiə edən Emilio Molanın komandanlığı altında demokratik dövlət idarəetməni diktatura ilə əvəz etmək üçün paytaxt Madriddə xalq tərəfindən seçilmiş iqtidara qarşı üsyan etdi. General Franko hətta təşəxxüslə belə bir ifadə işlətmişdi: “7 noyabrda paytaxtın “Qran Via” kafesində kofe içəcəm. Dörd hərbi birlik mənimlədir. Beşincisi isə Madriddə çoxdan bizi gözləyir”.

Sonrakı hadisələr bu faktı təsdiq etdi. Demokratik idarəetmə və xalqın qanunla seçdiyi hakimiyyət deyil, xarici güclərin təsiri altında yaşamaq məcburiyyətində qalan İspaniya anlayışı gündəmə gəldi. Ölkənin bütün sərvətləri iqtidara gəlmiş “5-ci kalon”nun əli ilə elə həmin xarici qüvvələrin maraqları üçün yönləndirildi. Görkəmli ispan yazıçısı Dolores İbarruri diktator Frankoya qarşı çıxaraq bu fikirləri yazmışdı: “Madridin müdafiə olunması İspaniyanın qorunmasıdır. Sən diktator kimi bu iki müqəddəs ideyaya xəyanət etdin. 5-ci kalon ispan xalqının əzrayılı deməkdir. Sənin arxalandığın 5-ci kalon İspaniyanın bu gününü deyil, həm də gələcəyini məhv edir”.

Müasir dövrdə “5-ci kalon” anlayışı sosiallaşma siyasəti üzərində qurulur. Bu da bəzən xalqlara və dövlətlərə zahiri baxımdan bərbəzəkli görünsə də nəticə etibarı ilə, hər şey bu kalonun gerçək sahiblərinin maraqlarına hesablanır. Onları həmin dövlətin və ya xalqın nə indiki, nə də sabahkı taleyi ilgiləndirmir. Sosiallaşmada dini-teoloji, təriqət və məzhəb, ideoloji, ictimai-sosial, müxtəlif cərəyanlar və sair vasitəsilə tətbiq olunur. Yaxın Şərqdə belə bir siyasətin ortaya atılmasının əsas səbəblərindən biri də həmin ölkələrdə sərt diktator rejimlər və cəmiyyətin sosial baxımdan savadsızlığının geniş miqyas alması ilə müşahidə olunurdu. Ona görə də Səddam Hüseyn (iraq), Hüsnü Mübarək (Misir), Bin Əli (Tunis), Müəmmər Qəddafi (Liviya) və digər diktatorlar “domino daşı” kimi asanlıqla hakimiyyətdən devrildilər. Çünki, bu ölkələrdə “5-ci kalon” əhalini inandırmaq üçün yetərincə faktlara malik idi. Uzun illər sosial-iqtisadi və ictimai həyatda vətəndaşları ağır həyat şərtləri içində yaşamağa məcbur edən faktorlar yetərincə idi.

Azərbaycanda “5-ci kalon” təşəbbüsləri

Siyasi və ictimai baxımdan belə bir addımların atılması üçün respublikamızda üç dəfə qabardılmış formada proseslər cərəyan edibdir.

1. Yenicə dövlət müstəqilliyimizə qovuşan dönəmlər:

a) Bəzi region.ölkələrinin ifrat mühafizəkar imperiya siyasətinin şəbəkələri,

b) Cənub üzərindən “Cənubi Qafqaz” hədəfləri,

c) Xarici ölkələrə məxsus “qara bazar” siyasətinin talançı şirkətlərin maraqlarını şəxsi müstəvidə həyata keçirənlərdən ibarət idi qruplaşmalar.

2. 1993-1998-ci illərdə “demokratiya”, “insan haqları”, “vətəndaş cəmiyyətləri” və KİV-lərin bolluğu adı altında mövcud iqtidara qarşı xarici müdaxilənin, Azərbaycanı saxta yolla “banan ölkəsi”nə çevirmək istəyən güclərin maraqları ətrafında baş verən olaylar.

a) “İslam”, “xristian” və digər dinlərin müxtəlif təriqət-məzhəblərinə bağlı olan “donor” təşkilatların fəal müdaxilələri,

b) Xarici ölkələrin maliyyə, siyasi və ictimai baxımdan dəstəyi ilə dövlət çevrilişi edərək hakimiyyətə gəlmək istəyən yerli “hərbi-siyasi müxalifət”in qanuni hakimiyyəti tanımaq istəməməsi,

c) Köhnə təfəkkürlü və “məmur oliqarxiya” siyasətinə belə bağlayaraq “klan” düşüncəsi ilə idarəetmə siyasətinə önəm verənlər və sairlər.

3. 2002-ci ildən başlayaraq, Azərbaycanda seçkilər yolu ilə müxtəlif maraqları təmsil edən bəzi qüvvələrin hakimiyyətə gəlmək iddiası.

a) 2003, 2008, 2013 və 2018-ci illərdə prezident, 2005, 2010 və 2015-ci illərdə Milli Məclis seçkiləri yolu ilə müəyyən xarici və daxili qüvvələrin iqtidarı ələ almaq üçün irəli sürülən təşəbbüslər,

b) Ölkədə süni şəkildə kompramat müharibəsini ictimai fikrə calamaqla atılan addımlar,

c) Sosial media üzərindən aparılan məntiqsiz “soyuq müharibə” siyasəti.

Sadalanan bu faktlar demək olar ki, Azərbaycan dövlətinə qarşı hesablanmış və atılan addımlar olsa da, strateji baxımdan hər dəfə acı məğlubiyyətə uğrayıb. Ona görə ki, qanuni hakimiyyətə qarşı atılan şamurlar heç bir nəticə vermədi. Milli və dövlət maraqları çərçivəsində irəli sürülən islahatlar, əhalinin sosial təminatı, ölkənin milli gəlirlərinin ədalətli böğlüsü bu hədəflərin qarşısını ala bildi. Onu da unutmaq olmaz ki, Azərbaycan dünyada yeganə ölkədir ki, 1 milyon 150 min nəfərlik məcburi köçkün və qaçqınların məskunlaşdırılması və sosial problemlərinin həlli kimi ağır məsələlərin öhdəsindən təkbaşına gəlib. O da bəllidir ki, Azərbaycanın 1993-1998-ci illərdə milli gəlirləri heç də ürəkaçan vəziyyətdə deyildi. Keçmiş Sovetlər Birliyinin dağılmasından sonra iflic vəziyyətinə salınmış milli iqtisadiyyatımızı yenidən dirçəltmək üçün zaman tələb olunurdu. Daxili resursların və əhali ilə düzgün aparılan siyasətin hesabına bütün çətinliklərin öhdəsindən beləcə gəlindi.

“5-ci cədvəl”in müasir sapıntıları

Görkəmli ispan yazıçısı, İspaniyanın diktatoru və “5-ci kalon” siyasətini hakimiyyətə gətirən Fransisko Frankonu daim sərt şəkildə tənqid edən, beynəlxalq “Nobel” Sülh Mükafatını almış Ernest Heminqueyin “5-ci kalon” pyesinin əsas motivi ondan ibarətdir ki, bu gün diktator rejimləri “5-ci kalon” siyasətinə önəm verirlər. O da bəllidir ki, sabah bu antibəşəri ideya siyasi qrupların, antidövlət siyasətini yürüdənlərin, terrorçuların və xarici biznes çevrələrinin yerli gizli əlaltılarının maraq dairəsində olacaq. Ona görə də harada “5-ci kalon” mövcuddursa, onlara qarşı aparılacaq mübarizə təkcə hakimiyyətin deyil, ümumilikdə xalqın dirənişi çox vacibdir. Bu çevrələr kollaborasinistlər zümrəsini təmsil edirlər. Onları nə mənsub olduqları dövlət və xalq, nə də ölkəsinin taleyi heç bir zaman maraqlandırmır. Dahi Ernest Heminquey “5-ci kalon”u həm də “5-ci cədvəl” adlandırmaqla onu demək istəyir ki, bu qruplar istənilən xarici dövlətin maraqlarını ifadə etməklə yanaşı, həm də “vətən xaini” statusu ilə çıxış edirlər. Çünki, onların apardıqları təbliğatların ictimai məzmunu ilə deyil, dövlətçilik və fəlsəfi yöndən hədəflərinin haraya yönəldiyi vacib şərtlərdən biridir.

Hal-hazırda Azərbaycanda özlərini demokratik mübarizənin davamçıları kimi təlqin etmək istəyən və müxalif mövqeləri ilə seçilən partiyaların, bəzi vətəndaş cəmiyyəti təşkilatların, eləcə də KİV-lərin fəaliyyətini diqqətlə analiz etdikdə, bəlli olur ki, “5-ci cədvəl”in şərtləri onların mühakimələrində ön sırada yer alır. Bu sırada önə çıxmış və ictimai fikri sapındıran çevrələrin hansı mövzuları daha çox qabardıldığının fərqinə varınca hər şey aydın şəkildə görünür.

O da bəllidir ki, müasir dünyanın öndə gedən strategiyası enerji resursları məsələsidir. Azərbaycan Yaxın Şərq, Cənubi Qafqaz və Xəzərətrafı regionların coğrafiyasında mərkəzi rol oynayır. Təbii olaraq, dövlətimiizin mövqelərinin sarsıdılması üçün maraqlar toqquşacaq. O da bəllidir ki, Azərbaycan 1993-cü ildən üzü bu yana bütün döyüşlərdən alnıaçıq çıxıb. 1994-cü ildə imzalanan “Əsrin Kontraktı” Azərbaycanın əldə etdiyi bəşəri uğurların təməlidir. Məhz “Əsrin Kontraktı”ndan sonra, Azərbaycana beynəlxalq miqyasda münasibətlər də dəyişdi. Ötən 25 illik dönəmdə Azərbaycanın addım-addım əldə etdiyi uğurları indi hansısa “5-ci cədvəl”in əli ilə gözdən salmaq, ölkəni tamamilə orta əsrlərin gerizəkalı ağuşuna atmaq ideyası məğlubiyyətlə tamamlanacaq. Çünki, ölkəmizdəki islahatların miqyasının artması, XXI əsrin standartları çərçivəsində dövlət olmanın modelləri tətbiq olunur. Postsovet məkanında bu miqyasda və qlobal səviyyədə 2-ci dövlət bu addımları hələ ki, atmayıb. Beynəlxalq imici qazanmaq və tədbirlərə ev sahibliyi etməklə ölkənin nüfuzunu artırmaq texnologiyası Azərbaycana məxsusdur.

Bu prosesə “5-ci kalon”u təmsil edənlər cəlb olunublar

Hər hansı bir dövləti “banan ölkəsi”nə çevirmək üçün orada “5-ci kalon” deyilən düzən varsa, deməli həmin ölkədə vətəndaş müharibələri, regional qarşıdurmalar, dini, təriqət və məzhəb savaşları, məhəlli döyüşlər ara verməyəcəkdir. Afrika və Cənubi Amerikanın bəzi ölkələrində son 60 ildə yaşanılan daxili çəkişmələr buna örnəkdir. Müasir dünyada bizlər bu acı həqiqətlərin daim şahidinə çevrilirik. Sudan, Uqanda, Çad, Keniya, Yəmən, Qambiya, Zimbabve, Seneqal, Qvineya, Liberiya, Mali, Burkino-Faso, Efiopiya, Peru, Mozambik, Anqola, Boliviya, Venesuela, Paraqvay, Ekvador, Panama, Salvador və Honduras tipli ölkələrdə mövcud ağır sosial həyat tərzi, iqtisadi və maliyyə böhranlarının başlıca səbəbi bu ölkələrdəki “5-ci kalon” siyasətinin tüğyan etməsidir. Beləliklə qanuni hakimiyyətə qarşı olan “5-ci kalon” ideyası tərəfdarlarının mübarizəsi əslində ən böyük zərbə xalqa və dövlətin özünə dəyir.

Ermənistan Azərbaycanın sürətli inkişafından qorxur

2019-cu il üçün Ermənistanın dövlət büdcəsi 533 milyard dram (3 milyard 160 milyon dollar) həcmində təsdiq olunubdur. Bununla da ötən illərdən fərqli olaraq ölkənin sosial və mədəniyyət sahəsinə 44 faiz az vəsait ayrılacaq. Müdafiə, təhlükəsizlik və ictimai nəzarət məsələlərinə isə büdcənin 24 faizi sərf ediləcək. İqtisadi inkişaf sektoruna 12.3 faiz vəsaitin ayrılması planlaşdırılıb.

Ermənistandan fərqli olaraq, Azərbaycanın 2019-cü il üçün dövlət büdcəsi 22 milyard 180 milyon 734 min manatdır. Dövlət gəlirlərinin yarısı vergi və gömrük xidmətlərinin hesabına formalaşacaq. Qeyri neft sektorunun ötən illərdən fərqli olaraq, bu il əldə olunan gəlirləri xeyli dərəcədə artacaq. Ölkəmizin müdafiə xərcləri 3 milyard 037 milyon 618 min, təhsil sektoru üzrə 2 milyard 285 milyon 884 min, səhiyyə üzrə 1 milyard 042 milyon 488 min, sosial müdafiə və təminat 2 milyard 620 milyon 387 min, mədəniyyət, incəsənət və idman sahəsi üzrə 359 milyon 75 min, aqrar sektorun inkişafı üzrə 874 milyon 230 min, sosial-iqtisadi islahatlar sahəsinə 1 milyard 373 milyon 315 min manat vəsait xərclənəcəkdir. Bu uğurları diqqətlə təqib edən Ermənistan Azərbaycanın daxilini qarışdırmaq, iqtisadi və sosial baxımdan inkişafımızı əngəlləmək üçün “5-ci kalon” siyasətini daim körükləmək taktikası ilə hərəkət edir. Bunlar:

1. Regional etnososial böhranların yaradılması,

2. Azərbaycanda gənclərin orduya inamının azaldılması,

3. Süni şəkildə sosial narazılıqların artırılması,

4. Qarabağ probleminin həllini beynəlxalq miqyasda süni şəkildə “xristian-islam” qarşıdurması kimi təqdim edilməsi,

5. İnsan haqları mövzusunun saxtakarlıqla qabardılması,

6. Xaricdəki sosial şəbəkələrin vasitəsilə Azərbaycan hakimiyyətinin gözdən salınması,

7. Qonşu dövlətlərdə Azərbaycan əleyhində ictimai baxımdan yerli xalqları yönləndirmək və sair mövzuları daim qabartmaq taktikasından ibarətdir. Ona görə də cüzi olan dövlət büdcəsinin 24 faizini bu məqsədlərə sərf edir.

XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan özünün iqtisadi, sosial və mədəni inkişaf sürəti ilə bütün Qafqaz regionları üçün əsil örnək idi. Yaşadığımız XXI əsrin inkişaf sürəti Azərbaycanın tarixi ənənələrinin davam etdiyini sübuta yetirir. Çünki, ölkədaxili və beynəlxalq aləmlə uzlaşan rasional siyasətin sayəsində bu uğurlara imza atılır. Hər hansı perspektivdən uzaq Ermənistanın beynəlxalq nüfuzunun olmamasının sirri bundadır. Ona görə də ermənilər mümkün qədər Azərbaycana qarşı “5-ci kalon” siyasətindən yararlanmağa çalışırlar.

Xaricdəki “5-ci kalon”un astar üzü

2016-cı ildən etibarən Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı Avropada mühacir statusu almış bir neçə kiçik qrup tərəfindən süni şəkildə aksiyalara başladıldı. Aparılan araşdırmalarımız nəticəsində bəlli oldu ki, Hollandiyada mühacir statusu ilə yaşayan və uzun illərdir erməni diasporunun ianələri sayəsində bir çox “qrant layihələri”ni həyata keçirən Leyla və Arif Yunuslar ailəsi “Avropa Erməni Təşkilatları Konfederasiyası”ndan 80 min avro dəyərində vəsait almışdılar. Ermənilərin bu layihəsi sayəsində Hollandiya, Almaniya, İsveç, Danimarka, Belçika, Fransa, Avstriya, Polşa, Norveç və digər Avropa ölkələrində Azərbaycan prezidenti İlham Əliyevə qarşı aksiyaları həyata keçirdilər. Bu azmış kimi həmin tədbirlər sosial şəbəkələr tərəfindən geniş şəkildə təbliğ edildi. Çünki, Azərbaycan 2017-2018-ci illərdə strateji baxımdan bir çox beynəlxalq layihələrə imza atacaqdı. Azərbaycanı və ölkə rəhbərliyini gözdən salmaq kampaniyasının ardında duran bu hədəflərə görə ermənilər “nəlbəkidə fırtına” taktikasından yararlanmağa çalışdılar. Bu layihədə yer alan və Avropada yaşayan bir çox soydaşımız sonradan öz səhvlərini anladığı üçün, Leyla və Arif Yunuslar ailəsindən indi mümkün qədər uzaq durmağa çalışırlar.

Dövriyyədə “islamçı məhbus”lara dəstək siyasəti

“5-ci kalon” siyasətinin əsas düsturu əsasən bunlardan ibarətdir:

a) Faşizm ideyasının tərəfdarları,

b) Qanuni hakimiyyəti qəbul etməyən müxalifət anlayışı,

c) Xarici ölkələrin xüsusi xidmət orqanlarının proyektləri əsasında fəaliyyət göstərənlər və bu maraqlar çərçivəsində hərəkət edənlər,

d) Uğursuz siyasətçilərin hakimiyyət uğrunda apardıqları mübarizə.

Azərbaycanın siyasi reallıqlarına nəzər saldıqda, bu dördlü baxışlardan sadəcə birincisi ölkəmizdə yoxdur. Digərləri bəsit şəkildə olsa da varlıqlarını isbat etməyə çalışanlardır.

2018-ci ildə Gəncədə “siyasi islam” cərəyanı baş qaldırmaq üçün hərəkətə keçdi. Bunu xaricdəki qüvvələr həm də “baş məşq” deyə qiymətləndirməyə çalışdılar. Azərbaycan dövlət olaraq bu təşəbbüslərin qarşısını xalqın iştirakı ilə birlikdə qarşısını aldı. Elə bu olayları ən çox işıqlandıran, ölkənin Konstitusiyasını dəyişdirərək “şəriət dövləti” qurmaq istəyən çevrələr də dərhal hərəkətə keçdilər. “5-ci kalon”nun qarşısında duran başlıca vəzifə “siyasi islam” ideyasını daha da qabartmaq, insan haqları adı altında antidövlət fəaliyyətlərinə görə həbs olunanların müdafiəsini gündəmə gətirməyə çalışdılar. Bunları müxalifətin “Milli Şurası”nda təmsil olunan təşkilatların, liderlərin və onlara yandaşlıq edən çevrələrin gündəlik bəyanat və açıqlamalarında da görmək mümkündür. “Milli Şura”nın mitinqlərində “məhbus islamçılara azadlıq” şüarları səsləndirildi və plakatlar qaldırıldı. “Milli Şura”da təmsil olunan “Azərbaycan Ziyalı Hərəkatı” təşkilatının sədri Eldəniz Quliyev “İslamçı məhbusların büdafiə komitəsi”ni yaratdı. “Milli Şura”da təmsil olunan Rövşən Əhmədli “AİP”-in (Azərbaycan İslam Partiyası) qurucu rəhbərlərindən olan şəxsdir. E. Quliyevin rəhbərliyi altında Azərbaycan dövlətinə qarşı Ermənistanın xüsusi xidmət orqanları tərəfindən idarə olunan “etnik separatizm” ideyası ilə fəaliyyət göstərən bir çox şəxslər də yer almışdılar. Onlardan biri, hazırda Avropada mühacir statusu almış Rafiq Cəlilov uzun müddət Eldəniz Quliyevin rəhbəri olduğu təşkilatın sədr müavini vəzifəsini daşıyıbdır.

Beləliklə sadaladığımız bu faktların özü isbat edir ki, “5-ci kalon”un əsil astar üzü nədən ibarətdir. Harada bir antidövlət siyasi prosesləri cərəyan edirsə, orada “5-ci kalon”nun izi ortaya çıxır. Halbuki, onların irəli sürdükləri ideyalar, keçirdikləri aksiyalar və apardıqları təbliğatlar birbaşa andivötlət siyasətidir. Bu həm də dövətçiliyimizə qarşı tuşlanmış sui-qəsddir.

Ə. Yusifoğlu

Son xəbərlər
Bütün xəbərlər »