Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müharibə veteranı üçün müavinət status alındığı gündən hesablanır” - Rəsmi açıqlama
ƏƏSMN əvvəlki 3 il üçün müavinət almaq hüququnun tanınması ilə bağlı məsələyə aydınlıq gətirib

Redaksiyamıza müraciət edən iki vətəndaş – Məmmədov Fikrət Əmir oğlu (Qəbələ rayon sakini) və Cəfərov Füzuli Ramiz oğlu (Saatlı rayon) sakini bildirirlər ki, Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmələri ilə bağlı onlara (müvafiq olaraq, Daxili Qoşunlar və Müdafiə Nazirliyi) 2018-ci ildə veteran vəsiqəsi verilib.

Bununla əlaqədar onlara müvafiq müavinət təyin edilib. Ancaq bildirilib ki, müavinətin verilməsi, yalnız veteran vəsiqəsini aldıqdan sonrakı dövrə aiddir.

Bizimyol.info saytına müraciət edən adıçəkilən şəxslər bilmək istəyirlər ki, onlara əvvəlki illərə görə də müavinət hesablanaraq verilməlidir ya yox. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

Buradan göründüyü kimi müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

Əvvəlki 3 il üçün müavinət almaq hüququnun tanınmaması ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinə sorğu ilə müraciət etdik. ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Bizimyol.info-ya bildirib ki, qanunvericiliyə əsasən, müharibə veteranı statusu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş arayış əsasında müharibə veteranı vəsiqəsi verildiyi gündən yaranır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

“Bu və ya digər şəxsə müharibə veteranı kimi müvafiq sosial təminat növünün (Prezident cənab İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə onlara cari il aprelin 1-dən aylıq 80 manat təqaüd təsis olunub) təyin edilməsi də həmin şəxsin müharibə veteranı statusu yarandığı, yəni ona veteran vəsiqəsi verildiyi vaxtdan həyata keçirilir.

Məhz bundan sonrakı dövrdə vətəndaş ona həmin ödənişin təyin olunması üçün gec müraciət etdiyi halda müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödəniş verilir. Lakin bu üç illik dövr bu statusun yarandığı vaxtdan əvvəlki dövrə deyil, statusun yarandığı vaxtdan sonrakı dövrə aiddir”.

Rəşad VAQİFOĞLU | Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »