Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zelenskinin yeganə üstünlüyü siyasətçi olmaması idi”
Elxan Şahinoğlu: “Zelenskinin Azərbaycana ilk rəsmi səfərini hazırlayacaqlar”

“Vladimir Zelenskinin president seçilməsi gözlənilən idi və bütün rəy sorğuları seçkinin birinci və ikinci turundan əvvəl Zelenskinin xeyrinə idi”.

Bizimyol.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ukraynada keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Ukraynada president seçkilərinin ikinci turunda aktyor Vladimir Zelenski qalib gəlib. Seçicilərin 45%-dən artığının iştirak etdiyi seçki ilə bağlı exit-pol nəticələrinə görə, o, 73,2%, Petro Poroşenko isə 25,3% səsini toplayıb. Yekun və rəsmi nəticələr isə mayın 1-də Mərkəzi Seçki Komissiyası tərəfindən elan edəcək.

Poroşenkonun məğlubiyyət səbəbləri

Elxan Şahinoğlu Petro Poroşenkonun məğlubiyyət səbəblərini belə izah edir ki, o, prezident seçiləndə Ukraynanı dağılmış vəziyyətdə qəbul etmişdi:

“Krım artıq ilhaq olunmuş, Donbasın yarısından çoxu işğal olunmuşdu. Bundan başqa ordu və təhlükəsizlik sistemi dağılmışdı. Çünki, keçmiş prezident Viktor Yanukoviçin dövründə Ukrayna ordusunun və təhlükəsizlik isteminin idarəetməsi Rusiya kəşfiyyatının nəzarətində idi. Yanukoviç ölkəni tərk edən kimi həm ordu, həm də təhlükəsizlik sistemi dağıldı. Odur ki, Poroşenkonun prezident vəzifəsində ilk işi ordunu və təhlükəsizlik sistemini qurmaq oldu. Poroşenko buna ağır əziyyətlə nail oldu”.

Elxan Şahinoğlu qeyd edir ki, buna baxmayaraq, Petro Poroşenko iqtisadiyyatdakı və sosial sahədəki ağır problemləri həll edə bilmədi, milli pul vahidi dəyərdən düşdü.

“Ukraynanın borcları artdı, dağılmış sənayeni bərpa etmək mümkün olmadı. Petro Poroşenkonun dövründə Ukraynanı tərk edənlərin də sayı artdı. Bundan başqa yeni qurulan Ukrayna ordusu Donbasda ağır məğlubiyyətlərlə üzləşdi, ordu Debaltsevo məntəqəsində ağır itkilər verdi. Poroşenko insanların çox arzuladığı oliqarxik sistemə son qoya bilmədi. Bəlkə də bu onun imkanı xaricində idi. Çünki birincisi özü də oliqarxdır və əlindəki maliyyə imkanlarından imtina edə bilməzdi. İkincisi Ukraynada oliqarxik sistem müstəqillik illərindən qurulub və bunu neytrallaşdırmaq ən güclü prezidentin belə imkanı xaricindədir. Oliqarxlar öz adamları vasitəsilə ölkədə mümkün olan hər şeyə nəzarət edirlər. Bütün bunlar Poroşenkonun reytinqinə mənfi təsir etdi”.

“Vətəndaşlar yeni simaya üstünlük verməyə qərar verdilər”

Vladimir Zelenskiyin qələbə çalmasının səbəblərinə gəlincə, politoloq deyir ki, o, artist və yumoristik proqramın aparıcısı kimi məşhurluq qazanıb.

“Zelenskinin yeganə üstünlüyü onda idi ki, nə qədər əcaib səslənsə də, siyasətçi deyil. Ukraynalıların böyük əksəriyyəti mövcud idarəetmədən və siyasətçilərdən beziblər, çünki verilən vədlər yerinə yetirilməyib. Ona görə də vətəndaşlar yeni simaya üstünlük verməyə qərar verdilər. Birinci turdan sonra Poroşenko rəqibindən geri qalırdı, ancaq kiçik ehtimal var idi ki, prezident debatda fərqi aradan qaldıracaq. Alınmadı, əksinə, artist debatda Poroşenkonu zəif nöqtələrdən vurdu.

Zelenskiyin daxili və xarici siyasətdə addımları nə ola bilər?

Elxan Şahinoğlu deyir ki, Vladimir Zelenskiy oliqarxik sistemi dəyişə bilməyəcək və bu onun əlində deyil.

“Əksinə Zelenskiyə kənardan dəstək verən oliqarx İqor Kolomoyski sürgündən qayıdıb yenidən “iş başına” keçəcək. O biri oliqarxlar da fəallaşacaqlar.

İkincisi, Vladimir Zelenskinin dağılmış iqtisadiyyatı düzəltmək üçün milyardlarla dollar investisiyalara ehtiyacı var. Çətin ki, Qərb dövlətləri və beynəlxalq maliyyə instituları həmin milyardları yeni prezidentə versinlər. Poroşenko qərbpərəst siyasətinə rəğmən, istədiyi investitiyaları ala bilmədi. Zelenskiy isə Qərb üçün qara qutudur. Digər tərəfdən Zelenskinin iqtisadi proqramı haqqında da məlumat yoxdur”.

“Zelenskinin Krım və Donbass siyasəti bəlli deyil”

Politoloq vurğulayır ki, Vladimir Zelenskinin Krım və Donbass siyasəti bəlli deyil:

“Əlbəttə, Zelenskiy Krımın ilhaqını və Donbassın işğalını qəbul etmir. Ancaq Zelenskiy Poroşenkonun Rusiya ilə bağlı sərt siyasətini davam etdirməyə də bilər. Məsələn, Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenskiy ilə görüşmək istəyə bilər. Əgər Zelenskiy Putinin təklifinə müsbət yanaşsa, iki hadisə baş verəcək. Ukrayna millətçiləri küçələrə axışacaq və ölkədə növbəti qarşıdurma yaranacaq. Bundan başqa Zelenskinin Rusiya ilə dialoqa başlaması Ukraynanın xarici siyasətində ciddi korrektəyə səbəb olacaq ki, Kremlə də elə bu lazımdır. Rusiyaya qarşı bütün sanksiyalar Ukrayna torpaqlarının parçalanmasına görə həyata keçirilir. Əgər Ukraynanın yeni prezidenti bunu həzm etməyə hazırlaşacaqsa Qərbin Rusiyaya qarşı sanksiyalarının aktuallığı azalacaq. Bu bir sıra Avropa dövlətinin də arzusudur. O da aydındır ki, Vladimir Zelenskiy torpaqları güc yolu ilə geri qaytarmağa hazır deyil. Zelenskiy müharibə istəmir. Prezidentin bu zəifliyi orduda və təhlükəsizlik orqanlarında ona qarşı gizli etirazı artıracaq.

“Zelenskinin ən zəif tərəflərindən biri də onun parlamentdə fraksiyasının olmamasıdır”

Elxan Şahinoğlu deyir ki, Vladimir Zelenskiy Avropa İttifaqına üzvlüyü qarşısına hədəf qoysa da, NATO ilə bağlı fərqli siyasət yürüdə bilər.

“Poroşenkonun NATO-ya üzvlük hədəfi birmənalı idi. Zelenskiy NATO-ya üzvlük hədəfindən yayına bilər ki, bu da Kremlin xeyrinə olacaq”.

Politoluq əlavə edir ki, Vladimir Zelenskinin ən zəif tərəflərindən biri də onun parlamentdə fraksiyasının olmamasıdır.

“Ali Radanın böyük səlahiyyətləri var. Ukranyada oktyabr ayında parlament seçkisi keçiriləcək. Zelenski oktaybra qədər hazırki yüksək reytinqini qoruya bilsə, rəhbəri olduğu “Xalqın xidmətçisi” hərəkatını parlamentdə yüksək təmsilçiyini təmin edəcək. Ancaq ona qədər Ukraynada proseslər tərs də gedə bilər. Ukrayna xalqının hər dəfə seçdiyi prezidentlərdən gözləntiləri böyük olduğu kimi onlardan üz döndərmələri də uzun çəkmir. Bunu Ukraynanın yaxın tarixdə örnəkləri az deyil. Zelenskiy siyasətçi olmayan üstünlüyü onun əleyhinə çevrilə bilər. Zelenskinin siyasətdə təcrübəsinin olmaması və komandasındakı fiqurların yanlış qərarları ona baha başa gələ bilər. Onu da unutmayaq ki, Ukraynadakı parlament seçkisinə Rusiya da ciddi hazırlaşır, Ukraynadakı tərəfdarlarının və siyasi qruplarının təmsilçilik hüququnu artırmağı qarşısına məqsəd qoyub”.

Zelenskiyin Cənubi Qafqaz və Azərbaycan siyasəti nə ola bilər?

Politoloq deyir ki, Ukrayna GUAM-ın üzvü kimi Azərbaycanın strateji tərəfdaşıdır.

“Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımaçılığı artır. Ukraynanın keçmiş prezidentlərinin Azərbaycana müsbət münasibətləri olub və Azərbaycanın dəyərini anlayırdılar. Petro Poroşenko Azərbaycana rəsmi səfər etmişdi. İlham Əliyev onunla yaxın münasibətlər qurmuşdu. Yeni prezidentin də bu əlaqələri davam etdirilməsi vacibdir. Bunu Zelenskiyə onun müşavirləri və təyin edəcəyi yeni xarici işlər naziri də anladacaq. Onlar Zelenskinin Azərbaycana ilk rəsmi səfərini də hazırlayacaqlar. Əsas odur ki, Zelenskinin artist dostları arasında ermənilərin çoxluq təşkil etməsinə baxmayaraq, yeni prezident ölkəsinin Cənubi Qafqazdakı maraqlarının Azərbaycanla strateji əməkdaşlıqdan keçdiyini qəbul etsin”.

“Ukrayna xalqı əslində Zelenskiyə “hə” deyil, Poroşenkoya “yox” dedi”

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu isə hesab edir ki, Ukraynanı idarəetmək Zelenskiyə asan olmayacaq.

O bildirir ki, Ukrayna xalqı əslində Zelenskiyə “hə” deyil, Poroşenkoya “yox” dedi:

“Bunun da başlıca səbəbi Poroşenkonun siyasi və sistem korrupsiyaya qarşı mübarizədə, oliqarxların iqtisadiyyatda dominantlığının aşağı salınmasında verdiyi sözü tutub, ötən prezident seçkilərində götürdüyü öhdəliklərə əməl etməməsi, eləcə də hüquq mühafizə orqanları rəhbərlərinin qanunun aliliyinə deyil, hakimiyyət və oliqarx maraqlarına xidmət etməsi, ölkədə yaşam şərtlərinin yoxsul təbəqə, xüsusilə də pensiyaçılar üçün ildən-ilə pisləşməsi, Rusiyada ilə müharibədə itirilmiş ərazilərin bütövlüyünün təminatı sahəsində irəliləyişə nail olmamasıdır”.

Qubad İbadoğlu deyir ki, Zelelenski birinci turda müxtəlif namizədlər arasında bölünən səsin demək olar ki, böyük əksəriyyətinə ikinci turda sahib çıxıb.

“Bu isə o deməkdir ki, Zelenski Yulia Timoşenko və Yuriy Boyko ilə yanaşı digər namizədlərlə də danışıqlara gedib, onların səsini də ikinci turda qazanıb. İkinci turda seçkilərin fəallığı aşağı düşsə də bu Zelenskinin xeyrinə işlədi. Zelenski daha çox özünün və müttəfiqlərinin tərəfdarlarını seçkiyə gətirə bildi.

Ukrayna xalqı daimi dəyişikliklər axtarışındadır. Odur ki, seçicilər adətən köhnə deyil, yeni namizədlərə üstünlük verir.

Ukraynda demokratik, xüsusilə də seçki institutları artıq formalaşıb və ora seçkilərin nəticəsi xalqın iradəsini ifadə edir. Bunu isə heç kəs hətta hakimiyyətini itirən prezidentlər belə dəyişməyə cəhd etmir”.

Q.İbadoğlu hesab edir ki, seçkilərdən sonra komandası, partiyası və parlamentdə tərəfdarları olmayan Zelenskiyə xüsusilə də sosial-iqtisadi və təhlükəsizlik problemləri olan, son illər dövlət borcu artan ölkəni idarə etmək asan olmayacaq. “Çox böyük ehtimalla Zelensiki hakimiyyətinə güclü müxalifət formalaşacaq. Amma istənilən halda bu dəyişiklik Ukraynanı irəli aparacaq, ölkədə korrupsiyaya ilə mübarizəyə, avroatlantika məkanına inteqrasiya, bölgədə demokratikləşmə proseslərinə yeni impulslar verəcək.”

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »