Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski, Kissincer və İslam Peyğəmbəri
“Hamının hamıya qarşı savaşı”ından hamının hamı ilə barışığına qədər

Tamamilə yeni bir şəxs Ukraynanın Prezidenti seçildi. Petro Poroşenko məğlub olduğunu rəsmən qəbullanıb qalib gəlmiş Vladimir Zelenskini təbrik etdi, ancaq siyasətdən getməyəcəyini dedi. Yeni Prezident seçilmiş Zelenski isə Poroşenkonu dəvət edib dövlətin idarə olunması ilə bağlı onun məsləhətlərini alacağını söylədi. Zatən Poroşenko siyasətdəydi; onun partiyası Ali Radada (parlament) böyük bir fraksiya ilə təmsil olunur. Poroşenko Prezident postundan getsə də, yenə ölkənin siyasi həyatında qalır. Prezident postuna yeni şəxs gəlsə də, parlament hələ ki sistem müxalifətinin nəzarətində olacaq. Dekabrda yeni parlament seçkiləri keçiriləcək. O zaman qanunverici orqanda da qüvvələr nisbəti yeniləşəcək. Beləliklə də, tək Prezident deyil, Ali Rada və hökumət də yeni olacaq. “Şoumen” deyib ironiya etməyək; bu da bir peşədir. Adamların əvvəl məşğul olduğu peşəyə görə onun necə siyasətçi olacağına qiymət vermək doğru deyil. ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqan da qubernator və Prezident olana qədər idman şərhçisi, kinoaktyor olmuşdu. Ancaq tarxi boyu bizə bəlli olan iqtisadi möcüzələrdən birini – “Reyqanomika”nı o, yaratmışdı. İlk dəfə Prezident olana qədər heç kim Prezident deyildi...

Uinston Çörçil deyirdi: "Demokratiyanın qüsurları çoxdur, ancaq bəşəryyət bundan yaxşısını hələ kəşf etməyib". Bu anlamda Ukrayna demokratiyasının da qüsurları yetərincədir. Ancaq nə qədər qüsurlu olsa belə, demokratiyadır; demokratiyada seçkinin nəticələrini qabaqcadan yazıb seçki komissiyasının seyfində hazır saxlamaq mümkün deyil. Ukraynada da bütün çətinliklərə baxmayaraq demokratik proses var; adamlar deyil, qanuni prosedurlar hər şeyi yönləndirir. Bu seçkidə də demokratiya, siyasi mədəniyyət qalib gəldi. Məğlub olan qalibi təbrik etdi, qalib gələn məğlub olana təşəkkür etdi. Bəli, təkcə qalib gəlməyi deyil, məğlub olmağı da öyrənmək lazımdır. Demokratiyalarda bir siyasi qüvvənin qalib gəlməsi onun əbədi toxunulmaz qalacağı anlamına gəlmədiyi kimi, bir siyasi qüvvənin məğlubiyyəti də onun tamamilə məhv olub sıradan çıxması demək deyil. Siyasətdə olmaq təkcə Prezident olmaq, deputat olmaq, nazir olmaq, partiya sədri olmaq da deyil. Siyasətdə olmaq hətta siyasi sitemin kənarında qalmaqla da mümkündür. Yoxsul bir ada-şəhəri dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə - bu günkü Sinqapura çevirmiş adam heç bir dövlət vəzifəsi, siyasi vəzifə tutmurdu. Cəmiyyət ona xidmət etmək istəyənlərə təkcə sistem lideri seçilmək hüququnu deyil, həm də sistemdənkənar lider olmaq imkanını da tanıyır.

Bəli, hakimiyyətlər seçkilərlə gələr, seçkilərlə gedər. Siyasət, biznes və ya başqa hansı sahə olursa-olsun, rəqabət üzərində qurulanda gerçək mahiyyətini özündə saxlayır və daşıyır. Əgər siyasətdə rəqabət yoxdursa, orda diktatura var. Əgər biznesdə rəqabət yoxdursa, orda inhisarçılıq var. Əgər cəmiyyət üzvləri arasında rəqabət yoxdursa, orda qəbirstanlıq sabitliyi var; inkişafdan söhbət gedə bilməz. Məsələn, bir universitetdə tələbələr arasında gələcəkdə daha uğurlu karyera qurmaq üçün daha yaxşı oxumaq, daha biliklər almaq üstündə rəqabət olmasa, ömrünün ən gənc yaşlarında insanlar əziyyətə qatlaşıb təhsil alarmı sizcə?! Təbii ki, yox. Əks halda onlar əyləncəyə meyl edəcəklər; çayxanalarda, kafe, restoran və barlarda ən son avtomobil markaları, ən yeni telefon modelləri, ən qlamur geyim brendləri, oğlandırsa, ən gözəl qızlar, qızdırsa, ən yaraşıqlı oğlanlar... haqqında söhbətlərlə vaxt “öldürəcəklər”. Onların rəqabəti əyləncə məkanları, əyləncə növləri seçimlərindən bir addım irəliyə getməyəcək. Ancaq elm, bilik rəqabəti tələbələri gələcəkdə cəmiyyətin daha yüksək, daha sayğılı mövqelərinə daşıyacaq.

Rəqabət insan həyatının, ölkə həyatının bütün sahələrinə aiddir. "Sağlam rəqabət" deyimini qəsdən işlətmədim. Rəqabətdirsə, sağlamdır. Sağlam deyilsə, rəqabət deyil. Rəqabət hissi insanları daim daxilən səfərbər edir, daha yaxşıya doğru canatımını daha da üst səviyyəyə daşıyır. Biz də toplum olaraq daim öyrənməliyik. Münaqişələrin üstünü basdırmaq, gizlətməyə çalışmaq deyil, onları araşdırıb həll etmək yolu ilə irəli getməyi öyrənməliyik. Öyrənəcəklərimiz arasında siyasi mədəniyyət, azad rəqabət, siyasi mübarizədə, biznes yarışında, bütün başqa yarış meydanlarında qaydalara uyğun oynamaq da var. Yarış tərəfləri olaraq qalibi bütləşdirmədən və məğlubu aşağılamadan, kimin kiminlə evlənməli olduğunu və ya kimin kiminlə evlənməli olmadığını reqlamentləşdirmək absurduna yuvarlanmadan - "qırmızı xət"ləri, yazılmış və yazılmamış qanunları tapdalamadan...

...Tomas Hobssun və başqa klassik mütəfəkkirlərin irəli sürüb arxasında dayandıqları ictimai müqavilə nəzəriyyəsinə görə, insanlıq ta başlanğıcdan təbii haqlara sahibdir. Bu haqları hər kəs özü üçün daha çox istəyəndə başqaları ilə münaqişə yarandı; Hobss bunu "hamının hamıya qarşı müharibəsi" adlandırdı. Bundan çıxış yolu olaraq insanlar öz aralarında ictimai müqaviləyə gələrək dövləti yaratdı ki, onların adından onlara nəzarət etsin, “hamının hamı ilə barışığı”na qarant olsun. Sonrakı tarixi dönəmlərdə dövlətlər öz gerçək anlamından, gerçək missiyasından uzaqlaşaraq öz maraqlarını onu yaradanların - toplumun maraqlarından daha önə sürdü. Və dövləti idarə edən hakimiyyətlər də zaman-zaman öz maraqlarını təkcə cəmiyyətin deyil, həm də dövlətin maraqlarından daha üstün mövqeyə çıxardı. Belə olanda ictimai müqavilə öz qüvvəsini itirmiş olur. Baxın, ictimai müqavilənin öz legitim qüvvəsini itirdiyi yerlərdə iğtişaşlar, üsyanlar, qanlı inqilablar, vətəndaş savaşları oldu. Bu gün də dünyanın müxtəlif yerlərində, yaxın-uzaq ölkələrdə biz bunları görürük. Hətta Qərbi Avropanın klassik demokratiyalarından olan Fransa Respublikasında da ictimai müqavilənin pozulması aylarla sürən qanlı iğtişaşlara nədən olmuşdu. Fransa örnəyi də göstərdi ki, dünyanın heç bir ölkəsi heç bir zaman demokratiyanın, onun nəticələrinin səviyyəsindən razı deyil.

Diplomatiya dahisi Henri Kissincer ötən əsrin 80-ci illərində Qərbi Avropaya səfəri zamanı belə bir cümlə işlətmişdi: "Adəmlə Həvvanın Ədən bağından qovulduğu gündən bu yana keçid dövrü davam edir". Çox ciddi yumorla deyilmiş bu fikirdə çox dərin anlam var; gəlişmənin, təkmilləşmənin sonu yoxdur. Belə bir yanaşma vardı ki, insanlıq iyirmi beş ildən bir nəsil dəyişdirir; yəni konkret zaman kəsiyində bir nəsil o birini əvəz edir. Mən deyərdim, nəsil dəyişimini zamanla sınırlandırmaq yanlışdır; nəsillər ən yeni, yüksək texnologiyaların mənimsənilməsi səviyyəsinə görə dəyişir. Çağdaş insan öyrəndikləri yeni nəsnələrlə gəncdir; ömrü boyu öyrənməyə, görüb götürməyə - yeniliklərə açıq olmalıdır. İslam Peyğəmbərinin "beşikdən qəbrə qədər" dediyi bu olsa gərək...

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »