Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Avropa Birliyi ilə Sazişin mətni cəmiyyətə açıqlanmalıdır”

Partiyalar sənədlə bağlı İctimai Dinləmə keçirdi

Azərbaycan və Avropa Birliyi arasında imzalanacaq Sazişə dair İctimai Dinləmə keçirilib. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təşkilatçılığı ilə keçirilən tədbirdə müxalif partiyaların sədrləri, ekspertlər və diplomatik korpusun nümayəndələri iştirak edib.

Bizimyol.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADR-in sədri müavini Adil Qeybulla bildirib ki, Avropa ilə Azərbaycan arasında imzalanacaq Sazişin mətni indiyədək ictimaiyyət üçün gizli saxlanılır. “Sazişin strateji əməkdalıq barədə olduğu bildirilsə də, burada bizim üçün “strateji” sözünün nəyi ehtiva etməsi məlum deyil. Ola bilsin ki, ortada hansısa saziş olsun, amma bu sənəd ölkədə hansısa problemin həllinə nail olmasın. Yəni bu sazişin imzalanması Azərbaycanın həyatında ciddi, səmimi dəyişikliklərə yol açmalıdır. Bu dəyişikliklər formal, xalqın gözündən pərdə asmaq, yalançı islahatlar formasında ola bilməz”.

“Sənəd ən azı vətəndaş cəmiyyətinin müzakirəsinə çıxarılmalı idi”

A.Qeybullanın sözlərinə görə, bu sənədin hazırlanmasında Azərbaycan hökumətinin konkret təklifləri olduğu, hətta sazişin Azərbaycan tərəfindən hazırlanaraq təqdim edildiyi barədə məlumatlar var.

“Əgər belədirsə, bu, ümumiyyətlə Avropa dəyərlərinə ziddir. Bütün bu məsələlər bizim üçün qaranlıqdır və narahatlıq doğurduğu üçün araşdırılmalıdır. Sazişdə nəzərdə tutulan müddəalar bizim üçün çox önəmlidir. Bu, əslində Şərq Tərəfdaşlığı Sazişinin davamıdır. Həmin saziş imzalanan zaman Azərbaycan kənarda qaldı, amma sazişi imzalayan ölkələr müəyyən təhdidlərlə üzləşdilər: Ukrayna və Gürcüstan ərazilərinin bir hissəsini itirdilər. Hazırkı Sazişdə də Rusiyanın maraqlarına zidd olan məqamlar araşdırılmalıdır. Çünki Azərbaycan torpaqları işğal altındadır. Sazişi hansı şərtlərlə imzalamağın özü isə cəmiyyət üçün açıq olmalı, ən azı vətəndaş cəmiyyətinin müzakirəsinə çıxarılmalı idi. Amma Sazişin belə tezliklə və gizli şəkildə imzalanma ərəfəsində olması onu göstərir ki, burada hakimiyyətin ehtiyat etdiyi məsələlər var. Sazişdə insan haqları, söz azadlığı, “çirkli pullar”ın yuyulması və s. fundamental məsələlərlə bağlı hansı şərtlər qoyulub, bu da sual altındadır. Demokratik cameə olaraq bu Sazişin imzalanmasının tərəfdarıyıq, biz Azərbaycanı Avropa ailəsində, Avroatlantik məkanda görmək istəyirik, amma imzalanan sənəd formal olmamalıdır”.

“Sazişdə separat müddəaların olması barədə də şayiələr yayılıb”

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, sazişin mətni məlum olmadan sənədin müzakirə edilməsi absurd görünə bilər. O vurğulayıb ki, Azərbaycan cəmiyyəti imzalanacaq sazişin müddəalarını bilməlidir və qanunvericlikdə bununla bağlı hər hansı qadağa yoxdur.

“Əgər hansısa separat müddəalar yoxdursa, sazişin mətni açıqlanmalıdır. Amma təəssüflər olsun ki, separat müddəaların olması barədə də şayiələr yayılıb”.

Pənah Hüseyn vurğulayıb ki, sazişdə Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salan məqamların olması barədə də müəyyən fikirlər var. “Ümumilikdə Azərbaycanla Avropa Birliyi arasında sazişin imzalanmasında maraqlıyıq, amma bu, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması və demokratik islahatların təxirə salınması fonunda baş verməməlidir”.

“Əlavə hər hansı şərt irəli sürmədən, Sazişin daha tez imzalanmasında maraqlı olmalıyıq”

“Ümid” partiyasının sədri İqbal Ağazadə də bildirib ki, Sazişlə bağlı dəqiq mətn olmasığına görə ortaya müəyyən şayiələr çıxır. “Məsələyə fundamental olaraq belə yanaşmalıyıq ki, Azərbaycan hakimiyyətinə Avropaya inteqrasiya ümumiyyətlə lazım deyil. Deməli, bununla bağlı müəyyən şərtlər var. Bunun üzərindən Avropa da müəyyən şərtlər irəli sürə bilər. Hətta Dağlıq Qarabağ məsələsində də nələrisə diqtə edə bilər. Əvvəlcə ondan başlamalıyıq ki, bizə danışıqların niyə ləngidiyi açıqlansın. Çünki müvafiq olaraq digər ölkələrlə danışıqlar bitib və müqavilələr imzalanıb. Bəs Azərbaycanla niyə bu qədər uzanır, Azərbaycandan nə istəyirsiniz ki, ona yox deyir? Bu demokratik mühitin yaradılması, yoxsa həqiqətən Qarabağ münaqişəsi ilə bağlıdır? Bu suallara cavabları ya Avropadan, ya da Azərbaycan hökumətindən almalıyıq. Əgər söhbət Avropaya inteqrasiyadan, demokratikləşmədən gedirsə, ərazi bütövlüyü ilə bağlı məsələ istisna olmaqla, əlavə hər hansı şərt irəli sürmədən, Sazişin daha tez imzalanmasında maraqlı olmalıyıq”.

Pənah Hüseyndən İlqar Məmmədova replika: “Bu, “Real”ın təzə kursudur?”

Real Partiyasənən sədri İlqar Məmmədov bildirib ki, hazırda imzalanan saziş assosiasiya sazişi deyil. “Azərbaycanla Avropa Birliyi ilə assosiasiya sazişi imzalanması 2011-ci ildə də gündəmdə olub. Amma Azərbaycan hakimiyyəti belə bir sazişin imzalanmasında maraqlı deyil. Azərbaycanla Avropa arasında Assosiativ saziş olacaqsa, bunu başqa hökumət edəcək. Bəzi siyasi partiyalar təəssüf ki, QHT mövqeyindənm çıxış edir. Ya da bəlkə İlham Əliyev rejimi ilə razıdırlar?..”

Pənah Hüseyn yerindən “Bu, “Real”ın təzə kursudur?” deyərək replika atıb.

İlqar Məmmədov bildirib ki, “Real” əvvəldən də belə kursda olub.

“Bəzi qüvvələr Azərbaycanla Avropa arasında normal münasibətlərin olmasının əleyhinədir”

İlqar Məmmədov çıxışına davam edərək vurğulayıb ki, bəzi siyasi partiyalar tamamailə qeyri-peşəkar mövqe göstərərək, sazişi tənqid edirlər. “Bu, siyasi partiyalar üçün yolverilməzdir. Hazırda sazişin mətni məlum deyil və heç bir təcili imzalamadan da söhbət getmir. Əvvəlcə saziş tamamlanmalı, sonra Avropa Birliyinə üzv ölkələrin dillərinə tərcümə olunmalı, bu ölkələr sazişin milli qanunvericiliyə uyğunluğunu yoxlamalıdır. Bndan bir neçə ay sonra sadəcə tərəflər paraflanma - ilkin imzalama edə bilərlər. Daha sonra saziş dərc edilməli, yekun hüquqi ekspertizaya göndərilməli, sonra imzalanmalı, ratifikasiyalar olmalıdır. Amma bəzi adamlar və siyasi partiyalar elə görüntü yaradırlar ki, guya artıq hər şey bitib”.

O qeyd edib ki, Azərbaycanda bəzi qüvvələr ümumiyyətlə Azərbaycanla Avropa arasında normal münasibətlərin olmasının əleyhinədirlər. “Onlar özləri bunu açıq şəkildə ifadə etməsələr də, siyasi partiyaların, QHT-lərin dili ilə bu cür təbliğat aparılrlar. Ona görə də diqqətli olmalıyıq”.

“Sazişdə Azərbaycan xalqının faydalanmasında maraqlı olmalıyıq”

Milli Şuranın koordinasiya şurasının üzvü Gültəkin Hacıbəylinin sözlərinə görə, təmsil etdiyi düşərgə Azərbaycanın Avropaya inteqrasiyasının tərəfdarıdır. “Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin alternativsiz seçimidir. Bu təkcə bizim deyil, həm də qurucu babalarımızın yoludur. Hələ 2014-cü ildə Azərbaycan hakimiyyətindən Avropa ilə assossasiya sazişi və azad ticarət sazişi imzalanmasını tələb etmişdik. Ancaq hesab edirəm ki, Avropa Birliyi öz standartlarına cavab verən ölkələrlə tərəfdaşlıq sazişi imzalamalıdır. Siyasi məhbus, azad media, vətəndaş cəmiyyətinin problemləri həll edilməyən ölkə ilə isə hansısa tərəfdaşlığa getməməlidir”.

Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qeyd edilən narahatlıqlara toxunan G.Hacıbəyli bildirib ki, Avropa Birliyi heç bir sənəddə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almayıb.

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, Avropaya inteqrasiya tərəfdarı olasalar da, saziş və müqavilələrdə Azərbaycan xalqının faydalanmasında maraqlıdırlar:

“Saziş böyük şirkətlərin maraqları üzərində qurulmamalıdır. O böyük şirkətlərin kimlərə məxsus olması hamımıza aydındır. Xüsusilə siyasi məhbus problemi, demokratiya, sosial vəziyyətin yaxşılaşması istiqamətində müsbət nəticələrə nail olunulmalıdır”.

“İstəmirlər ki, müsəlman ölkəsi olan Azərbaycan xristian dövləti olan Ermənistandan önə keçsin”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də bildirib ki, rəhbərlik etdiyi təşkilatın əsas prinsipi Avropa Birliyinə və NATO-ya üzv olmaqdır. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti öz dayaqlarını təhdid edən hansısa addımı atmaqda maraqlı deyil. Partioya sədri bildirib ki, hakimiyyət nəinki Avropa Birliyinə üzvlükdə maraqlı deyil, ümumiyyətlə, inteqrasiya istiqamətində hansısa addım atmaq niyyətində deyil. “Çünki Azərbaycanda siyasi sistem inhisarçılığın, korrupsiyanın, gizli iqtisadiyyatın üzərində qurulub və bu addım qurulan rejimin siyasi-maliyyə dayaqlarını təhdid edir. Digər tərəfdən, Azərbaycan hökuməti hesab edir ki, Avropa Birliyi və NATo ilə yaxınlaşacaqsa, ona yönəlik xarici – xüsusən də Rusiya və İran tərəfindən təhdidlər aktuallaşacaq. Bəzən deyirlər ki, biz bu addımları atsaq, Rusiya Azərbaycanda işğal zolaqlarını genişləndirəcək. Amma Moldova, Ukrayna, Gürcüstan assosiativ saziş imzalayıb və işğal olunmuş ərazilərinin sərhədlərindən kənara çıxılmayıb. İndi baxaq ki, Azərbaycan Brüsseldən necə görünür? Azərbaycan Avropanın kənar sərhədindədir və onları o qədər də maraqlandırmır. İkincisi Azərbaycan müsəlman ölkəsidir və bu da sivilizasiyon baxımdan, xüsusilə də Avropadakı mühafizəkar dairələrin dəyərlərinə ziddir. Onlar ümumiyyətlə deyirlər ki, bir müsəlman ölkəsində demokratikləşmə baş tuta bilərmi? Onlar heç zaman istəmələr ki, Cənubi Qafqazən müsəlman ölkəsi olan Azərbaycan onunla konfliktdə olan xristian dövlətindən qabağa keçsin. Ona görə də, bu gün Azərbaycanda demokratiya nə Amerika nə də Avropa tərəfindən ciddi şəkildə dəstək verilmir və verilməyəcək. Bundan başqa, Azərbaycan neft ölkəsidir və burada transmilli şirkətlərin ciddi maraqları var. Onlara gəlib bir nəfərlə saziş imzalamaq və bunu gizli saxlamaq daha rahatdır, nəinki demokratik bir hakimiyyətlə. Ona görə də demokratik ölkə olmayınca nə Avropa Birliyi, nə də NATO ilə əsaslı inteqrasiya prosesi getməyəcək. Hazırkı proses isə Vaşinqton, Brüssel və Azərbaycan hakimiyyətinin maraqlarına uyğun gedən prosesdir.

“Əgər birləşməsək, belə gülünc vəziyyətimiz çox olacaq”

Sülhəddin Əkbər sonda Milli Azadlıq Hərəkatından çıxan qüvvələri birləşməyə çağırıb. AXP sədri Pənah Hüseynin yerindən replika ataraq, “Azərbaycan Xalq Hərəkatı da dağıldı” deməsi gülüşə səbəb olub. Sülhəddi Əkbər, “əgər birləşməsək, hələ belə gülünc vəziyyətimiz çox olacaq” deyib.

“Avropa Şurasına böyük ümidlərimiz puç olub, yeni imitasiya istəmirik”

AXCP sədri Əlim Kərimli deyib ki, belə sazişləri müxalifətin tələbi ilə ictimaiyyətə heç kim açıqlamayacaq. “Həmin saziş tamamlanmayana qədər açıqlanmayacaq. Bu, dünyada ümumi bir qaydadır. Bizim onsuz da hansısa bəndi razılaşdırıb-razılaşdırmamaq kimi şansımız yoxdur deyə, biz ümumilkdə niyyətimizi bəyan etməliyik. Hesab edirik ki, belə bir sazişin imzalanma ərəfəsində olması Azərbaycan üçün müəyyən imkanlar yaradır. Azərbaycan hakimiyyəti başdansovdu saziş imzalamaq istəsə də, onun istədiyi kimi olmadı və bu sənəd əsl kompramisin nəticəsidir. Sazişi imzalayan tərəflər üzərlərinə öhdəlik götürürlər. Biz qarşı tərəfə aydın mesaj verməiyik ki, Azərbaycan xalqı bir dəfə bu məsələdə “yanıb”. Avropa Şurasına böyük ümidlərtimiz puç olub, bu da Avropa meyllərinə zərbə vurub. Ona görə də biz ikinci imitasiya yox, dərin tərəfdaşlıq sazişi istəyirik”.

Sənəddə Azərbaycanın ərazi bütövlüyünə zidd məqamlar olması barədə deyilənlərə gəlincə AXCP sədri bildirib ki, hakimiyyətin belə bir addım atacağına inanmır: “Nəinki bu hakimiyyət, heç kim belə bir sənədə imza ata bilməz”.

Tədbirdə sabiq “vicdan məhbusu” Tofiq Yaqublu, REAL-ın icra katibi Natiq Cəfərli, Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev və digərləri də çıxış edib, dinləmələrin qətnaməsi müzakirə olunub.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »