Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Atasının vəzifəsindən istifadə edib əsgərlikdən yayınıb, qumarda uduzub" - Məhkəmədə qalmaqal

Vaxtilə Baş prokurorun müavini olmuş, xeyli vaxtdır ki, vəkilliklə məşğul olan Məmmədvəli Cəfərovun özü indi məhkəmə qarşısında dayanıb. O, 150 min manatlıq dələduzluqda ittiham olunur.

Bizimyol.info xəbər verir ki, Məmmədvəli Cəfərov Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Rəhman Yusifovun vəkili olub. R.Yusifov 2008-ci ilə qədər icra başçısının birinci müavini, ondan sonra 2012-ci ilə qədər Qaradağ rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri işləyib. Bu vəzifədə işləyəndə rüşvət almağa görə həbs olunub, ona 5 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Bundan sonra onun oğlu Rəşad Yusifov atasının hüquqlarının müdafiəsi üçün vəkil Məmmədvəli Cəfərovla müqavilə bağlayıb. İddia olunur ki, vəkil sabiq məmurun oğluna atasını buraxdıracağına söz verib. Ali Məhkəməyə vermək adıyla ondan 150 min manat pul alıb. Amma iş düzəlməyib - Ali Məhkəmə də hökmü dəyişməyib.

Keçmiş məmurun oğlu vəkildən hüquq-mühafizə orqanlarına şikayət edib, onun haqqında cinayət işi başlanıb. İş hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

"Mən eşitmişdim ki, vəkillər arasında fırıldaqçılar çoxdur. Amma bu adama inandım. Çünki mənim atam da 45 il prokurorluqda işləyib. İnanmazdım ki, baş prokurorun müavini işləmiş bir adam belə bir iş tutsun...", - artıq həbsdən çıxmış Rəhman Yusifov məhkəmədə belə deyib.

Sabiq məmurun sözlərinə görə, haqqındakı 5 illik həbs hökmünü apellyasiya məhkəməsi qüvvədə saxlayandan sonra onu 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər. Bu vəkil də ilk dəfə də orada olanda yanına gəlib: "Orada olduğum zaman üç dəfə bu adam mənim yanıma gəlib. Ona dedim ki, mən zəif adam deyiləm, amma həll edə bilmədim. Mənə dedi ki, narahat olma, düzələcək. Məmmədvəli Cəfərov bizə demişdi ki, Ali Məhkəmənin sədrini, cinayət kollegiyasının sədrini tanıyır. İkinci dəfə yanıma gələndə dedi ki, pul çatıb, həll olunacaq. İki dəfə Ali Məhkəmədə mənim işimlə bağlı ərizəni geri götürdü ki, proses uzansın. Bir ilə yaxın davam edəndən sonra dedi ki, Ali Məhkəmə vasitəsilə düzəlmir. Təklif elədi ki, Əfv Komissiyası vasitəsilə eləyək. Razılaşdıq. Dedi ki, Komissiyaya təcili ərizə yazmaq lazımdır. Yoldaşım yazdı. Dekabrda əfv sərəncamı imzalandı, bu da yalan çıxdı. Hər dəfə bir bəhanə gətirirdi".

Vəkil isə deyir ki, ittiham yalandır, oğlu atası həbsdə olanda onun pullarını xərcləyib, indi də ona böhtan atır: "Atası vəzifədə olanda burdan pulları göndərirdi, o da Moskvada bizneslə məşğul olurdu. Atasının həbsindən sonra pullar kəsilib, bunun da işi qurtarıb. İndi də işsizdir. Atasının vəzifəsindən sui-istifadə edib, əsgərlikdən yayınıb bu adam. İndi mənə böhtan atır. Bir dəfə gəldi ki, atasından qalma pullarla bizneslə məşğul olmaq istəyir. Dövlət Gömrük Komitəsinin Mərkəzi Aparatında çalışan Möhübbət Əhmədov adlı tanışım var idi. Onunla siqaret biznesi barədə razılığa gəldilər".

Təqsirləndirilən vəkil deyir ki, biznesdən ötrü 100 min manat pul verilib, onun da 91 mini qaytarılıb: "Rəşad bir dəfə məndən və Möhübbətdən 3 min manat borc pul istədi. Dedi ki, qumarda uduzub. Mənə deyirdi ki, Gürcüstanda keçirilən poker yarışında 7-ci yeri tutub. Bu işdə bir dostu ifadə verdi, guya Rəşad ondan borc alıb mənə verib. Həmin şəxs özü qanunsuz qumarxana saxladığına görə həbsdədir".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »