Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“”Azərpoçt” kimi dövlət qurumlarının MMC-yə çevrilməsi hüquqa ziddir”

Fərhad Mehdiyev: “Dövlət qurumları əhaliyə xidmət göstərir, MMC isə bizneslə məşğul olur”

Fazil Mustafa: “Nazirlər Kabineti tərəfindən bu kimi qərarlar veriləndə məsələyə ciddi diqqət yetirilməlidir”

Fazil Mustafa

“Dövlət müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilə bilməz. Ancaq özəlləşdirmək şərtilə Açıq Səhmdar Cəmiyyətə (ASC) çevirmək olar.

Yaxud da kiməsə satılar, o da istədiyi növ şirkətə çevirər. Özəlləşdirmək niyyəti yoxdursa, Qapalı Səhmdar Cəmiyyətə (QSC) çevirin, ya da adını qoyun "dövlət müəssisəsi".

Bunu Bizimyol.info saytına hüquqşünas-ekspert, professor Fərhad Mehdiyev deyib. O bildirib ki, dövlət müəssisələri ilə bağlı verilən bu cür qərarlar hüquqla ziddiyyət təşkil edir:

“Avropa ölkələri bizim bəzi dövlət qurumları ilə əməkdaşlıq edir. Onlar bunu heç cür başa düşmürlər ki, dövlət qurumu necə MMC ola bilər. Məsələn “Azərpoçt” necə MMC olur? Çünki dövlət müəssisəsini özəlləşdirmək niyyətləri varsa, onu ASC-yə çevirir, daha sonra səhmlərini birjada satırlar. Dövlət səhmdar cəmiyyət üzərində nəzarəti itirmək istəmirsə, səhmlərin 51 faizini özündə saxlaya, 49 faizini sata bilər. Yox, əgər tamamilə özəlləşdirmək istəyərsə, yenə də ASC edərək, səhmləri tam sata bilər. Əgər müəssisə kiçikdirsə və ASC-yə çevirməyinə dəymirsə, bu halda birbaşa auksionda sata bilər və alan şəxs də istədiyi idarəetmə formasını seçə bilər. Əgər dövlətin dövlət qurumunu özəlləşdirmək niyyəti yoxdursa, ən ideal variant ya QSC kimi, ya da dövlət müəssisəsi kimi saxlamaqdır”.

“MMC-nin yaradılmasında ictimai maraq olmalıdır”

Fərhad Mehdiyev bildirir ki, bəzən dövlət müəyyən bir sahədə rəqabəti canlandırmaq üçün bir müəssisənin yaradılmasını istəyə bilər:

“Məsələn, ölkədə o xidməti təmin edən, pulu, imkanı, yaxud marağı olan sahibkar yoxdursa, “Public Private Partnership” (dövlət xüsusi əməkdaşlıq) yaradılır. Dövlətin torpağında, dövlətin binasında şirkət yerləşərək, o işi qurur. Amma bu, özünəməxsus bir şirkət növüdür. Nə MMC, nə ASC, nə QSC, nə də dövlət müəssisəsi deyil. Müəyyən bir müddət üçün qurulan bu şirkətin konkret funksiyaları var ki, hansısa sahə üzrə rəqabəti və effektivliyi canlandırsın. Amma dövlət müəssisəsinin MMC edilməsi ağlabatan deyil. Çünki MMC-yə çevrilən dövlət qurumunun xüsusi idarəetmə forması yoxdur. Həmin MMC-nin təsisçisi hansısa nazirlik, komitə və digər dövlət qurumudur. Bu halda təsisçinin özü direktorluq edə bilmir. Təsisçi həm də direktordursa, bu qurumu kim yoxlayacaq? Tutaq ki, kimisə direktor təyin etdi, qanunda müşahidə şurasının olması da məcburi olçadığına görə, deməli təyin edilən direktora nəzarət edən olmayacaq. MMC-nin yaradılmasında ictimai maraq olmalıdır. Əgər bu ictimai maraq yoxdursa, dövlət MMC yaratmamlıdır”.

““Azərpoçt” kəndlərdə yeganə poçtdaşıyıcı xidmətdir”

Dövlətin bu formada MMC yaratmasının səbəbinə gəlincə, hüquqşünas bildirir ki bu, həmin qurumu tabelikdən çıxarmaq məsdəilə edilir.

“Məsələn, “Azərpoçt”da məqsəd bu idi ki, bu qurumu Nəqliyyat, Rabitə və yüksək Tüexnologiyalar Nazirliyinin (NRYTN) tabeliyindən çıxarsınlar və müstəqil formada fəaliyyət göstərsin. Halbuki bunu, başqa formada edə bilərdilər. Məsələn, nazirliklərin yanında müxtəlif qurumlar şəklində təşkilatlanma mövcuddur ki, ayrıca hüquqi şəxsdir, istəyəndə tabeçiliyi saxlayırlar, istəməyəndə saxlamırlar. Söhbət “Azərpoçt”dan gedirsə, əslində, publik hüquqi şəxs olmamalıdır. Amma nəzərə alsaq ki, “Azərpoçt” kəndlərdə yeganə poçtdaşıyıcı xidmətdir və inhisarçı fəaliyyət həyata keçirir, biz onu publik hüquqi şəxs kimi də təşkil edə bilərik. Çünki inhisarçı qaydada xidmət göstərilirsə və bu xidmət də zəruridirsə, bunu təşkilati formasına görə publik hüquq şəxs etmək mümkündür. Məsələn, əvvəl Bakı Telefon Rabitə İstehsalat Birliyi (BTRİB) vardı. Bu qurum artıq Bakıda kommunikasiya sahəsində demək olar ki, heç bir inhisarçı fəaliyyət göstərmədiyinə görə, hakimiyyət səlahiyyətləri yoxdur. Yəni müxtəlif müəssisələr var ki, onsuz da bu fəaliyyəti əhaliyə göstərirlər. “Azərpoçt” isə hələlik kəndlərdə yeganə poçtdaşıma xidmətidir”.

“Əhaliyə xidmət göstərən dövlət qurumlarını Mülki Məcəllənin tənzimləməsi altına salmaq mümkün deyil”

F.Mehdiyev yekun olaraq bildirir ki, hüquq iki yerə - publik hüquq və xüsusi hüquqa ayrılır: Dövlət hakimiyyət səlahiyyətlərini icra etdiyi üçün əsasən publik hüquqla fəaliyyət göstərir. MMC-lər isə mülki hüquqla tənzimlənən və rəqabət mühitində xeyir götürmək məqsədilə fəaliyyət göstərən qurumlardır. Başqa sözlə, dövlət qurumları əhaliyə xidmət göstərir, MMC isə bizneslə məşqul olur.

Əhaliyə xidmət göstərən dövlət qurumlarını Mülki Məcəllənin tənzimləməsi altına salmaq mümkün deyil”.

Fazil Mustafa: “Dövlət müəssisəsi heç bir halda MMC-yə çevrilə bilməz”

Bizimyol.info məsələ ilə bağlı deputat Fazil Mustafanın da fikirlərini öyrənib. Deputat da bildirir ki, dövlət müəssisəsi heç bir halda MMC-yə çevrilə bilməz:

“Çünki dövlət müəssisəi biznes fəaliyyəti ilə məşğul olmadığna görə, uzaqbaşı QSC ola bilər. Bu da mülki hüququn qaydalarına uyğun yaradılmalıdır. Amma dövlət müəssisənin MMC-yə çevrilməsi hüquq qaydalarına ziddir”.

Deputat vurğulayır ki, Nazirlər Kabineti tərəfindən bu kimi qərarlar veriləndə məsələyə ciddi diqqət yetirilməlidir” – deyə deputat bildirib.

"Azərpoçt" Dövlət Müəssisəsi Rabitə Nazirliyinin 23 sentyabr 1999-cu il tarixli 151 saylı əmri ilə yaradılıb. Müəssisə, "Azərpoçt" İstehsalat Birliyinin bazasında yaradılıb və onun hüquqi varisidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 31 avqust 2009-cu il tarixli 145 №-li əmri ilə “Azərpoçt” DM-nin təşkilatı-hüquq formasının dəyişdirilərək “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilib.

“Azərpoçt” MMC-nin nizamnaməsi 15 sentyabr 2009-cu il tarixində Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilib, Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 9900037711 saylı nömrəsi ilə qeydiyyatdan keçib.

Ölkədə poçt xidmətləri göstərən yeganə milli poçt operatoru olan “Azərpoçt” ənənəvi poçt xidmətləri, qeyri-ənənəvi xidmətlər (bank, sığorta və s.), maliyyə xidmətləri, elektron hökumət və elektron biznes xidmətləri həyata keçirir.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »