Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəbə münasibətimiz övladlarımızın taleyini həll edir

Ötən həftə intihar edən şagird Elina Hacıyevanın oxuduğu məktəbin direktoru Sevinc Abbasovaya qarşı cinayət işi açılması barədə xəbər yayıldı. Gözlənilən xəbər idi. Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Xeyli vaxtdır gündəmi tutmuş hadisə barədə hər kəs subyektiv fikirlərini və ya hüququn tövsiyyələrini bildirdi. Əksəriyyət, mən də daxil olmaqla mərhumun iki saat müddətində məktəbdə saxlanılaraq tibbi müdaxilə edilməsini təmin etmədiyi üçün məktəbin direktorunu günahlandırırıq. Video görüntüləri izlədikdən sonra hardasa bu fikirlərə görə özümü və həmfikirlərimi haqlı sayıram. Hətta burada təkcə işdən çıxarılanlar deyil, həmin anda xəbəri eşidib biganəlik göstərmiş bütün müəllim və şagirdləri də günahkar hesab etmək olar. Çünki əzablar içində çabalayan qızcığazı xilas etməyə cəhd etmək lazım idi. Bunun üçün sadəcə təcili tibbi yardım çağıracaq qədər vicdan gərəkirdi. Bir nəfər tibb işçilərini çağırsaydı, məktəb direktoru da fakt qarşısında qalacaqdı və bəlkə də Elinanı ölümdən xilas etmək mümkün olacaqdı.

Amma oradakılar vicdanı qorxuya qurban verdilər. Allahdan deyil, məktəb direktorundan qorxdular.

Orada müəmmalar çoxdur və prezidentin nəzarətə götürdüyü bu hadisəni hüquq-mühafizə orqanları, güman edək ki, ətraflı araşdıracaqlar. Yenə də, güman edək ki, hadisə yerinə gəlmiş icra başçısının “xanım” müavini də daxil olmaqla hər kəs layiqli cəzasını alacaq.

Amma mən hadisəyə bir başqa tərəfdən də baxmağı təklif edirəm.

Elinaların intihar zamanı deyil, çox əvvəldən öldüyünü düşünürəm. İllərdir onların ölümünü istisnasız bütün cəmiyyət hazırlayıb. Hər kəs bacardığı qədər. Cinayətdən susmaq laqeydliyinə qədər neçə sayda günah varsa, hamımızın üzərindədir.

İlk növbədə, həqarət, məzhəkə, rüşvətxor və sair obrazlar formalaşdırdığımız müəllimləri cəmiyyətdən incik saldıq. Özümüz xahiş-minnət rüşvət verdiyimiz müəllimə “rüşvətxor” dedik. Müqəddəs peşə sahiblərini adiləşdirdik. Sonra da onları ələ saldıq. Övladlarımız bu ruhda tərbiyə aldı. Gənclər məktəbdən çox əyləncə yerlərinə meyilləndilər. Tədrisin keyfiyyəti hər il bir pillə aşağı düşməyə başladı. Sonrası məlumdur...

Dövlət müəllimlərin maddi-texniki təminatını ödəmədi, əksinə, onları məmur saxtakarlığına yançı etdi. Biz də buna seyirçi qaldıq. Dövlətdən yalnız özümüz üçün istədik. Şəxsi güzəranımız üçün hər hansı bir tələb irəli sürməmişdən əvvəl cəmiyyətin formalaşmasında ən başlıca amil olan, bizə elm öyrədən müəllimlərin hüquqlarını önə çəkməliyik. Çünki ayrı-ayrılıqda hər bir fərdin, ümumilikdə, dövlətin də gələcəyi olan övladlarımıza onlar təhsil və tərbiyə verirlər. Nə qədər yaxamızı kənar çəksək də, o peşə sahiblərinin üzərimizdəki haqqını dana bilmərik. Əksinə, biz onlara borclu olduğumuzu münasibətimizlə sübut eməli idik. Hazırda yaşananlar isə tamamilə bunun əksidir.

Təbii ki, hər birimiz maddi təminatımızın ödənməsi üçün şəraitin imkan verdiyi qədər qazanmaq istəyirik. Bunun üçün iki, hətta daha çox işdə işləməyə də razıyıq. Amma yaddan çıxarırıq ki, hamı kimi müəllimlərin də maddi ehtiyacları var. Qaranlıq yollarda dolaşanlar bütün peşə sahəsində mövcuddur, bu danılmaz faktdır. Amma bu hamıya şamil edilməməlidir. Müəllim deyəndə gözümüzdə rüşvətxor obraz yaratmamalıyıq, əksinə gələcəyimizin fidanlarını yetişdirən rəğbətə layiq insan görməliyik.

Məktəbdə dərs keçməklə qazandığı pula ailəsini yaşada bilən müəllim, güman ki, ömrünü repetitorluqda çürütməz. Hər kəsin işindən əlavə də həyatı var. Qohum-qardaşı, dost-tanışı, övladı, nəvəsi, xeyri-şəri və daha nə qədər vaxt tələb edən ehtiyacları var. Məvaciblə dolana bilməyən müəllim bütün bunlardan imtina etməklə əlavə dərslər vermək məcburiyyətindədir. Təbii ki, insan iş prosesindən sonra normal dincəlmirsə, onun keyfiyyət göstəricisi enməyə meyillənir. Bu baxımdan günün 16 saatını şagidlərlə keçirən müəllimin dərs keyfiyyətinin aşağı düşməsi başa düşüləndir.

Burada ən vacib məsələ dövlətin təhsilə diqqətidir. Söhbət məktəbin daşlarını yonub ağartmaqdan getmir, insana, öyrədənə investisiya yatırmaqdan danışmaq lazımdır. Prosesin inkişafina təsir edən amilləri, dərsliklərin mükəmməlləşdirilməsi, texniki bazanın yaradılması, öyrədilməsi və s. amillərə xüsusi qayğı ilə yanaşılmalıdır.

Bəzi məktəblərdə adi elektron lövhələr yoxlamaya gəlmiş nazirlik inspektorlarına göstərməkdən başqa heç nəyə yaramır. Yəni işlədilməsinə icazə verilmir. Bu adi bir faktdır, amma çox şey deyir. Biz təhsil müəssisələrində özümüzü və gələcəyimizi aldatmaqla məşğuluq. Çünki təhsil sistemimiz bərbaddır. Bəlkə təhsil sistemsizliyimiz ifadəsi burada daha doğru olar.

Təhsil, maddi maraq, diqqət, zəhməti dəyərləndirmək - bunlar hamısı zəncir halqaları kimi biri-birinə bağlı, biri-digərindən asılı məsələlərdir. Biz müəllimə hörmət etmədikcə övladlarımız da on bir il, günün yarıdan çoxunu birgə keçirdiyi və ondan tələbləri (davranış və dərsini öyrənmək) olan insana sayğı ilə yanaşmayacaq.

Müəlliminə hörmət eməyən şagird, tələbə onun tədris etdiyi elmi də öyrənməyəcək. Bu gələcək deyil, günümüzün reallığıdır. Hazırda yaşadığımız, gələcəkdə daha acı nəticələr vəd edən faciəmizdir.

Biz övladlarımızı kənar təsirdən qorumaq istəyiriksə, onlara həqiqi məktəb qurmalıyıq. Onları elmə yönləndirək. Onlara elmin sirlərini öyrədənlərə hörmətlə yanaşmasının yolunu göstərək.

Yoxsa uşaqlarımızı qaranlıq çıxılmazlığa sürükləmək həsrəti ilə onları addım-addım izləyən “yönəldicilər”dən qoruna bilmərik. Biz Vətənimiz və övladlarımız üçün nəsə etmək istəyiriksə, bunu təhsillə edə bilərik. Uşaqlarımızı barlardan alıb, bilik olimpiadalarına yönləndirməliyik. Onda intihara da, laqeydliyə görə cəzaya da ehtiyac qalmayacaq.

Qadir MUSAOĞLU

Son xəbərlər
Bütün xəbərlər »