Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fədayə Laçına görə ittiham olunan polkovnik: “Məni şərəfsizə bənzətməsinlər”
Lənkərandan məhkəmədən Bakıya – istintaq təcridxanasına gətirilərkən qaçan dustaqlara qatarın pəncərəsini açmaq üçün lazım olan xüsusi açarı müğənni Fədayə Laçının çatdırdığı sübuta yetirildi. Bu hadisə ilə bağlı araşdırmalar həm də onu ortaya çıxartdı ki, Fədayə hər gün dəfələrlə mobil telefonla qaçan dustaqlardan biri, sevgi münasibətində olduğu Etibar Məmmədovla telefonla danışıb. İstər Bakı istintaq təcridxanasında, istərsə də Lənkərana məhkəməyə aparılarkən oradakı polis şöbələrinin müvəqqəti saxlanma yerlərində onunla görüşüb. Hətta “Qoca” ləqəbli Etibar Məmmədov qatarla aparılarkən şərait yaradılıb ki, müğənni də onunla birlikdə gedib-gəlsin.

Cinayət işinin materiallarında yazılıb ki, F.Laçının qatarda getməsinə Penitensiar Xidmətin konvoy taborunun sabiq komandiri, ədliyyə polkovniki Bəhruz Abdullayev göstəriş verib. İddia olunur ki, qatar yola düşməmişdən öncə müğənni B.Abdullayevə zəng edib, o da tabeliyində işləyən konvoylara şərait yaradılması barədə göstəriş verib.

Bizimyol.info xəbər verir ki, B.Abdullayev dustaqların qaçmasıyla əlaqədar 9 il azadlıqdan məhrum edilib. Amma bu gün Bakı Apellyasiya Məhkəməsində çıxış edən B.Abdullayev ittihamları qəbul etmədiyini deyib: “Məni mütəşəkkil dəstənin başçısı kimi təqdim ediblər. Bu da məni yandırır. Mən 21 il xidmətdə olmuşam. Vətənimə hər zaman sədaqətlə xidmət etmişəm. Şərəfimə, ləyaqətimə xəyanət etməmişəm”.

B.Abdullayev bildirib ki, “Qoca” ilə F.Laçının onunla görüşməsinə imkan yaratması, işçilərinə bu barədə göstəriş verməsi barədə ittihamda yazılanlar yalandır: “Əksinə, mənim Etibara qarşı həmişə kinim olub. O, 1998-ci ildə “maloletka”da yatanda 3 nəfərlə birləşib bizim əməkdaşımızı öldürüb. Elə bir cinayətkarın kiminləsə qanunsuz görüşməsinə, qaçmasına şərait yaratdığımı necə iddia eləmək olar? Mənliyimi, 21 illik namuslu xidmətimi ləkələmərəm. Komandır kimi, həbs edə bilərdilər, amma bu ittihamlarla yox. Məni rüşvətxora, şərəfsizə, ləyaqətsizə bənzətməsinlər. Mən dövlətimizə, prezidentimizə, komandirlərimə xəyanət etmərəm”.

Təqsirləndirilən ədliyyə polkovniki çıxışının sonunda baş verən hadisəyə görə prezidentdən və komandirlərindən üzr istəyib: “Mənim səhlənkarlığım olub. Səhlənkarlığım da odur ki, öz əməkdaşlarıma inanmışam. Baş verən hadisəyə görə məni bağışlayın”.

Dustaqlar E.Məmmədov və Ə.Ağami 2017-ci il oktyabrın 22-dən 23-nə keçən gecə Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya – istintaq təcridxanasına qaytarılarkən Biləcəri dəmiryol stansiyasında qatardan qaçıblar. Bu hadisə ilə əlaqədar 12 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Fədayə Laçına 5 il həbs cəzası verilib. Hadisə günü qatarda qarovul rəisi olmuş Ceyhun Səmədova və “Qoca”nın dostu Aqil Nəcəfova da 9 il həbs cəzası verilib. Qarovul rəisinin müavinləri Tural Poladxanov və Fuad Hacıyevə 8 il 6 ay, Məhəmməd Hacıyev, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov və Anar Əsgərova isə 7 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Bu hadisəyə görə həbs olunanlar arasında F.Laçından başqa bir qadın da var – Günay Atakişiyeva. “Qoca”nın tanışı olan G.Atakişiyeva da onunla təcridxanada, polis idarələrinin müvəqqəti saxlama yerlərində dəfələrlə görüşüblər, hətta Lənkərana qatarda aparılıb-gətirilərkən onunla birlikdə gedib-gəliblər. G.Atakişiyeva 6 il azadlıqdan məhrum edilib.

Hadisədən bir neçə gün sonra “Qoca” öldürülsə də, qaçan digər dustaq Əli Ağami özü könüllü təslim olub. O, bundan öncə “Qoca” və daha üç nəfərlə birlikdə qəsdən adam öldürməkdə təqsirləndirilirdi. Hadisədən əvvəl Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror ona və “Qoca”ya 19 il həbs cəzası istəmişdi. Hadisədən sonra məhkəmə ona elə bu qədər də cəza vermişdi. Onun həmin cəzası ilə qaçmasına görə təyin edilən cəza birləşdirilib və ona ümumilikdə 20 il azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilən Məhəmməd Hacıyev isə “Qoca” qaçandan sonra onu və G.Atakişiyevanı maşınında Qazaxa aparan taksi sürücüsüdür. Lakin Ağstafada maşının qarşısı kəsilərkən “Qoca” qaçmış, G.Atakişiyeva və sürücü saxlanmışdı.

Bizimyol.info

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
Son xəbərlər
Bütün xəbərlər »