Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya qlobal internet şəbəkəsindən ayrılır

Rusiyanın Dövlət Duması ikinci oxunuşda ölkədə internetin muxtar fəaliyyəti ilə bağlı qanun layihəsini təsdiqləyib. Prezident Vladimir Putin daha əvvəl bildirmişdi ki, Qərbin kəşfiyyat orqanları rusların sosial şəbəkələrdə yazdıqlarını oxuya bilməyəcəklər.

Bizimyol.info xəbər verir ki, deputatlardan 320-si qanun layihəsinin lehinə, 15-i isə əleyhinə səs verib. Qanun layihəsinin müəllifləri söhbətin suveren internetdən getdiyini bildiriblər.

Almaniyanın “Süddeutsche Zeitung” ("Zyuddoyçe Tsaytunq") qəzeti bununla bağlı məqalə hazırlayıb. Yazıda Rusiyada hakimiyyətin internetə maksimum nəzarət etmək istədiyi qeyd olunub.

Jurnalist Zilke Biqalke yazır: “İnquşetiyada Çeçenistanla yeni sərhədlərə etiraz üçün parlament qarşısında minlərlə adam toplaşmışdı. Çadırlar qurmuşdular. Beş dəqiqəlik dua üçün diz çökəndə onlara hüquq-mühafizə orqanlarının əməkdaşları da qoşulmuşdu. Qısa zamanda bu kadrlar yayıla bilərdi. İnsanlar İnquşetiyada foto və videoları sosial şəbəkələrə yükləyə bilmirdi. Provayderlər iki həftə regionda 3G və 4G xidmətlərini saxladılar. Çünki Rusiya hakimiyyəti belə istəyirdi”.

Jurnalistin fikrincə, rəsmi Moskva onda test addımı atdı. Bütün şəbəkəni söndürmək imkanını yoxlayırdılar. Buna baxmayaraq, mütəxəssislər qlobal internetdən tam ayrılmağı mümkünsüz sayır.

Qəzet yazır: “Layihə müəllifləri interneti tam nəzarətə götürməyə çalışır. Yalnız televizor olanda nəzarət asan idi. İndi Kreml bu qanun layihəsi ilə informasiya məkanını tam diqqətdə saxlamaq istəyir. Ola bilər ki, bütün ölkəni qlobal şəbəkədən ayırmayacaqlar, yalnız ayrı-ayrı regionlara senzura tətbiq olunacaq. Məsələn, İnquşetiya kimi. Onsuz da 2012-ci ildən hakimiyyət üçün arzuolunmaz saytları bloklayıblar. Ölkədə insanları sosial şəbəkələrdə yazdıqlarına görə həbs edə bilirdilər. Bundan sonra nəzarət daha aşkar hiss olunacaq”.

Son xəbərlər
Bütün xəbərlər »