Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Elina ilə bağlı yazılanları araşdırmaq istintaqın borcudur”
Hüquq elmləri doktoru Nazim Əliyev: “Cinayət işinin intiharla bağlı açılması o demək deyil ki, istintaqın gedişində əlavə cinayət faktları ortaya çıxmayacaq”

“Məktəbli qızın intihar etməsi hadisəsi ilə bağlı sosial şəbəkələrdə və mediada yayılan əlavə məlumatlar istintaq orqanı tərəfindən araşdırılmalı və hüquqi qiymət verilməlidir”.

Bunu Bizimnyol.info saytına açıqlamasında hüquq üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi Nazim Əliyev deyib.

Nazim Əliyev Nazim Əliyev

162 nömrəli tam orta məktəbin şagirdi olan Elinanın məktəbdə fiziki zora və mənəvi əzablara məruz qalması nəticəsində həyatına qəsd etməsi barədə məktub yazaraq dərman içdiyi, ardınca isə özünü 3-cü mərtəbədən atdığı bildirilir.

Valideynlərin iddiasına və yayılan videoya görə isə direktor təcili yardım çağırmaq əvəzinə, uşağa mənəvi işgəncə verərək, direktordan şikayəti olmadığını dedirtməyə çalışır və bunu videoya çəkir. Daha sonra xəstəxanaya aparılan Elinanın yanına buraılmaması barədə anası açıqlama verib. O qeyd edib ki, xəstəxanaya gələn direktor isə dərhal xəstənin yanına buraxılıb.

Anasının sözlərinə görə az sonra qızının dünyasını dəyişdiyi məlum olub və onlara uşağın süni tənəffüs aparatından ayırdıqları məlum olub.

Direktorun səsli mesajla uşağın pozğun ailənin uşağı olması barədə dedikləri də sosial şəbəkədə paylaşılıb. Yayılan daha bir məlumat Elinanın yuxarı sinif şagirdi tərəfindən döyülməsi barədədir. Bütün bu iddialarda yer alan əməllər isə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə səbəb olur.

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Sabiq prokurorluq əməkdaşı olan Nazim Əliyevin sözlərinə görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılması düzgün addımdır:

“Bu, fakt üzrə qaldırılmış cinayət işidir. Amma o demək deyil ki, istintaqın gedişində əlavə cinayət faktlarının ortaya çıxması mümkün deyil. İstintaq orqanı hadisə ilə bağlı bütün ehtimalları və faktları araşdırmalı, günahkar şəxslər müəyyən edilərsə, məsuliyyətə cəlb edilməlidir. KİV-də və sosial şəbəkələrdə bu məsələ ilə bağlı yazılan və səsləndirilən fikirləri də araşdırmaq da istintaqın vəzifə borcudur. Yəni, bu informasiyalarda qeyd olunan əməllər baş veribsə, burada cinayət məsuliyyəti yaradan hallar var. Amma hələlik istintaq getdiyi üçün, bu məsələlərə kənardan qiymət vermək mümkün deyil. Çünki bunların sübuta ehtiyacı var. Məsələn, xəstənin vaxtında xəstəxanaya çatdılrmaması “təhlükədə qoyma” maddəsi ilə məsuliyyət yaradır. Amma araşdırılmalıdır ki, bu əməllə ölüm arasında səbəbli əlaqə varmı? Yaxud da həkim izah verməlidir ki, valideyn uşağı yanına buraxılmayıbsa, buna səbəb nə idi? Ona görə də istintaq bütün bu suallara cavab tapmalıdır”.

Qeyd edək ki, 162 nömrəli tam orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı məsələnin Prezident İlham Əliyevin və xüsusilə də Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olması və araşdırılması üçün bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verilməsi barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açıqlama verib.

"Bu məsələnin ciddi şəkildə araşdırılmaması ilə bağlı fikirlərin əsası yoxdur. Burada söhbət məktəblinin və ailəsinin hüquqlarından gedir. Baş verən hadisə ilə bağlı indidən kimisə günahlandırmaq düzgün deyil. Azərbaycan demokratik dövlətdir. Azərbaycanda təbii ki, söz azadlığı var. Amma hadisə ilə bağlı düzgün olmayan məlumatları yaymaq hüquqları pozmaq deməkdir. Biz Azərbaycanda intihar hallarının azaldılması ilə bağlı Təhsil Nazirliyi ilə birlikdə maarifləndirici tədbirlər keçiririk. Necə olur ki, intihar həddinə çatan 8-ci sinif şagirdi ailəsindən dəstək almayıb? Düzdür, mən bu məsələdə heç kimi günahlandırmaq istəmirəm. Bu, istintaq araşdırmalarından sonra məlum olacaq. Bu cür məsələlərdə təkcə məktəbin, müəllimin deyil, valideynlərin də məsuliyyəti var", - H.Hüseynova bildirib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »