Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropadan qaytarılan azərbaycanlılar: Beynəlxalq Sazişlər və təcrübə
Əlövsət Əliyev: “Geri qaytarılan şəxsin hüquqi cəhətdən məsuliyyəti yoxdur”

“Sığınacaq istəyən hər kəsə “siyası mühacir” demək düzgün deyil”

Ötən gün 10-a yaxın azərbaycanlı ailə Almaniyanın Düsseldorf hava limanından Azərbaycana deportasiya edilib. Bizimyol.info xəbər verir ki, bu barədə Almaniyada fəaliyyət göstərən “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat yayıb.

“Deportasiyası nəzərdə tutulanlar Almaniyada müvəqqəti yaşamaq üçün müraciət edən və müraciəti rədd olunan, barələrində olan məhkəmə araşdırmaları isə başa çatan şəxslərdir. Əldə etdiyimiz məlumata görə onlardan 12 nəfəri readmissiya sazişinin tələblərinə uyğun qaytarılan şəxslərdir”.

“Xaricdə yaşayanların hec 3-4 faizi konsulluq qeydiyyatına dayanmırlar”

Bizimyol.info bu sahədə olan problemlər və beynəlxalq qanunvericiliklə bağlı araşdırma aparıb. “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev Bizimyol.info saytına açıqlamasında deyib ki, son illərdə Azərbaycandan Almaniya və digər ölkələrə mühacirət edənlərin statistikası aparılmır. O bildirir ki, bu, cox ciddi problemlərdən biridir:

“Azərbaycan xaricə gedən və xaricdə məskunlaşan həmvətənlıərimizin qeydiyyatını aparmağa maraqlı deyil. Ona görə də miqrasiya ilə baglı qeydiyyat aparılımır. İstər daxili mirasiya , istərsə də xarici miqrasiya prosesləri tənzimlənmir. Əhalinin 48 faizinə qədəri rayonlarda qeydiyyatda olduqları halda, az qala 70-75 faizi faktiki Bakıda yaşayır. Lakin statistik rəqəmlərdə belə deyil. Xaricdə məskunlaşan soydaşlarımızın da qeydiyyatı aparılmır və xaricdə məskunlaşan həmvətənlərimiz haqqında da dəqiqləşdirilmiş rəqəmlər mövcud deyil. Konsulluq qeydiyyatı haqqında qanunun olmasına baxmayaraq xaricdə yaşayanların hec 3-4 faizi konsulluq qeydiyyatına dayanmırlar. Konsulluq qeydiyyatı olmadan isə xaricdə yaşayanlar haqqında dəqiq statistik məlumat almaq mümkun deyil. Bununla baglı biz dəfələrlə müvafiq orqanlara müraciət etsək də, hələlik bir yenilik yoxdur”.

“Şəxsin dinləmə zamanı verdiyi ifadəyə görə qaytarıldığı ölkədə təqib olunması ağlabatan deyil”

Geri qaytarılan şəxslərin Azərbaycanda həbs və ya digər təhlükələrlə üzləşməsi barədə məlumatlar olub-olmamasına gəlincə, Ə.Əliyev bildirir ki, şəxsin xaricdə sığınacaq ücün müraciət etdiyi ölkə onun verdiyi ifadəni vətəndaşı olduğu ölkəyə göndərmir və göndərə də bilməz:

“Bu, müsahibə alan məmurala status ücün müraciət edən şəxs arasında olan məsələdir. Sonradan məhkəmə proseslərinə ehtiyac olmazsa, heç hakimlər də bu barədə məlumatlı olmur. Bu mənada, şəxsin dinləmə zamanı verdiyi ifadəyə görə ölkədə təqib olunması ağlabatan deyil. Bəzən ehtiyatsılıq nəticəsində belə halların olması mümkündür. Geri qayidanlar arasında siyasi fəalların olması və ya xaricdəki fəaliyyətinə görə saxlanması və ya həbs olunması hallarına gəldikdə isə bu hallar mümkündür və buna kifayət qədər misal götərmək olar”.

“Sığınacaq almaq ücün tələb olunan 5 şərtdən yalnız biri siyasi fəaliyyətlə bağlıdır”

Əlövsət Əliyev onu da bildirir ki, “siyasi mühacir” kimi başqa ölkədən sığınacaq istəyən, lakin geri qaytarılan şəxsin hüquqi cəhətdən məsuliyyəti yoxdur:

“Hər kəsin vətəndaşı olduğu ölkəni tərk etmək, başqa ölkədə yaşamaq ücün müraciət etmək hüququ var. Sığınacaq ücün müraciət etmək ücün mütləq təqib şərt deyil. Şəxsin təqib olunmasına əsaslı ehtimalın olması da onun sığınacaq ücün müraciət etməsinə əsas ola bilər. Həm də “siyası mühacir“ kimi ifadə qanunda əks olunmayıb. 1951-ci il Konvensiyasına görə vətəndaşı olduğu ölkədən kənarda olan, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və ya qayıtmaq istəməyən şəxs qacqın hesab edilə bilər. Göründüyü kimi, sığınacaq almaq ücün tələb olunan 5 şərtdən yalnız biri siyasi fəaliyyətlə bağlıdır. Ona görə də sığınacaq istəyən hər kəsə “siyası mühacir” demək düzgün deyil”.

“Üzvlük bileti vermək niyə saxta sənəd vermək anlamına gəlməlidir?”

Bəzi siyasi partiyaların saxta sənəd verərək “mühacir alveri” etdikləri, hətta bununla bağlı cinayət işinin olduğu barədə açıqlamalar var. Son günlərdə bu məsələ yenidən aktuallaşıb. Məsələ ilə bağlı Əlövsət Əliyev bildirir ki, siyasi partiya varsa, şəxs də həmin partiyanın üzvüdürsə, partiya niyə saxta sənəd verməlidir?

“Üzvlük bileti vermək niyə saxta sənəd vermək anlamına gəlməlidir? Hər bir partiya öz üzvünü müdafiə etməlidir, onu müvafiq sənədlərlə təmin etməlidir. Partiya rəhbərliyinin üzvü olmayan birinə sənəd verməsi də ağlabatan deyil. Sənədin saxtalaşdırılması, arxa tarixə üzvlük biletlərinin verilməsi, fəal olmayan üzvə şəxsin fəallığını təsdiq edən sənədlərin verilməsi halları ola bilər. İnsanlarin kütləvi olaraq hansısa partiyaya üzv yazılması şübhəli hesab edilə bilər və qərarların qəbul edilməsinə mənfi təsir göstərə bilər. Mən Almaniyada hec bir siyasi partiyanı təmsil etmirəm. Eyni zamanda, xaricdə siyasi partiyaların təşkilatlanmasının əleyhinəyəm və bunu dəfələrlə bildirmişəm. Bu, diaspora işinə, soydaşlarımızın və həmvətənlərimizin təşkilatlanmasına ciddi ziyan vurur”.

“Avropa İttifaqı və Azərbaycan yeni həlledici mərhələyə qədəm qoyulur”

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanacaq tərəfdaşlıq sazişinin bu kimi məsələlərə təsirinə gəlincə, ekspert bildirir ki, Aİ və Azərbaycan yeni həlledici mərhələyə qədəm qoyulur. “Yeni saziş həm Avropa İttifaqı, həm də Azərbaycan vətəndaşları üçün faydalı olamalıdır. Xüsusilə də vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının genişləndirilməsi, ifadə və media azadlıqlarında məhdudiyyətlərin aradan qaldırılması, Azərbaycanda insan hüquqları və fundamental azadlıqlar sahəsində irəliləyişin olmasına yardım edə bilər. Demokratiyanın gücləndirilməsi, qanunun aliliyinin, insan hüquqlarının və fundamental azadlıqların müdafiəsinin gücləndirilməsi, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, məhkəmə, azadlıq və təhlükəsizlik sahələrində, o cümlədən sərhəd işində əməkdaşlığın dərinləşməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə Avropanin əsas hədəflərindən hesab olunur.

Saziş, eyni yamanda siyasi dialoq, insan hüquqları, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur və Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfləyir.

Bildiyiniz kimi Aİ-yə üzv ölkələrlə Azərbaycan arasında readmissiya ilə bağlı aparılan uzunmüddətli danışıqlar ən nəhayət 28 fevral 2014-cü ildə sazişin imzalanması ilə nəticələndi.

Readmissiya – dövlət tərəfindən digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni olan şəxslərin (öz vətəndaşları, onun ərazisi vasitəsilə təyinat ölkəsinə daxil olan üçüncü ölkə vətəndaşları və ya onun ərazisində daimi qeydiyyatda olan vətəndaşlığı olmayan şəxslər) geri qəbul edilməsidir. Hesab edirik ki, yeni sazişdən sonra bu mövzu da aktuallaşacaq və Avropa İttifaqına üzv olan ölkələrdən hər il 200 – 250 nəfərin Azərbaycana, 300-350 nəfər şəxsin isə Azərbaycandan öz ölkəsinə qaytarılmasına nail olunacaqdir.

Sazişə görə, qanunsuz və ya sənədsiz və yaxud etibarsız sənədlə yaşayan miqrant müəyyən edildiyi zaman dövlət orqanı ilk növbədə həmin şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün tədbirlər görür. Belə ki, müvafiq dövlətlərə sorğular göndərir, Azərbaycan vətəndaşı olmasını iddia edən şəxsin həqiqətən bu ölkənin vətəndaşı olub-olmamağı dəqiqləşdirilir. Bizdə olan məlumata görə Aİ üzv olan dövlətlərdən hər il Azərbaycana 600 nəfərdən çox şəxs haqqında sorğular (təkrar sorğular da daxil olmaqla) daxil olur. Şəxsin vətəndaşlığı dəqiqləşdirildikdən sonra bir qayda olaraq onun məskunlaşdığı ölkədə olan Azərbaycan səfirliyindən qayıdış şəhadətnaməsi alındıqdan sonra həmin şəxslərin ölkəyə qayidişı təmin olunur.

Readmisiya sazişlərinin normal icrası üçün bir qayda olaraq dövlətlər qayıdışın təmin olunması üçün qayıdış proqramları hazırlayırlar. Qayıdışla bağlı proqramın məqsədi əcnəbilərin təyinat ölkəsinə könüllü qayıdışının təmin olunmasını, bu işdə hökümətin və qeyri-hökumət təşkilatlarının rolu və mexanizmləri dəqiqləşdirməkdir”.

Ölkədən çıxarılmanın yolları

Bizimyol.info miqrantların Azərbaycana qaytarılması qaydaları ilə bağlı da araşdırma aparıb. Beynəlxalq sazişlərə görə, miqrantlar könüllü, readmissiya qaydasında və deportasiya yolu ilə Azərbaycana qaytarıla bilər.

Azərbaycanda 2016-cı ilin dekabr ayının 8-də “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişi” imzalanıb.

Sazişə əsasən Azərbaycanda qeyri-qanuni yaşayan və sığınacaqla bağlı müraciətlərinə imtina verilən miqrantların könüllü qayıdışı ilə bağlı onların uçuş biletlərinin alınması, qayıdış şəhadətnamələri ilə təmin olunmalarına köməklik göstərilməsi, həmçinin müəyyən hallarda qayıdacağı ölkədə dayanıqlı qayıdışının təmin olunması məqsədilə dəstəyin göstərilməsi və s. işlər həyata keçirilir. Bu işləri Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirir.

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında” sazişi isə 2014-cü ildə təsdiqlənib. Azərbaycan Respublikası Avropa İttifaqı ilə saziş 25 dövləti əhatə edir, həmçinin Norveç Krallığı, İsveçrə Konfederasiyası və Monteneqro ilə readmissiya sazişləri imzalayıb. Pakistan, Gürcüstan və s. dövlətlərlə imzalanması nəzərdə tutulan readmissiya saziş layihələri də artıq hazırlanıb.

Readmissiya razılığa gələn tərəflərin ərazisinə daxil olma, qalma və ya yaşama şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən şəxsin həmin ölkə tərəfindən ötürülməsi və vətəndaşı olduğu və ya daimi yaşadığı ölkə tərəfindən geri qəbulu deməkdir. Yəni ölkəsindən hansısa bir səbəblə bağlı digər ölkəyə gedən, amma orada leqallaşa bilməyən, həmin ölkənin miqrasiya qanunvericiliyini pozan şəxslərin öz ölkəsinə geri qaytarılmasına readmissiya deyilir. Readmissiya getdiyi ölkənin qanunlarına əməl edən, orada yaşama hüququ alan, leqallaşan şəxslərə aid deyil.

Readmissiya sazişinə əsasən readmissiya və tranzit əməliyyatlarından irəli gələn sonuncu təyinat dövlətinin sərhədinə qədər bütün nəqliyyat xərcləri şəxsi göndərən ölkə tərəfindən ödənilir.

Qaytarılan şəxslərə qaşrı Azərbaycanda təzyiq ola bilərmi?

Readmissiya sazişlərinə əsasən, ölkəyə qaytarılanları Azərbaycanda hər hansı bir təzyiq və ya təqib halalrının baş verməsi yolverilməzdir. Həmçinin bu kimi halların baş verməməsi üçün beynəlxalq təşkilatlar, əsasən Beynəlxalq Miqrasiya Təşkilatı həmin şəxslər ölkəyə qayıtdıqdan sonra onlarla əlaqədə olmalıdır.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) Readmissiya məsələləri İdarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Nazim Turabov Report-a bildirib ki, onlar da qurum olaraq həmin şəxslərlə mütəmadi əlaqə saxlayır:

“İndiyə kimi readmissiya olunan hər hansı bir şəxsə qarşı təzyiq və təqib halı olmayıb. Qanuni formada da o şəxslər üçün heç bir məhdudiyyət yoxdur. Ölkəyə qayıdan şəxs Azərbaycan vətəndaşıdır hər kəsə şamil olunan bütün məsələlər ona da şamil edilir. Hətta onların ölkədə yenidən adaptasiya olunması üçün müəyyən işlər görülür, onlara müəyyən mənada həssas qrup kimi yanaşılır və dəstək verilir” – deyə N.Turabov bildirib.

Azərbaycan Readmissiya sazişinə 2014-cü ildən qoşulub. 2014-cü ildə 3 nəfər, 2015-ci ildə bu rəqəm 70, 2016-cı ildə 123, 2017-ci ildə 313, 2018-ci ildə isə 400 nəfərədək şəxs readmissiya edilib və ümumilikdə 1000 nəfərədək ölkəyə qayıdıb.

Qaytarılan şəxslərlə bağlı hansı tədbirlər görülməsi barədə DMX rəsmisi deyib ki, həmin şəxslər hava limanında qarşılanır, ehtiyaclarının olması, onları göndərən ölkələr tərəfindən hüquqlarının pozulub-pozulmaması, sağlamlıq vəziyyətləri və s. məsələləri əhatə edən sorğu keçirilir.

Deportasiya – şəxslərin məcburi qaydada göndərilməsidir

Deportasiya (latın dilində deportatio - qovulma, sürgün deməkdir) isə könüllü qayıdışla göndərilməsi baş tutmayan şəxslərin məcburi qaydada göndərilməsidir. Lakin məcburi qaytarma insan hüquq və azadlıqlarına zidd olmadan həyata keçirilməlidir.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »